"Azərbaycan–Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub" - DEPUTAT

23 Avqust 2026 14:41 (UTC+04:00)

"Azərbaycan–Özbəkistan münasibətləri xalqlarımızın ortaq tarixinə, dilinə, milli-mənəvi dəyərlərinə və qarşılıqlı hörmətə əsaslanır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.

Onun sözlərinə görə, Dövlət başçılarımız arasında formalaşmış şəxsi dostluq və etimad münasibətləri də iki ölkə arasındakı əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır: "Son illərdə bu münasibətlər strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksələrək özünün yeni inkişaf mərhələsinə qədəm qoyub.

Son beş ildə Azərbaycan və Özbəkistan dövlət başçılarının 15 dəfə qarşılıqlı səfər həyata keçirməsi münasibətlərimizin dinamik inkişafının mühüm göstəricilərindən biridir. Bu səfərlər çərçivəsində imzalanmış çoxsaylı sənədlər ölkələrimiz arasında əməkdaşlığın hüquqi bazasını daha da möhkəmləndirib. Strateji tərəfdaşlıq haqqında Bəyannamənin, eləcə də müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması dostluq və qardaşlıq münasibətlərimizin rəsmi sənədlərlə təsbit edilməsinin mühüm nümunələridir.

Bu gün dövlət başçımızın son beş ildə Özbəkistana üçüncü dövlət səfəri həyata keçirilir. Əminliklə demək olar ki, bu səfər Azərbaycan–Özbəkistan münasibətlərinin daha da dərinləşdirilməsi və yeni inkişaf mərhələsinə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyacaq.

Prezident İlham Əliyevin Özbəkistan mediasına verdiyi geniş müsahibədə də ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişafına geniş toxunulub. Son illərdə siyasi, ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə mühüm irəliləyişlər əldə edilib.

Azərbaycan və Özbəkistan bir sıra beynəlxalq və regional platformalarda fəal əməkdaşlıq edir, bir-birinin mövqeyini dəstəkləyirlər. Xüsusilə Türk Dövlətləri Təşkilatında (TDT), eləcə də Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşlərində Azərbaycanın iştirakı ölkələrimiz üçün yeni əməkdaşlıq imkanları yaradıb. Bu formatlarda qarşılıqlı fəaliyyət həm ikitərəfli əlaqələrin, həm də regionlararası əməkdaşlığın inkişafına mühüm töhfə verir.

2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura da Azərbaycan–Özbəkistan münasibətlərinin institusional əsaslarının daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şuranın fəaliyyəti iki ölkə arasında hərtərəfli əməkdaşlıq imkanlarının daha səmərəli şəkildə reallaşdırılması üçün yeni perspektivlər açır.

Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm istiqamətlərindən biri də ticarət-iqtisadi əməkdaşlıqdır. Son illərdə bu sahədə ciddi artım müşahidə olunur. Qarşılıqlı investisiyaların yatırılması, birgə müəssisələrin yaradılması, özəl investisiyaların genişləndirilməsi və tranzit-logistika layihələrinin uzlaşdırılması ölkələrimizin iqtisadi inkişafına və xalqlarımızın rifahına mühüm töhfələr verir.

Dünən Daşkənddə keçirilmiş Regionlararası Forum da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Forumda iki ölkənin regionları arasında əlaqələrin daha da dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və yeni layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Tədbirdə region rəhbərləri, dövlət və biznes strukturlarının nümayəndələri iştirak edərək səmərəli fikir mübadiləsi aparıblar. Belə platformalar regionlar arasında birbaşa əlaqələrin genişləndirilməsi və yeni biznes imkanlarının yaradılması baxımından olduqca əhəmiyyətlidir.

Son üç ildə ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrdə nəzərəçarpacaq artım qeydə alınıb. 2025-ci ildə Azərbaycan ilə Özbəkistan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatıb. Cari ilin ilk beş ayında isə bu göstərici daha 33 faiz artaraq 144 milyon dollar təşkil edib.

Tranzit-logistika sahəsində də müsbət dinamika müşahidə olunur. Tranzit-logistik daşımaların həcmi 6,7 faiz artaraq 1,4 milyon tona çatıb. Cari ilin ilk altı ayında isə bu istiqamətdə 12,2 faizlik artım qeydə alınıb və daşımaların həcmi 675 min ton təşkil edib.

Nizamnamə fondu 500 milyon dollar olan Birgə İnvestisiya Şirkəti də ölkələrimiz arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsində mühüm rol oynayır. Şirkət birgə layihələrin həyata keçirilməsi ilə yanaşı, sahibkarların dəstəklənməsinə və qarşılıqlı investisiyaların artırılmasına da töhfə verir.

