Pakistanın ordu rəhbəri İrana səfər edib

24 Avqust 2026 10:51 (UTC+04:00)

Pakistanın Ordu və Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, feldmarşal Asim Munir avqustun 24-də İranın paytaxtı Tehrana səfər edib. Bu, Munirin 2026-cı il ərzində İrana üçüncü səfəridir. Səfərin əsas məqsədinin ABŞ və İran arasında davam edən münaqişənin diplomatik yolla həllinə töhfə vermək olduğu bildirilir.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İran Xarici İşlər Nazirliyinin məlumatına görə, Munir səfər çərçivəsində yüksək səviyyəli iranlı rəsmilərlə görüşəcək. Tərəflər regiondakı son hadisələri, sülh və təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərini müzakirə edəcəklər.

Munirin səfəri onun İranın xarici işlər naziri Abbas Əraqçi ilə son günlərdə keçirdiyi iki telefon danışığından sonra baş tutub. Pakistan uzun müddətdir ABŞ və İran arasında vasitəçilik etməyə və tərəfləri yenidən danışıqlar masasına qaytarmağa çalışır.

Pakistanın vasitəçilik təşəbbüsü iyun ayında İslamabad Memorandumunun imzalanması ilə daha konkret mərhələyə keçmişdi. Pakistan, İran və ABŞ arasında əldə olunan razılaşma çərçivəsində danışıqların davam etdirilməsi nəzərdə tutulurdu. Lakin sənəddə müəyyənləşdirilən 60 günlük müddət avqustun ortalarında başa çatıb və tərəflər onun müddətini uzatmayıblar.

Bununla yanaşı, İran Hörmüz boğazının açılması məsələsində mövqeyini dəyişməyib. Tehran ABŞ-dan dəniz blokadasının aradan qaldırılmasını, neft sanksiyalarının dayandırılmasını, xaricdə dondurulmuş İran aktivlərinin açılmasını və hərbi təhdidlərə son qoyulmasını tələb edir.

ABŞ isə İrana qarşı yeni və daha sərt iqtisadi sanksiyalar hazırlayır. Vaşinqtonun bu addımı Tehrana təzyiqi artırmaq məqsədi daşıyır. İran hakimiyyəti isə ABŞ-ın sanksiya siyasətini “iqtisadi müharibə” kimi qiymətləndirir.

Məqaləyə görə, Asim Munirin İranın yeni hərbi rəhbərliyi ilə görüşməsi gözlənilir. Səfərin gündəliyində ABŞ–İran qarşıdurması ilə yanaşı, Yəməndəki husilərin fəaliyyəti və Hörmüz boğazında yaranmış vəziyyət də mühüm yer tuta bilər.

Husilərin Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında gəmiçilik üçün yaratdığı təhlükə Pakistan üçün də xüsusi əhəmiyyət daşıyır. Avqustun 11-də husilərin Tanzaniya bayrağı altında üzən kommersiya gəmisinə hücumu nəticəsində üç pakistanlı dənizçi həlak olub.

Pakistanın real təsir imkanları nə qədərdir?

Analitiklər Pakistanın ABŞ və İran arasında vasitəçilik imkanlarını fərqli qiymətləndirirlər.

Bəzi ekspertlərin fikrincə, Pakistanın üstünlüyü ondan ibarətdir ki, həm Tehran, həm də Vaşinqtonla əlaqələrini qoruyur və münaqişənin birbaşa tərəfi deyil. Bu baxımdan Islamabad tərəflər arasında kommunikasiya kanalı rolunu oynaya bilər.

Digər analitiklər isə əsas diplomatik vasitəçilik kanalının hələ də Qətər olduğunu düşünürlər. Onların fikrincə, Munirin əsas üstünlüyü İranın hərbi və təhlükəsizlik strukturları ilə birbaşa əlaqə yaratmaq imkanından ibarətdir.

Məqalədə vurğulanır ki, Pakistanın vasitəçilik səylərində öz maraqları da var. ABŞ–İran müharibəsinin daha da genişlənməsi regionda sabitliyi poza, Körfəz ölkələrindən enerji idxalından asılı olan Pakistanın iqtisadi vəziyyətinə mənfi təsir göstərə və xaricdə çalışan pakistanlıların ölkəyə göndərdiyi pul vəsaitlərinin azalmasına səbəb ola bilər.

Ekspertlərin fikrincə, Munirin Tehrana səfərindən mümkün nəticələrdən biri Hörmüz boğazında gərginliyin azaldılması ilə bağlı razılaşmanın əldə olunmasına zəmin yaratmaq ola bilər.

Lakin bunun reallaşması yalnız Pakistanın səylərindən asılı deyil. ABŞ və İranın qarşılıqlı tələbləri, regiondakı hərbi vəziyyət və digər vasitəçilərin diplomatik təşəbbüsləri də prosesə ciddi təsir göstərir.

Beləliklə, Asim Munirin növbəti İran səfəri Pakistanın ABŞ–İran böhranında vasitəçilik rolunu qorumaq cəhdi kimi qiymətləndirilir. Bununla belə, İslamabadın tərəfləri real kompromisə gətirib-gətirə biləcəyi hələlik açıq sual olaraq qalır.