Ermənistanın Baş naziri Nikol Paşinyan respublikanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Qurgen Arsenyanı geri çağırmaq qərarına gəlib. Bu barədə "Jogovurd" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Mənbələrə görə, Paşinyan səfirin diplomatik fəaliyyətindən narazıdır, çünki o, Yerevanla Moskva arasındakı gərginliyi azalda bilmir. Hazırda Arsenyanın yerinə kimin gələcəyi məlum deyil. Məlum olduğu kimi, Rusiya ilə Ermənistan arasındakı münasibətlər Yerevanın Avropa Birliyinə qoşulmaq planları səbəbindən pisləşib. May ayından bəri Moskva ardıcıl olaraq spirtli içkilər, tərəvəzlər, meyvələr, balıqlar, süd və güllər də daxil olmaqla müxtəlif Ermənistan məhsullarının idxalını qadağan edib.
Ermənistan mallarının idxalı və tranzitinə ilk Rusiya qadağaları 7 iyunda respublikada keçirilən parlament seçkilərindən qısa müddət əvvəl tətbiq edilib və Paşinyanın partiyasının qələbəsindən sonra onların sayı kəskin şəkildə artıb.
Ermənistan məhdudiyyətləri əsassız hesab edib və mövcud razılaşmalara əsaslanan qətnamə tələb edib. Bu arada Rusiya hakimiyyəti tədbirlərin "istehlakçı təhlükəsizliyini təmin etmək" üçün zəruri olduğunu israr edib.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi Yerevandan Aİ ilə Avrasiya İqtisadi Birliyi arasında seçimlə bağlı referendum keçirməsini, eləcə də Ermənistanın 2024-cü ildə üzvlüyünü dondurduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qarşısında maliyyə öhdəliklərini bərpa etməsini tələb edib.
Rusiyanın hərəkətlərinə cavab olaraq Ermənistan ixracını digər bazarlara, xüsusən də Avropaya yönəltməyə başlayıb. Aİ "iqtisadi dayanıqlığı gücləndirmək" və ixracı yenidən istiqamətləndirmək üçün Ermənistana 52 milyon avro təcili yardım ayırıb. Brüssel həmçinin Ermənistan mallarının təxminən 80%-nə tariflərin ləğv olunduğunu elan edib. Bu arada, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi üçdə iki azalıb.
VƏLİ