Qida zəhərlənmələri nədən baş verir və əsas əlamətləri nədir? - MÜTƏXƏSSİS AÇIQLADI

21 Avqust 2026 16:45 (UTC+04:00)

Bəzən sadə bir səhv nəticəsində həyatımıza ciddi şəkildə təsir edə bilər. Gündəlik həyatın tələsikliyində bayat yeməklər, gigiyenik olmayan qida hazırlığı ya da küçə yeməkləri kimi səbəblər mədə pozğunluğu və zəhərlənmə hallarına yol aça bilər. Daha çox da yay aylarında insanlar qida zəhərlənməsi diaqnozu ilə həkimlərə müraciət edirlər. Qida zəhərlənmələri nədən baş verir və əsas əlamətləri nədir? Bundan necə qorunmaq olar?

Məsələ ilə bağlı sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova SİA-ya açıqlamasında bildirib ki, yay aylarında temperaturun yüksək olması bir çox qidada bəzi mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait yaradır ki, bu da təbii olaraq kütləvi qida zəhərlənmələrinin sayının artmasına gətirib çıxarır:

“Belə ki, dünyada, xüsusilə də 2026-cı ildə Ümumdünya Səhiyyə Təşkilatının dəyərləndirməsinə əsasən, əvvəllər hər il 600 milyondan çox insan qida zəhərlənməsindən əziyyət çəkirdisə, bu il artıq bu rəqəm 866 milyona çatıb və qida zəhərlənmələri nəticəsində 1,5 milyona yaxın, bəzən isə bundan da artıq insan həyatını itirir.

Ona görə də qida zəhərlənmələrindən özümüzü qorumaq üçün ilk növbədə qidaların sanitar-gigiyena qaydalarına uyğun şəkildə saxlanılmasına diqqət etmək lazımdır.

Qida hazırlayarkən və bişirərkən əllərin gigiyenasına diqqət etmək lazımdır. Mütləq çiy və bişmiş qidaları ayrı saxlamaq lazımdır. Ət məhsulları üçün istifadə olunan bıçaq və doğrama lövhələri ayrı olmalıdır.

Çiy qidaya toxunmuş boşqablar, bıçaqlar və lövhələr bişmiş qidaya toxunmamalıdır. Qida, xüsusilə də ət və süd məhsulları, heyvan mənşəli məhsullar tam bişirilməlidir. Daxili temperaturu 74 dərəcəni keçməlidir.

Sadəcə, bəzən tez olsun deyə kütləvi məclislərdə adi kabablar və yaxud digər ət məhsulları yalnız üstü bişmiş, içi isə tam bişməmiş halda servis edilir. Bu isə məhsulun daxilindəki mikroorqanizmlərin, xüsusilə zərərli mikroorqanizmlərin məhv olmamasına gətirib çıxarır və bir çox hallarda qida zəhərlənməsinə səbəb olur.

Temperatur rejiminə diqqət etmək lazımdır. Xüsusilə tez xarab olan qidalar var ki, bunlar mütləq 0-4 dərəcə temperaturda saxlanılmalıdır. Uzun müddət saxlanılacaqsa, mənfi 18 dərəcədə saxlanmalıdır.

Bişirilmiş yeməklər soyuq aylarda 2 saatdan çox otaq temperaturunda qala bilərsə, yay aylarında bu müddət 1 saata qədər azalır. Hətta yemək artıq öz istiliyini azaldıb bir qədər ilıq olubsa, soyuducuya yerləşdirilməlidir. 4 dərəcə ilə 60 dərəcə arasındakı temperatur bütün qidalar, xüsusilə də yüksək risk qrupuna aid olan qidalar üçün riskli temperatur aralığı hesab olunur. Ona görə də buna diqqət etmək lazımdır.

Mütləq istifadə edərkən təhlükəsiz, təmiz və içməli sudan istifadə edilməli, meyvə-tərəvəzlər yaxşı yuyulmalıdır. Şübhəli, mənşəyi bəlli olmayan yerlərdən əldə olunan çirkli sulardan və yaxud mənşəyi şübhəli olan sulardan istifadə edilməməlidir.

Xammal keyfiyyətli olmalı, düzgün saxlanılmalıdır. Əgər məhsul paketlənmişdirsə, son istifadə müddəti bitməməlidir və istehsal tarixindən son istifadə tarixinə qədər mütləq uyğun saxlama şəraitində, tələb olunan temperaturda saxlanılmalıdır.

Bir çox hallarda mayonez, ketçup və bu kimi souslar açıldıqdan sonra qısa müddətdə istifadə olunmalı və düzgün temperaturda saxlanılmalıdır. Buna isə bəzən əməl olunmur və məhsul açıldıqdan sonra qısa müddət ərzində deyil, yalnız son istifadə tarixinə baxılaraq istifadə edilir. Bu da bir çox hallarda zərərli maddələrin yaranmasına gətirib çıxara bilər.

Qidaları qəbul edərkən onun iyində, dadında və görüntüsündə xoşagəlməz hal varsa, bu zaman qətiyyən istifadə etmək olmaz. Amma bir çox hallarda bu məhsullar, xüsusilə də paketlənmiş məhsullar, iyini, dadını və qoxusunu dəyişmir.

Ona görə də əgər son istifadə müddəti bitibsə, onlardan istifadə olunmamalıdır. Çünki bütün zərərli mikroorqanizmləri qoxu, dad və yaxud görünüş vasitəsilə hiss etmək və ya görmək mümkün deyil. Buna da diqqət etmək lazımdır.

Restoranlarda, xüsusilə ictimai iaşə obyektlərində, əmin olmadığımız yerlərdə öncədən bişirilib hazırlanmış qidaları sifariş etməməyimiz tövsiyə olunur. Çünki bəzi qidalar günlərlə soyuducuda qala, dəfələrlə dondurulub əridilərək istifadə oluna bilər. Bu da qida zəhərlənməsinə gətirib çıxara bilər və buna diqqət etmək lazımdır”.