Hansı qidalar əti əvəzləyə bilər? - MÜTƏXƏSSİS AÇIQLADI

24 Avqust 2026 16:48 (UTC+04:00)

Ət zülal, dəmir və B12 vitamini kimi vacib qida maddələrinin əsas mənbələrindən biri hesab olunur.

Lakin son illərdə sağlam qidalanma, iqtisadi səbəblər və vegetarian qidalanmaya marağın artması fonunda "Əti başqa qidalar əvəz edə bilərmi?" sualı daha çox müzakirə olunur.

Bəs, ətin təmin etdiyi qida dəyərlərini hansı məhsullardan almaq mümkündür və bu əvəzləmə hər kəs üçün uyğundurmu?

Məsələ ilə bağlı qida mütəxəssisi Asim Vəliyev SİA-ya açıqlamasında bildirib ki, tək bir qida ətin bütün bioloji üstünlüklərini vermir:

“Ət əsasən yüksək keyfiyyətli zülal mənbəyi sayılır. Zülallar amin turşularından ibarətdir və insan orqanizmi onların 20 növündən istifadə edir. Bu amin turşularının 9-u əvəzolunmaz hesab olunur. Yəni orqanizm onları özü sintez edə bilmir və qida ilə qəbul etməlidir.

Heyvan mənşəli zülallar adətən bu 9 amin turşusunun hamısını uyğun nisbətdə ehtiva edir. Bitki mənşəli zülallarda isə bəzən bir, bəzən neçə amin turşusu kifayət qədər olmur. Buna görə ət istehlakını azaltmaq istəyən insanlarda qida müxtəlifliyi vacibdir.

Ən praktik yanaşmalardan biri paxlalıları taxıllarla birlikdə istifadə etməkdir. Mərci ilə düyü, noxudla bulqur, ya lobya ilə tam taxıllı məhsullar bir-birini tamamlayır. Ayrı-ayrılıqda zəif olan amin turşuları birlikdə daha balanslı zülal profili yaradır.

Burada bir məqam da var. Bitki mənşəli dəmirin sorulması heyvan mənşəli dəmirlə müqayisədə daha zəif olur. Ona görə paxlalı yeməklərlə birlikdə C vitamini mənbələrinin istifadəsi faydalıdır. Limon, pomidor, bibər və ya göyərti dəmirin mənimsənilməsini müəyyən qədər artırır.

Ət yeməyən insanlarda ən çox diqqət edilən mövzulardan biri B12 vitaminidir. Bu vitamin bitki mənşəli qidalarda praktik olaraq yoxdur. Ona görə uzun müddət heyvan mənşəli qidalardan uzaq duran insanlarda B12 çatışmazlığı riski artır.

Bundan başqa, dəmir və sink çatışmazlığı da mümkündür. Xüsusilə yorğunluq, halsızlıq, saç tökülməsi, anemiya kimi hallar müşahidə oluna bilər. Bunu yalnız stress, yorğun həyat tərzi ilə əlaqələndirmək düzgün olmaz. Bəzən məsələ qida balansında olur.

Göbələk dad və tekstura baxımından əti xatırlada bilər. Bu səbəbdən bir çox reseptdə ət əvəzi kimi təqdim olunur. Amma qida dəyəri baxımından eyni deyil. Zülal miqdarı ətlə müqayisədə xeyli aşağıdır. Göbələyi daha çox yeməyin həcmini artırmaq, dad qatmaq, qiyməyə əlavə etmək üçün istifadə etmək daha məntiqli yanaşmadır. Onu tam zülal mənbəyi kimi yox, köməkçi komponent kimi düşünmək ən düzgün yanaşmadır.

Bioloji dəyərinə görə mərci, noxud, lobya, xüsusilə soya daha yaxşı alternativlər hesab olunur. Paxlalılar həm zülal, həm də lif və maqnezium mənbəyidir. Soya isə bitki aləmində nadir tam zülal mənbələrindən biridir.

Amma burada da məsələ təkcə əti çıxarmaq deyil. Əsas məsələ balanslı rasion qurmaqdır. Hamilə qadınlarda, inkişaf dövründə olan uşaqlarda, yaşlı insanlarda ət zülalının rasiondan çıxarılması daha diqqətli yanaşma tələb edir. Belə hallarda qərar fərdi vəziyyətə uyğun verilməlidir. Lazım gəldikdə laborator analizlər və həkim nəzarəti nəzərə alınmalıdır".