“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Daşkənd səfərində əldə edilən uğurlar Azərbaycan-Özbəkistan münasibətləri tarixində ən yüksək nəticədir”.
Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəliov bildirib. Polkovnik qeyd edib ki, Daşkənd səfəri iki dövlət arasındakı münasibətlərin səmimilik və dərinliyini bütün əzəməti ilə üzə çıxardı:
“Prezident İlham Əliyevin Daşkənd səfərində Azərbaycan-Özbəkistan əlaqələrinin yalnız bugününw deyil, həm də gələcəyini müəyyən edən mühüm razılaşmalar əldə edildi, mühüm bəyanatlar verildi. Verilən hər bir bəyanat, səslənən hər bir fikir göstərdi ki, Azərbaycan-Özbəkistan münasibətləri hər iki xalqın tarixi dostluğu ilə yanaşı, həm də gələcəyə dair birgə baxışına əsaslanır. Bu isə ilk növbədə sülh, tərəqqi və təhlükəsizliklə bağlıdır.
Səfər zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin önəminə toxundu, bunun xalqın mənəvi birliyinin təmin edilməsindəki roluna diqqət çəkdi. Eyni zamanda, Özbəkistan Prezidenti bildirdi ki, Azərbaycanın dövlət başçısı Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirir, bu yolda böyük nailiyyətlər əldə edir. Bütün bunlar dost Özbəkistan xalqının, onun timsalında bütün türk dünyasının Prezident İlham Əliyevə, onun sülh və tərəqqiyyə xidmət edən siyasətinə necə böyük qiymət verdiyini göstərir.
Daşkənd səfərində diqqət çəkən məqamlardan biri də Prezidentlərin qarşıqlı şəkildə təltif edilməsi oldu. Prezident İlham Əliyev Özbəkistan Prezidentini “Heydər Əliyev” ordeni, Şafkat Mirziyoyev isə azərbaycanlı həmkarını ali dərəcəli “Dostluq” ordeni ilə təltif etdi. Məlum təltifetmə mərasimi Azərbaycan və Özbəkistan arasındakı qarşılıqlı inam və etimadın nə qədər böyük olduğunu, münasibətlərin həqiqi dostluq və qardaşlığa söykəndiyini, tərəflərin bu münasibətləri inkişaf etdirməkdə nə qədər qərarlı olduğunu bir daha sübut edir.
Səfər zamanı Prezident İlham Əliyev Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışında iştirak etdi, bir sıra elm və mədəniyyət mərkəzləri ilə tanış oldu. Tərəflər təhsil və mədəniyyət sahəsində əməkdaşlığı genişləndirməklə bağlı istəklərini bəyan etdilər.
Artıq hər kəs əmindir ki, Azərbaycan-Özbəkistan münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdə davam edəcək, münasibətlərin bu şəkildə inkişafı hər iki xalqın sosial rifahının, mənəvi birliyinin yüksəlməsinə, sülh və təhlükəsizliyin etibarlı şəkildə təmininə böyük töhfə verəcək. Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı bütün türk dünyasının birlik və inkişafına xidmət edəcək ki, bu da milli maraqlarla yanaşı, həm də ümumtürk maraqları baxımından mühüm əhəmiyyətə malikdir”.