Həyət evi alarkən nələrə diqqət etmək lazımdır? - EKSPERT AÇIQLADI

21 Avqust 2026 16:10 (UTC+04:00)

“Həyət evi alan insanlar diqqətli olmalıdır. Çox hallarda, məsələn, bu işi görən işbazlar var. Bunlar tikinti normalarına, ev tikintisi ilə bağlı normalara düzgün riayət etmirlər. Belə deyək, tikinti normalarına riayət edilmədikdə, təzə-təzə olanda bunun fəsadları o qədər də görünməsə də, sonradan, üstündən bir neçə il keçəndən sonra olduqca böyük fəsadlara səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında əmlak eksperti Anar Nəsirov deyib.

Onun sözlərinə görə, çox vaxt vətəndaşlar, alıcılar evi kənardan baxaraq, konkret olaraq almağa qərar verirlər:

“Əlbəttə, tələsik almağa qərar verirlər. Yəni, evin texniki tərəflərini tam olaraq yoxlamadan, incələmədən bu evləri alırlar. Daha sonra isə üstündən bir neçə il keçdikdən sonra aldıqları evə görə peşman olurlar.

Yəni, çox hallarda vətəndaşlar aldıqları evin bünövrəsinin olub-olmamasını yoxlamırlar və yaxud da buranın hansı dərəcədə sel basma riskinin olub-olmamasını araşdırmırlar. Evin hansı formada tikilməsi, hansı materiallardan istifadə olunması, hansı səviyyədə tikilməsi kimi məsələləri qiymətləndirmirlər.

Çox halda bunlardan xəbərləri olmasa da, bilmədən bu addımları atırlar və nəticə etibarilə iş-işdən keçəndən sonra artıq heç nə etmək olmur. Ona görə də ev alarkən xüsusilə diqqət etmək lazımdır: bunun qanuni fundamenti varmı? Bünövrəsi normal tikilibmi? Beton tökülüb, armatur qoyulubmu onun içinə? Yaxud yerdən hansı səviyyədə hündürlükdə kürsü qoyulub və daha sonra ev inşa edilibmi? Bu tikinti daşla tikilib, dübəl daşla tikilib, yoxsa kürsüdən sonra bunun kəmər kimi, el arasında kəmər adlandırdığımız beton hissəsi qoyulub? Məsələn, dörd-beş daş kürsüdən asılıdır, yerin səviyyəsindən asılıdır. Belə ki, orada üç daş da ola bilər, beş daş da, on daş da. Buna el arasında kürsü deyirlər.

Yəni, bu tikildikdən sonra bu, nə dərəcədə zəlzələyə qarşı və yaxud da sel basmasına qarşı dayanıqlıdır? Su gəlsə belə, evə çatmasın, qalxa bilməsin. Ev yer səviyyəsindən hündür olduqda, bura sel bassa da, evə zərər verə bilmir.

Yəni, o kürsü tikildikdən sonra oraya yenə də beton blok tökülür. Belə ki, armatur həmin kürsüdən bir metrədən sonra dəmir toxunaraq yerləşdirilir və beton tökülür bütün evin, yəni bütün divarın üstünə.

Yəni, bu o deməkdir ki, sabah həmin divarın sınma, qırılma və yaxud da çökmə riski olmasın. Çünki o beton həmin divarı birləşdirir, konkret olaraq bir bütöv halına gətirir.

Daha sonra yenə tikilir, yenə sonda yuxarıda beton tökülürsə, ara kəsmələr, mərtəbəarası və yaxud da mərtəbə ilə aşağıdakı divarın arasında beton olmalıdır. Əgər orada taxtadan, atmalardan istifadə olunursa, yenə də burada beton tökülməlidir.

Daha sonra bu tikildikdən sonra yuxarıda, damın altında da millər qoyulmalı, yenə də orada beton kəmərdən istifadə edilməlidir. Yəni, o kəmər dediyimiz beton armatur toxunaraq oraya yerləşdirilir, daha sonra qəlib qurularaq həmin yerə də beton tökülür. Bu da, yenə də qeyd etdiyim kimi, birinci mərtəbə, yəni padvarla, o kürsü ilə birinci mərtəbənin arasında olduğu kimi, burada da sınma, qırılma və yaxud da çökmə olmasın deyə edilir.

Belə bir şey olarsa, həmin beton blok onu saxlayır. Yəni, bunun aralanmaması, sınmaması üçün bir vasitədir, texniki şərtdir, belə deyək.

