Azərbaycan və Özbəkistan arasında münasibətlər dərin qarşılıqlı rəğbətə əsaslanır - MƏQALƏ

24 Avqust 2026 12:56 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyigenişmiqyaslı tarixi müsahibə iki qardaş dövlət arasındakı strateji müttəfiqliyin, mənəvi birliyin və gələcək inkişafperspektivlərinin fundamental prinsiplərini ehtiva edənmühüm siyasi yol xəritəsidir. Dövlətimizin başçısınınmüsahibədə səsləndirdiyi konseptual fikirlər Bakı vəDaşkənd arasındakı əlaqələrin çox möhkəm, sarsılmaz mənəvi-tarixi təmələ söykəndiyini bir daha bəyan etmişdir.

Azərbaycan və Özbəkistan xalqları arasındakı çoxəsrlik münasibətlər sadə diplomatik əlaqələr və ya qonşuluq çərçivəsini çoxdan aşaraq, tarixin ən sərt sınaqlarından uğurla keçmiş rəğbət bünövrəsi üzərində bərqərar olmuşdur. Qədim İpək Yolunun strateji qovşaqlarını birləşdirən bu iki mühüm coğrafiya, eyni etnik köklərə, dil qrupuna, mədəni sivilizasiyaya və dini dəyərlərə malik olmaqla, əsrlər boyu bir-birini qarşılıqlı şəkildə zənginləşdirmişdir. Bu gün isə hər iki müstəqil, suveren və qüdrətli dövlətin rəhbərləri – Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev tərəfindən yürüdülən qətiyyətli, uzaqgörən xarici siyasət kursu sayəsində bu münasibətlər özünün tarixi zirvə nöqtəsinə, rəsmi müttəfiqlik mərhələsinə qədəm qoymuşdur.

Dövlətimizin başçısı İlham Əliyev 21 avqust 2026-cı il tarixində verdiyi müsahibəsində iki qardaş ölkə arasındakı əlaqələrin fəlsəfəsini çox dəqiq şəkildə ifadə edərək vurğulamışdır: “İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır”. Prezidentin qeyd etdiyi bu möhkəm bünövrə son illərdə imzalanmış “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə hüquqi olaraq daha damöhkəmləndirilmişdir. Bu sənədlər hər iki dövlətin milli maraqlarının müdafiəsində və qlobal arenada vahid mövqedən çıxış etməsində sarsılmaz strateji qalxan rolunu oynayır.

Prezident İlham Əliyevin Özbəkistana həyata keçirdiyi son rəsmi dövlət səfəri ərəfəsində verilən bu müsahibə, reallaşdırılacaq irimiqyaslı layihələrin də anonsu rolundadır. 2023-cü ilin avqust ayında təsis edilmiş və münasibətlərin institusional onurğasını təşkil edən Ali Dövlətlərarası Şura bu gün hər iki ölkənin iqtisadi, siyasi və humanitar strategiyalarını sinxronlaşdıran ən səmərəli platformaya çevrilmişdir. Bakı və Daşkənddə ardıcıl olaraq keçirilən Ali Şuranın iclasları tərəflərin perspektivə hesablanmış birgə fəaliyyət əzmini əyani şəkildə nümayiş etdirir.

İqtisadi tərəfdaşlıq platformasında əldə olunan uğurlar da bu dərin rəğbətin və qarşılıqlı etimadın maddi təzahürüdür. Son illər ərzində Azərbaycan ilə Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi üç dəfədən çox artaraq rekord göstəricilərə imza atmışdır. Sənaye kooperasiyası, avtomobil istehsalı, kənd təsərrüfatı, tekstil klasterləri və alternativ enerji sahələrində yaradılan müştərək müəssisələr hər iki dövlətin iqtisadi potensialını vahid hədəfə doğru birləşdirir. Xüsusilə, fəaliyyəti yüksək qiymətləndirilən Azərbaycan-Özbəkistan İnvestisiya Fondu regionda ən nəticəyönümlü və dinamik maliyyə institutu kimi yeni biznes layihələrinin maliyyələşdirilməsində əhəmiyyətli rol oynayır.

Qlobal geoiqtisadi mənzərədə Azərbaycan və Özbəkistanın nəqliyyat-logistika sahəsindəki tərəfdaşlığı xüsusi geostrateji əhəmiyyət kəsb edir. Cənubi Qafqazın lideri olan Azərbaycan ilə Mərkəzi Asiyanın mərkəzi gücü olan Özbəkistanın infrastruktur imkanları Şərqlə Qərbi birləşdirən mühüm marşrutlarda bir-birini mükəmməl şəkildə tamamlayır. Ölkələr arasında tranzit daşımalarında davamlı artım müşahidə olunur və yük daşımalarının həcmi 1,4 milyon tona çatıb. "Orta Dəhliz" (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) çərçivəsində atılan birgə addımlar, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin inkişaf perspektivləri və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanları regional inteqrasiyanı tamamilə yeni səviyyəyə qaldırır. Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində fəal şəkildə davam etdirilən işlər də bu qlobal logistik zəncirin mühüm halqasıdır.

Azərbaycan-Özbəkistan əməkdaşlığı bütövlükdə Türk dünyasının inteqrasiyasında əsas sütunlardan birini təşkil edir. Hər iki dövlət Türk Dövlətləri Təşkilatının (TDT) çərçivəsində fəal hərəkətverici qüvvə kimi çıxış edir. TDT daxilində iqtisadi, siyasi və təhlükəsizlik bağlarının gücləndirilməsi beynəlxalq arenada vahid geosiyasi güc mərkəzinin formalaşmasına xidmət edir. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə reallaşdırdığı çoxtərəfli dialoq platformaları və regional əməkdaşlıq formatları regionlararası körpüləri daha da möhkəmləndirir.

Mədəniyyət və humanitar sahə isə xalqlarımızın qəlbindəki səmimi sevginin və dərin rəğbətin birbaşa aynasıdır. Özbəkistanda fəaliyyət göstərən Nizami Gəncəvi adına Daşkənd Milli Pedaqoji Universiteti, Bakının mərkəzində ucalan böyük mədəniyyət abidələri və Yeni Daşkənd şəhərində təməli qoyulan nəhəng “Azərbaycan” parkı bu sarsılmaz mənəvi birliyin əbədi rəmzləridir. Heydər Əliyev Fondunun rəhbərliyi ilə keçirilən qarşılıqlı mədəniyyət günləri, təhsil sahəsindəki geniş tələbə mübadiləsi proqramları və vətəndaş cəmiyyətlərinin, QHT-lərin birgə qrant müsabiqələri insanlarımız arasında birbaşa təmasların şəbəkələşməsinə xidmət edir.

Nəticə etibarilə, Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, dövlətlərimizin nümayiş etdirdiyi bu nümunəvi tərəfdaşlıq modeli təkcə iki ölkənin tərəqqisinə deyil, həm də bütün Avrasiya coğrafiyasında sülhün, təhlükəsizliyin və davamlı inkişafın təmin olunmasına xidmət edir. Əsrlərin sınağından keçən, dərin qarşılıqlı rəğbət və ali siyasi iradə üzərində qurulmuş bu sarsılmaz dostluq münasibətləri gələcək nəsillərə ötürüləcək ən böyük mənəvi, siyasi və strateji mirasdır

YAP Qəbələ rayon təşkilatının

sədri Abil Ağasəfov