Hökumətlərarası Komissiyanın keçirdiyi 15 iclas çərçivəsində Azərbaycan–Özbəkistan ticarət-iqtisadi əməkdaşlığının mövcud vəziyyəti, əldə olunmuş nailiyyətlər və gələcək inkişaf istiqamətləri ətraflı müzakirə edilib. Bu müzakirələr yeni sahələrdə əməkdaşlığın qurulmasına və mövcud əlaqələrin daha da genişləndirilməsinə xidmət edir.

Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də enerji sektorudur. Neft şirkətlərimizin birgə yaratdığı “Neftqaztexnologiya” müəssisəsi 2016-cı ildən etibarən neft-qaz sahəsində uğurla fəaliyyət göstərir. “Turan Energy AFEZCO” isə “Azərikimya” İstehsalat Birliyi tərəfindən istehsal olunan yüksəktəzyiqli polietilenin Özbəkistana ixracını həyata keçirir.

Yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi də qarşıda duran mühüm məsələlərdəndir. Mərkəzi Asiyada hasil olunacaq yaşıl enerjinin Avropaya ixracı məqsədilə Xəzər dənizinin dibi ilə yaşıl enerji dəhlizinin yaradılması istiqamətində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında əməkdaşlıq yeni imkanlar yaradır. 2024-cü ildə təsis edilən və 2025-ci ildə yaradılan “Yaşıl Dəhliz Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti bu istiqamətdə yeni əməkdaşlıq formatının formalaşması baxımından mühüm hadisədir.

Ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsini Azərbaycanda və Özbəkistanda fəaliyyət göstərən şirkətlərin sayı da əyani şəkildə göstərir. Özbəkistan kapitalı ilə Azərbaycanda 130-dan çox şirkətin, Azərbaycan kapitalı ilə isə Özbəkistanda 420-dən çox şirkətin fəaliyyət göstərməsi iqtisadi əməkdaşlığın geniş miqyasını nümayiş etdirir.

Xüsusilə “PASHA Holding” tərəfindən Daşkənddə “The Ritz-Carlton” brendi altında inşa edilən hotel və yaşayış kompleksi, həmçinin Daşkənd vilayətində həyata keçirilən “Sea Breeze Uzbekistan” böyük turizm və yaşayış kompleksi iki ölkə arasında investisiya əməkdaşlığının uğurlu nümunələrindəndir. Bu layihələrin Özbəkistanın turizm sektorunun inkişafına da mühüm töhfə verəcəyi şübhəsizdir.

Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm istiqamətlərindən biri də mədəni-humanitar əməkdaşlıqdır. Azərbaycanda və Özbəkistanda qarşılıqlı olaraq keçirilən mədəniyyət günləri xalqlarımızın tarixinin, mədəniyyətinin və milli adət-ənənələrinin daha yaxından tanıdılmasına, qarşılıqlı əlaqələrin və dostluq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edir.

Daşkənddə pedaqoji universitetə böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adının verilməsi, işğaldan azad edilmiş Füzuli şəhərində Mirzə Uluqbəy adına orta məktəbin inşa olunması xalqlarımız arasındakı dostluq və qardaşlığın parlaq nümunələridir. Bu cür layihələr tarixi və mədəni bağlarımızın gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin Özbəkistana növbəti səfəri Azərbaycan və Özbəkistan xalqları və dövlətləri arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək. Dövlət başçılarının görüşləri zamanı müzakirə olunacaq yeni məsələlər və imzalanacaq sənədlər ikitərəfli münasibətlərin gələcək inkişafı üçün yeni imkanlar yaradacaq.

Bu gün Azərbaycan və Özbəkistan arasında münasibətlər sadəcə iki dövlətin əməkdaşlığı çərçivəsində deyil, türk dünyasının və daha geniş mənada regionun inkişafına töhfə verən strateji tərəfdaşlıq modeli kimi xarakterizə oluna bilər. Siyasi etimad, qarşılıqlı dəstək, iqtisadi maraqların uzlaşdırılması və xalqlarımızı birləşdirən tarixi-mədəni bağlar bu münasibətlərin davamlı inkişafı üçün möhkəm təməl yaradır.

Əminliklə demək olar ki, Prezident İlham Əliyevin Özbəkistana növbəti səfəri Azərbaycan–Özbəkistan münasibətlərinin yeni üfüqlərə açılmasına, qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsinə və xalqlarımız arasında mövcud dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə mühüm impuls verəcək".