Bir çox insan məzuniyyətdən qayıtdıqdan sonra özünü əvvəlkindən də yorğun hiss edir. Mütəxəssislər bildirirlər ki, bunun əsas səbəbi istirahət məkanının seçimi deyil, məzuniyyətin kifayət qədər uzun olmaması və işdən tam uzaqlaşa bilməməkdir.
Bəs psixoloji baxımdan ideal məzuniyyət nə qədər davam etməlidir?
Məsələ ilə bağlı psixoloq Nabat Mirzəyeva SİA-ya açıqlamasında bildirib ki, psixoloji baxımdan ideal məzuniyyət üçün, hamıya uyğun tək bir rəqəm yoxdur:
“Yəni biz hər kəsə ümumi bir rəqəm söyləyib deyə bilmərik ki, hər kəs bu müddət ərzində dincəlsə, artıq istirahət etmiş olacaq. Məzuniyyət hər kəs üçün eyni müddət demək deyil.
Amma burada əsas məsələ məzuniyyətin neçə gün olması qədər insanın həmin müddətdə işdən psixoloji olaraq uzaqlaşa bilməsidir. Çünki biz məzuniyyətdə olduğumuz vaxt beynən işdən uzaqlaşmırıqsa, istər-istəməz bu, beynin işdə, fiziki olaraq isə işdən uzaqda olduğu bir məzuniyyətə çevrilir.
Bir neçə günlük məzuniyyətdə insanın beyni hələ də iş rejimindən çıxa bilməyə bilər. İlk günlərdə insanın iş rejimindən istirahət rejiminə keçməsi vaxt tələb edir. Bir, iki, üç, dörd gün – bu, insandan insana dəyişir. Hər bir insan işdən uzaqlaşdığı ilk günlərdə hələ də iş rejimində qala bilər. Ona görə də iki-üç günlük fasilə bəzən fiziki olaraq işdən uzaqlaşmaq olsa da, psixoloji olaraq istirahət etməyə kifayət etmir.
Təxminən 7-14 günlük fasilə bir çox insan üçün daha rahat və bərpaedici ola bilər. Ancaq burada əsas məsələ məzuniyyətin keyfiyyətidir, müddəti deyil.
Yəni əgər biz məzuniyyətdə olduğumuz vaxt hələ də zənglərə cavab veririksə, tapşırıqları yerinə yetiririksə, e-maillərimizi yoxlayırıqsa, daim telefonumuzu nəzərdən keçiririksə, telefon vasitəsilə hər hansı sualları cavablandırırıqsa, “Qayıdanda bunu necə edəcəyəm, necə çatdıracağam, bu tapşırıqları necə yerinə yetirəcəyəm?” deyə düşünürüksə, bu halda istər-istəməz bədən işdən uzaq olsa da, beyin uzaq olmur.
Burada artıq biz fiziki olaraq uzaqlaşmış, ancaq şüur olaraq işləyən vəziyyətdəyik.
Bundan başqa, məzuniyyətin hamısını səyahətlə, tədbirlərlə, planlarla doldurmamalıyıq. Bu da bəzən insanı yorur. İstirahət etmək bir fəaliyyətdir və onun içində boş qalmağa, yatmağa, sakitliyə və plansız vaxta mütləq yer olmalıdır. Çünki bizim beynimiz və bədənimiz yataraq da, plansız olaraq da, heç yerə getməyərək də dincəlməlidir.
Çünki bu, beynimizin və bədənimizin bərpası üçün vacib nüansdır.
Psixoloji baxımdan məzuniyyətin bir neçə prinsipi var. Bunlardan ən önəmlisi işdən psixoloji və şüur olaraq ayrılmaq, fiziki olaraq da işdən uzaqlaşmaqdır. Yəni iş bildirişlərini və yazışmalarını mümkün qədər minimuma endirmək lazımdır. Mümkündürsə, telefonun istifadəsini də azaltmaq, bədənimizin bərpa olunmasına vaxt vermək lazımdır.
İlk günlərdə “nəsə etməliyəm” düşüncəsi ilə beynimizi doldurmamalıyıq. İşə qayıdışa gəldikdə isə məzuniyyətin son günlərində bütün işlərin üzərinə düşmək əvəzinə, qayıdışdan əvvəl iş planı hazırlamaq bu keçidi asanlaşdıra bilər.
Bir sözlə, məzuniyyət insanın işdən uzaqlaşdığı günlərin sayı deyil, beynin emosional olaraq işdən uzaqlaşdığını bildiyi və hiss etdiyi müddətdir. Telefon əlimizdə, fikrimiz işdədirsə, ən gözəl məkanda, istirahətdə, kurort yerində belə olsaq, bu, məzuniyyətdə olmaq sayılmır”.