Avqustun 25-dən etibarən Qazaxıstanda səkilərdə və piyada yollarında elektrik skuterlərinin hərəkəti qadağan edilib.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, bundan sonra elektrik skuter sürücüləri velosiped yolları və ya zolaqları ilə hərəkət etməlidirlər. Bunlar olmadıqda, yolun sağ kənarı ilə hərəkət etməyə icazə verilir.
Yolun hərəkətli hissəsinə yalnız 18 yaşdan yuxarı, sürücülük vəsiqəsi olan şəxslər çıxa bilərlər. Onlar həmçinin qoruyucu dəbilqə taxmalı, qaranlıq vaxtı isə işıq əksetdirmə elementlərindən istifadə etməlidirlər.
Yol piyada keçidi ilə kəsişdiyi zaman skuterdən düşmək və onu yanında aparmaq tələb olunur. Sərnişin daşımaq və sükanı tutmadan telefondan istifadə etmək də qadağandır.
Səkidə skuter sürməyə görə 8 650 təngə məbləğində cərimə nəzərdə tutulur.
Qazaxıstan Baş Prokurorluğunun məlumatına görə, ilin əvvəlindən elektrik skuterlərinin sürücülərinin səhvlərinə görə 47 yol-nəqliyyat hadisəsi baş verib. Bundan əlavə, skuterlərlə bağlı 145 toqquşma hadisəsi qeydə alınıb.