”Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri çərçivəsində mətbuata verdiyi bəyanat Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyəsini, əldə olunan mühüm nəticələri və qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəfləri bir daha aydın şəkildə ortaya qoydu”.
Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Özbəkistanın bu gün sürətli inkişaf və böyük dəyişikliklər mərhələsindən keçməsi, Daşkəndin müasir və dinamik şəhərə çevrilməsi Prezident Şavkat Mirziyoyevin həyata keçirdiyi islahatların və uzaqgörən siyasətin nəticəsidir:
”Cənab Prezident İlham Əliyevin Özbəkistanın inkişafını xüsusi qeyd etməsi iki dövlət başçısı arasında səmimi münasibətlərin, qarşılıqlı hörmətin və qardaşlıq bağlarının mühüm göstəricisidir.
Azərbaycan və Özbəkistan arasında münasibətlər artıq yalnız dostluq və tarixi qardaşlıq çərçivəsində deyil, konkret layihələr və qarşılıqlı faydalı əməkdaşlıq üzərində inkişaf edir. Ticarət dövriyyəsinin bir milyard dollara çatdırılması ilə bağlı qarşıya qoyulan hədəf, enerji, nəqliyyat, investisiya, sənaye, kənd təsərrüfatı, turizm və digər sahələrdə həyata keçirilən layihələr əməkdaşlığımızın böyük potensiala malik olduğunu göstərir.
Mən xüsusilə hesab edirəm ki, Azərbaycan-Özbəkistan münasibətlərinin gücü yalnız iqtisadi göstəricilərlə ölçülə bilməz. Bu münasibətlərin arxasında ortaq tarix, mədəniyyət, milli-mənəvi dəyərlər və xalqlarımız arasında əsrlər boyu formalaşmış qardaşlıq dayanır. Məhz bu möhkəm təməl ölkələrimizin həm ikitərəfli, həm də Türk dünyası çərçivəsində daha sıx əməkdaşlığı üçün geniş imkanlar yaradır.
Özbəkistanın Azərbaycanın Qarabağda apardığı böyük quruculuq prosesində iştirakı isə qardaşlığımızın ən gözəl nümunələrindəndir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası, Xankəndidə tikiş fabrikinin yaradılmasına investisiya qoyulması və digər layihələr Özbəkistanın Azərbaycanın haqq işinə və quruculuq prosesinə verdiyi səmimi dəstəyin ifadəsidir. Bu dəstək xalqlarımız arasında dostluğun siyasi münasibətlərdən daha böyük və daha dərin mənəvi əsaslara söykəndiyini göstərir.
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi də münasibətlərimizin xüsusi xarakterini təsdiqləyir. Həmçinin iki dövlət başçısının ali dövlət təltiflərinə layiq görülməsi Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında yüksək qarşılıqlı ehtiramın, eyni zamanda Azərbaycan və Özbəkistan xalqları arasındakı sarsılmaz dostluğun rəmzidir.
Səfər çərçivəsində imzalanan sənədlər və əldə olunan razılaşmalar qarşıdakı illərdə əməkdaşlığımızın daha da genişlənməsi üçün mühüm hüquqi və praktiki baza yaradır. Qarşıya qoyulan yeni hədəflər göstərir ki, Azərbaycan və Özbəkistan bundan sonra da birgə layihələrə, yeni investisiyalara və yeni təşəbbüslərə imza atacaq.
Bu gün Azərbaycan və Özbəkistan təkcə iki qardaş dövlət kimi deyil, regionun inkişafına və Türk dünyasının güclənməsinə mühüm töhfə verən strateji tərəfdaşlar kimi çıxış edirlər. Nəqliyyat dəhlizlərinin inkişafı, iqtisadi əlaqələrin genişlənməsi, enerji və investisiya layihələri ölkələrimizin qarşılıqlı imkanlarını daha da artırır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan-Özbəkistan münasibətlərinin həm mənəvi, həm də maddi baxımdan çox möhkəm təməli var. Bu möhkəm təməl üzərində qurulan əməkdaşlıq bundan sonra da yeni uğurlarla zənginləşəcək, xalqlarımızın rifahına və Türk dünyasının daha da güclənməsinə xidmət edəcək.
Cənab Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan-Özbəkistan qardaşlığının yeni inkişaf mərhələsinin mühüm göstəricisi kimi tarixə düşəcək. Əminəm ki, qarşıdakı illərdə bu qardaşlıq daha böyük layihələr, daha geniş əməkdaşlıq və daha möhtəşəm nəticələrlə özünü göstərəcək”.