"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə iki qardaş ölkə arasındakı münasibətlərin ənənəvi dostluq çərçivəsini aşaraq, hərtərəfli iqtisadi və siyasi müttəfiqlik mərhələsinə keçdiyini aydın şəkildə göstərir".Bu fikirləri SİA-ya açıqlaması zamanı Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

Onun sözlərinə görə, bu gün Bakı ilə Daşkənd arasında formalaşan tərəfdaşlıq yüksək səviyyəli siyasi etimadla yanaşı, qarşılıqlı investisiyalar, sənaye kooperasiyası, nəqliyyat-logistika əlaqələri və enerji əməkdaşlığı üzərində qurulan yeni modelə əsaslanır.
Bu transformasiyanın əsas göstəricilərindən biri ölkələr arasında iqtisadi əlaqələrin dinamik inkişafıdır. 2025-ci ildə ticarət dövriyyəsinin üç dəfədən çox artaraq 795 milyon ABŞ dollarına çatması, 2026-cı ilin ilk beş ayında isə ticarətin 33 faiz yüksəlməsi əməkdaşlığın təsadüfi xarakter daşımadığını, davamlı və uzunmüddətli prosesə çevrildiyini göstərir.
Əvvəlki mərhələlərdə münasibətlər daha çox mal və xidmət mübadiləsi ilə xarakterizə olunurdusa, hazırda Azərbaycan və Özbəkistan birgə kapital, istehsal və uzunmüddətli investisiya layihələri həyata keçirirlər. 500 milyon ABŞ dolları kapitalla yaradılan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti bu yeni iqtisadi modelin mühüm institusional dayaqlarından biridir.
Avtomobil istehsalı, neft-kimya, energetika, kənd təsərrüfatı və turizm sahələrində həyata keçirilən layihələr, eləcə də özəl sektor tərəfindən Daşkənddə reallaşdırılan “The Ritz-Carlton” kompleksi və digər bölgələrdəki “Sea Breeze Uzbekistan” kimi iri təşəbbüslər qarşılıqlı investisiya imkanlarının genişləndiyini göstərir. Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatının Azərbaycanda fəaliyyət göstərməsi də iqtisadi əməkdaşlığın möhkəm əsaslara söykəndiyini təsdiqləyir.
Azərbaycan–Özbəkistan münasibətlərinin bu səviyyəyə yüksəlməsi təsadüfi deyil. Bu əməkdaşlığın arxasında əsrlər boyu formalaşmış mənəvi bağlar, ortaq tarix və sınaqlardan keçmiş həmrəylik dayanır. Sovet dövrünün mürəkkəb siyasi prosesləri zamanı Ümummilli Lider Heydər Əliyevin Özbəkistan rəhbərliyinə, xüsusilə mərkəzin təzyiq və təqiblərinə məruz qalan özbək dövlət xadimlərinə və Şərəf Rəşidova göstərdiyi prinsipial münasibət xalqlarımız arasındakı dostluğun tarixi əsaslarından biri kimi qiymətləndirilə bilər.
Bu gün həmin möhkəm tarixi təməl Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin siyasi iradəsi nəticəsində yeni mərhələyə yüksəlib. Qarşılıqlı səfərlərin intensivləşməsi, “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə”nin və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması iki ölkə arasındakı münasibətlərin hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirib. Ali Dövlətlərarası Şura isə əməkdaşlığın strateji istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm mexanizmə çevrilib.
Prezident İlham Əliyevin müsahibəsində nəqliyyat və logistika məsələlərinə xüsusi diqqət yetirilməsi də təsadüfi deyil. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun Orta Dəhliz və TRIPP ilə inteqrasiyası qlobal təchizat zəncirlərinin şaxələndirildiyi bir dövrdə böyük strateji əhəmiyyət daşıyır.
Azərbaycanın Xəzər hövzəsində mühüm logistika qovşağı, Özbəkistanın isə Mərkəzi Asiyanın böyük istehsal potensialına malik ölkələrindən biri olması iki dövlət arasında əməkdaşlığı daha geniş regional iqtisadi platformaya çevirir. Bu baxımdan Azərbaycan yalnız tranzit ölkə kimi deyil, eyni zamanda regional logistika və istehsal mərkəzi kimi mövqeyini gücləndirir.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinə tamhüquqlu qoşulması da xüsusi tarixi və geosiyasi əhəmiyyət daşıyır. Bu proses Cənubi Qafqazla Mərkəzi Asiya arasında iqtisadi və siyasi əlaqələrin daha da dərinləşməsinə, Xəzərin hər iki sahilinin vahid əməkdaşlıq məkanına çevrilməsinə imkan yaradır.
Bununla yanaşı, “Yaşıl Dəhliz Birliyi” çərçivəsində bərpaolunan enerjinin Xəzər dənizinin dibi ilə Qərbə nəqli perspektivi Azərbaycanın enerji siyasətində yeni imkanlar yaradır. Beləliklə, Azərbaycan ənənəvi enerji ixracatçısı olmaqla yanaşı, gələcəkdə regional yaşıl enerji tranzitinin və enerji bağlantılarının əsas mərkəzlərindən birinə çevrilə bilər.
Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm xüsusiyyəti yalnız siyasi və iqtisadi əlaqələrlə məhdudlaşmamasıdır. Füzuli şəhərində Özbəkistan tərəfindən inşa edilən Mirzə Uluqbəy adına orta məktəb, işğaldan azad edilmiş ərazilərdə salınan 100 hektarlıq “Dostluq bağı”, Bakının mərkəzində təməli qoyulan 5 hektarlıq “Özbəkistan” parkı iki xalq arasındakı qardaşlığın real və davamlı nümunələridir.
Bakı və Daşkəndlə yanaşı, İsmayıllı–Riştan, Şuşa–Xivə, Lənkəran–Buxara, Şəki–Kokənd, Quba–Cizak və digər qardaşlaşmış şəhərlər arasında əlaqələrin inkişafı humanitar əməkdaşlığı yerli icmalar səviyyəsinə qədər genişləndirir. Media forumları, QHT əməkdaşlığı və birgə qrant müsabiqələri də vətəndaş cəmiyyətlərinin bu prosesdə iştirakını gücləndirir.
Türk Dövlətləri Təşkilatı və Türk Mədəniyyəti və İrsi Fondu çərçivəsində əməkdaşlıq isə Azərbaycan–Özbəkistan münasibətlərinin yalnız ikitərəfli müstəvidə deyil, bütövlükdə Türk dünyasının inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıdığını göstərir.
Nəticə etibarilə, Azərbaycan ilə Özbəkistan arasındakı müttəfiqlik modeli yalnız iki qardaş ölkənin uğurlu münasibətləri ilə məhdudlaşmır. Bu əməkdaşlıq Mərkəzi Asiya ilə Cənubi Qafqazı daha sıx şəkildə birləşdirən, Avrasiya məkanında sülhə, sabitliyə və davamlı iqtisadi inkişafa xidmət edən yeni geoiqtisadi arxitekturanın mühüm dayaqlarından birinə çevrilir".