Azərbaycanda əmək bazarında işəgötürənlərin tələb etdiyi bacarıqlarla yeni məzunların və işsizlərin malik olduğu biliklər arasında uyğunsuzluq problemi hələ də qalmaqdadır. Xüsusilə bəzi ixtisaslar üzrə məzunların sayının çox, real iş imkanlarının isə məhdud olması əmək bazarında balanssızlığı daha da artırır.
Bəs işəgötürənlər hansı ixtisaslı kadrları tapa bilmirlər? İşsizlərin bacarıqları niyə əmək bazarının tələblərinə cavab vermir? Ali təhsil diplomu iş tapmaq üçün kifayətdirmi və peşə təhsilinin inkişafı bu problemin həllinə kömək edə bilərmi?
Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli bildirib ki, işəgötürənlərlə yeni məzunlar arasında mövcud uyğunsuzluğun aradan qaldırılması istiqamətində müəyyən addımlar atılıb:
“Xüsusilə tələbələrin istehsalat təcrübəsinin formal xarakter daşımasının qarşısının alınması vacibdir. İndiyə qədər tələbələr təcrübə keçmək adı ilə müxtəlif müəssisə və təşkilatlarda sadəcə vaxt keçirir, bununla da təcrübə prosesini başa çatmış hesab edirdilər. Hazırda isə işəgötürənlərin müəyyən öhdəlikləri var. Təcrübə keçən tələbələrlə müqavilə bağlanmalı, onların arasından müəssisənin tələblərinə uyğun olan şəxslər seçilərək işə cəlb edilməlidir.
Problemin qısa müddətdə tam həll olunacağını gözləmək çətindir. Onun fikrincə, əsas səbəblərdən biri universitetlərin əmək bazarının real tələblərinə uyğun kadr hazırlamamasıdır. Universitetlərimiz əmək bazarının standartlarına tam uyğun məzunlar yetişdirmirlər. Tədris prosesi əmək bazarının tələbləri nəzərə alınmaqla qurulmur. Digər mühüm məsələ isə ali təhsil müəssisələrinə qəbul zamanı əmək bazarının ehtiyaclarının kifayət qədər nəzərə alınmamasıdır. Bəzi ixtisaslar üzrə illərdir dəyişməyən qəbul planları əmək bazarında kadr bolluğu yaradır. Pedaqoji kadrlar hazırlayan universitetlər hər il təxminən eyni sayda tələbə qəbul edirlər. Nəticədə əmək bazarında həmin məzunların hamısı üçün iş yeri tapılmır. Qəbul planları hazırlanarkən ölkənin və regionların real kadr ehtiyacı əsas götürülməlidir”.
Məzahir Məmmədli aqrar sahədə də ciddi kadr çatışmazlığının olduğunu vurğulayıb. Onun sözlərinə görə, dövlət tərəfindən bu istiqamətdə müxtəlif dəstək tədbirləri həyata keçirilsə də, ixtisaslı yerli mütəxəssislərin hazırlanması sahəsində problemlər qalır.
“Bu gün aqronomlar, baytarlar, zootexniklər kimi mütəxəssislər böyük şirkətlər tərəfindən xaricdən gətirilir. Yerli mütəxəssislərə kifayət qədər etimad göstərilmir. Bu da onu göstərir ki, əmək bazarının tələb etdiyi praktiki bacarıqlara malik kadrların hazırlanmasına daha ciddi yanaşmaq lazımdır”.
Ekspert hesab edir ki, peşə təhsilinin inkişafı bu problemin həllində mühüm rol oynaya bilər. Onun fikrincə, əmək bazarının tələblərinə daha çevik uyğunlaşan peşə təhsili müəssisələrinin sayı və imkanları artırılmalıdır:
“Əmək bazarının standartlarını daha tez qarşılayan peşə təhsili mərkəzləri mövcuddur. Bu sahəyə dövlət tərəfindən xüsusi diqqət göstərildiyindən müəyyən irəliləyiş əldə olunub və proqramlar mütəmadi yenilənir. Ali təhsil müəssisəsini dörd ilə bitirib işsiz qalmaqdansa, bir il və ya ilyarım müddətində peşə təhsili mərkəzində sertifikatlı mütəxəssis kimi hazırlanaraq iş həyatına başlamaq daha səmərəli ola bilər”.