Azərbaycanın inkişafına səmimi qəlbdən sevinirik.
SİA APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bildirib.
“Qısa müddət ərzində əldə etdiyimiz nəticələri indi gördük. Düşünürəm ki, bu, komandalarımız üçün də nümunədir. İndi olduğu kimi, dar tərkibdə hər şeyi ətraflı müzakirə etdik. Qarşıda bizim üçün təqdim edilməli olan bir çox layihələr də var.
Ümumi tarix, mədəni yaxınlıq və qarşılıqlı hörmətlə bağlı olan dövlətlərin ruhuna uyğun olaraq, bu gün Ali Dövlətlərarası Şuranın artıq üçüncü iclasını açırıq. Bu mexanizmin qüsursuz fəaliyyəti ölkələrimizin əldə etdiyi ən yüksək müttəfiqlik səviyyəsinin ən yaxşı nümayişidir. Gündəlikdəki məsələlərə keçməzdən əvvəl sizi, Azərbaycanda həyata keçirdiyiniz uzaqgörən və dərin islahatlar kursunun uğurlu nəticələri münasibətilə təbrik etmək istəyirəm.
Biz qardaşlar və müttəfiqlər olaraq Azərbaycanın iqtisadiyyatının necə dinamik və davamlı şəkildə inkişaf etməsinə səmimi qəlbdən sevinirik. Yeni sahələr və müasir infrastruktur yaradılır. Bütün bunlar Azərbaycan xalqının rifahının yüksəlməsinə ardıcıl şəkildə xidmət edir. Sizin qətiyyətlə həyata keçirdiyiniz suveren siyasət ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə və Cənubi Qafqazda sülh və quruculuq gündəliyinin irəliləməsinə töhfə verir”, - deyə Şavkat Mirziyoyev qeyd edib.