"Azərbaycan–Özbəkistan münasibətləri artan templə inkişaf edir" - İQTİSADÇI

24 Avqust 2026 16:19 (UTC+04:00)

"Son illərdə Azərbaycan ilə Özbəkistan arasında qarşılıqlı əlaqələr artan temp üzrə inkişaf edir". Bu sözləri SİA-ya İqtisadçı alim, Bakı Ali Neft Məktəbinin kafedra müdiri Altay İsmayılov deyib.

Onun sözlərinə görə, bu, qarşılıqlı səfərlərdə, dövlət komissiyalarının iclaslarında və digər sahələrdə əməkdaşlığın genişlənməsində özünü göstərir: "Xüsusilə son beş ildə dövlət başçıları səviyyəsində Özbəkistana artıq üçüncü səfərin həyata keçirilməsi münasibətlərin yüksək səviyyədə olduğunu göstərir. Bu müddət ərzində hökumətlərarası səviyyədə 15-ə yaxın görüş və iclas keçirilib, bir çox məsələlərlə bağlı mühüm qərarlar qəbul olunub.

Bu baxımdan, Azərbaycan–Özbəkistan münasibətləri həm siyasi, həm iqtisadi, həm də nəqliyyat sahələrində artan templə inkişaf edir. Bu dinamika xüsusilə iqtisadi əlaqələrdə özünü daha aydın göstərir. Ötən ilin göstəricilərinə nəzər salsaq, qarşılıqlı ticarət dövriyyəsinin artıq 800 milyon dollara yaxınlaşdığını görərik. Bu ilin ilk beş ayının göstəriciləri isə ticarət dövriyyəsində 33 faizlik artımın olduğunu göstərir.

İnvestisiya sahəsində də mühüm irəliləyişlər var. Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti 500 milyon dollarlıq kapitalla fəaliyyətə başlayıb və iki ölkə arasında qarşılıqlı investisiyaların artırılmasında mühüm rol oynayır. Hazırda Azərbaycan və Özbəkistanın iştirakı ilə yaradılmış birgə müəssisələrin sayı 300-ü ötüb. Eyni zamanda, Azərbaycanda Özbəkistan investisiyalı 130-dan çox şirkət qeydiyyatdan keçib. Bu prosesin gələcəkdə də artan templə davam edəcəyi gözlənilir.

Bundan əlavə, nəqliyyat sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar mövcuddur. Özbəkistanın dənizə çıxışının olmaması Azərbaycanı onun üçün Xəzər dənizi üzərindən Avropaya açılan mühüm nəqliyyat istiqamətlərindən birinə çevirir. Özbəkistandan Xəzər dənizi vasitəsilə Azərbaycana, buradan isə Gürcüstan, Türkiyə və Avropaya çıxış imkanlarının genişləndirilməsi hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. Gələcəkdə Özbəkistan–Azərbaycan–Türkiyə marşrutu üzrə tranzit imkanlarının daha da artırılması mümkündür.

Eyni zamanda, Özbəkistanın Çinlə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsi və Transəfqanıstan dəhlizinin yaradılması istiqamətində görülən işlər Azərbaycan üçün də mühüm əhəmiyyət daşıyır. Bu layihələr Orta Dəhlizin, eləcə də Trans-Xəzər marşrutunun daha geniş istifadə olunmasına və daşınan yüklərin həcminin artmasına imkan yarada bilər. Ötən il tranzit daşımalarında təxminən 6,7 faizlik artım qeydə alınıb və bu ilin ilk aylarında da müsbət dinamika davam edib.

İki ölkə arasında əldə olunan razılaşmalara əsasən, yaxın bir neçə il ərzində qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dolları keçməsi hədəflənir. Düşünürəm ki, bu hədəfə çatmaq üçün kifayət qədər potensial mövcuddur.

Azərbaycan baxımından diqqət yetirilməli əsas məsələlərdən biri isə qarşılıqlı ticarətin strukturudur. Hazırkı göstəricilərə əsasən, təxminən 795 milyon dollar təşkil edən ticarət dövriyyəsində Azərbaycanın ixracının payı cəmi 15 faiz civarındadır. Yəni ticarətin təxminən 85 faizi Özbəkistandan Azərbaycana idxalın payına düşür.

Azərbaycan üçün daha məqsədəuyğun olardı ki, Özbəkistan bazarına ixrac imkanları genişləndirilsin. Özbəkistan böyük və perspektivli bazardır və region bazarlarından təxminən üç dəfə böyük imkanlara malikdir. Buna görə də Azərbaycan həmin bazara daha çox diqqət yetirməli, ixracın artırılması üçün yeni imkanlar formalaşdırmalıdır.

Təbii ki, ixracın artırılması üçün həm Özbəkistan bazarının tələbləri nəzərə alınmalı, həm də Azərbaycanın həmin ölkəyə təqdim edə biləcəyi məhsul və xidmətlər üzrə rəqabət üstünlükləri müəyyənləşdirilməlidir. Hazırkı rəqəmlər göstərir ki, Özbəkistanda bir sıra məhsullar Azərbaycan bazarı ilə müqayisədə daha ucuz olduğundan, bu ölkədən Azərbaycana əhəmiyyətli həcmdə idxal həyata keçirilir. Bu məsələ Azərbaycan daxilində də istehsal və rəqabət qabiliyyətinin artırılması baxımından ciddi şəkildə nəzərdən keçirilməlidir.

Bundan başqa, ötən il Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış Yaşıl Dəhlizlə bağlı razılaşma da gələcək əməkdaşlıq üçün yeni imkanlar yarada bilər. Bu çərçivədə Trans-Xəzər istiqaməti ilə elektrik enerjisinin ötürülməsi, eləcə də bərpa olunan enerji mənbələrindən əldə edilən enerjinin nəqli məsələləri alternativ və perspektivli istiqamətlər kimi müzakirə oluna bilər.

Beləliklə, Azərbaycan–Özbəkistan münasibətlərində həm siyasi, həm iqtisadi, həm nəqliyyat, həm də enerji sahələrində geniş inkişaf potensialı mövcuddur. Qarşıdakı dövrdə bu imkanlardan daha səmərəli istifadə olunması iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə şərait yarada bilər".