Suriya ABŞ-ın ölkəni “Terrorizmi dəstəkləyən dövlətlər” siyahısından çıxarması ilə bağlı qərarını alqışlayıb. Suriya Prezidenti Əhməd əl-Şara bu addımı “tarixi qərar” adlandıraraq, onun 14 illik vətəndaş müharibəsindən sonra ölkənin bərpasına və yenidən qurulmasına kömək edəcəyini bildirib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ Suriyanı “Terrorizmi dəstəkləyən dövlətlər” siyahısından çıxarıb. Qərar ABŞ Prezidenti Donald Trampın iyulun 8-də Konqresə bu statusun ləğvi ilə bağlı niyyətini rəsmi şəkildə bildirməsindən sonra başlayan 45 günlük Konqres baxış prosesinin başa çatmasının ardından bazar ertəsi qüvvəyə minib.
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, bu addım Əhməd əl-Şaranın “Suriyanı beynəlxalq terrorizm fəaliyyətlərindən tamamilə uzaqlaşdırmaq” istiqamətində atdığı müsbət addımların və gələcək öhdəliklərinin qiymətləndirilməsi məqsədi daşıyır.
Əhməd əl-Şara "X" sosial şəbəkəsində paylaşdığı açıqlamada qərarı alqışlayıb. ABŞ Prezidenti Donald Trampa təşəkkür edən Şara Suriyanın “ağrılı keçmişindən bir səhifə çevirərək inkişaf, yenidənqurma və quruculuq mərhələsinə qədəm qoyduğunu” bildirib.