Altı silahlı pirat Yəmən sahillərində İranla əlaqəli Sibu 1 neft tankerini ələ keçirib və onu Somaliyə yönəldiblər. Reuters bu barədə dünən Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları Ofisinə (UKMTO) istinadən məlumat yayıb.
Gəmi Eritreya bayrağı altında üzən kimi qeydə alınıb və 2025-ci ilin dekabr ayından bəri ABŞ sanksiyalarına məruz qalıb. Tanker sanksiyalara zidd olaraq İran neft məhsullarını daşıyan "kölgə donanması"nın bir hissəsidir.
Sibu 1, bu il Somali sahillərində və ya Ədən körfəzində hücuma məruz qalan ən azı 13-cü gəmidir. 2025-ci ildə bu ərazidə yalnız beş belə hücum qeydə alınıb.
Ekspertlər piratların geri qayıtmasını İrana qarşı müharibə ilə əlaqələndirirlər. Neft qiymətlərinin artması tankerləri daha cəlbedici hədəfə çevirib və bəzi dəniz qüvvələri piratlığa qarşı missiyalardan Hörmüz boğazına və Qırmızı dənizə köçürülüb.
Bəzi ekspertlər həmçinin Somali piratlarının Yəmən husiləri ilə əməkdaşlıq edə biləcəyini ehtimal edirlər. Onlar deyirlər ki, Yəmən sahillərində bir neçə gəminin ələ keçirilməsi buna sübutdur.
"Piratlıq həmişə sadəcə məhdudlaşdırılıb. O, heç vaxt tamamilə aradan qaldırılmayıb", Pretoriyadakı Təhlükəsizlik Tədqiqatları İnstitutunun baş tədqiqatçısı Timoti Uoker bildirib.
İyul ayında silahlı şəxslər Yəmənin cənub sahillərindəki Ədən körfəzində Asana kimyəvi tankerinə minərək gəmini nəzarətə götürüblər.
May ayında isə Somali piratları Ədən körfəzində, Qana limanı yaxınlığında Toqo bayrağı altında üzən MT Eureka tankerini ələ keçiriblər. Gəmi Somaliyə gedirdi.
VƏLİ