Bunun töküldüyü, betonun olub-olmadığı yoxlanılmalıdır. Çox hallarda damlar betonla bərkidilmir, yəni dam sadəcə yuxarıdan taxtanın üstündən vurulur. Bu da küləkli havalarda damın uçmasına, küləyin onu aparmasına səbəb olur. Yəni, o, evə bərkidilməlidir, atmalar, taxtalar evə bərkidilməlidir.

Yaxud da elə yerlər var ki, pəncərə qabaqlarında cütdəş tikilirlər. Harada ki, bilinirsə, bu, təkdaşlı, cütdəşli olanı cütdəş tikirlər ki, istifadə etsinlər. İnsanların görə biləcəyi yerləri cütdəşlə, görə bilməyəcəkləri, təyin edə bilməyəcəkləri yerləri təkdaşla tikirlər. Yəni, bu şeylərə vətəndaşlar xüsusi diqqət etməlidirlər.

Bu yerin nə dərəcədə, məsələn, təbii fəlakətlər üçün riskli olması da araşdırılmalıdır. Zəlzələyə və yaxud da uçqun, sürüşmə zonasındadırmı, yoxsa normal bir yerdədirmi? Bu, bir tərəfdən.

İkinci tərəfdən isə insanlar çox vaxt bu evləri alarkən onların sənədli olub-olmamasına diqqət etmirlər. Yəni, belə ki, bildiyiniz kimi, 2007-ci ilə qədər bələdiyyələrin qərar vermək, yəni torpağa sərəncam vermək hüquqları, bələdiyyələrin və icra hakimiyyətlərinin olduğu halda, çox hallarda 2007-ci ildən sonra, bələdiyyənin belə bir səlahiyyəti olmadığı dövrdə insanlar 2007-ci ildən sonra verilmiş bələdiyyə sərəncamları ilə torpaq və yaxud da ev alırlar.

Yəni, bu evlərin bir çoxunun sonradan çıxarışı olmur. Daha sonra məlum olur ki, bu evə bələdiyyənin 2007-ci ildən, bildiyiniz kimi, sərəncam vermək hüququ yoxdur.

Bələdiyyələr torpağa sərəncam verə bilər, torpaqla bağlı sənədlər verə bilər. Yəni, bu şeyləri nəzərə alırlar. Və yaxud da ki, əgər çıxarışla həmin evləri alırlarsa, torpaq kimi çıxarışın kateqoriyasına baxmırlar.

Torpağın kateqoriyası başqa bir şeyə aid olur. Məsələn, kənd təsərrüfatı üçün, əkin üçün və yaxud da dövlət torpaqları olur. Yəni, konkret olaraq vətəndaşlar fərdi yaşayış evi üçün torpaq alırlarsa və yaxud torpaq üzərində hər hansı bir ev alırlarsa, orada torpağın təyinatı konkret olaraq yaşayış məntəqəsinin torpaqları olmalıdır.

Çıxarışla alınan torpaqlardan və evlərdən gedir söhbət. Əgər bu çıxarışla alınan torpaqlarda və yaxud da evlərdə təyinat yerində başqa bir kateqoriya, təyinat yeri yazılıbsa, məsələn, kənd təsərrüfatı, kənd təsərrüfatı təyinatlı və yaxud da dövlət torpaqları və ya digər bir kateqoriya ola bilər. Bunlar konkret olaraq ev tikmək üçün nəzərdə tutulmuş kateqoriyalar deyil.

Yəni, bu cür təyinatlı torpaqlarda konkret olaraq ev tikmək qanunvericiliklə qadağandır. Ancaq yaşayış məntəqəsinin torpaqları yazılan çıxarışla torpaq və yaxud da torpaq üzərində ev almaq məqsədəuyğun hesab edilir. Çünki ancaq bu kateqoriyada olan torpağın üzərində tikilmiş evlərə çıxarış verilə bilir.

Digər tərəfdən, əgər orada, belə deyək, kateqoriyaların dəyişdirilməsinə yol açıldı, qərar qəbul edildi, o da o zaman mümkündür ki, həmin yerlərdə insanlar daha çox sıx yaşasın və yaxud da evlərin sayı çox olsun. Əgər orada məskunlaşma daha çoxdursa, müvafiq qərarla təsdiq olunarsa və yaxud həllini taparsa, bu zaman torpağın kateqoriyası dəyişdirilir.

Digər tərəfdən, insanlar həmin bu evləri alarkən neftin, qazın və yaxud digər hansısa təşkilatın qadağan olunmuş yerində tikilib-tikilmədiyinə də diqqət etməlidirlər. Yüksək gərginlikli elektrik xətlərinin altında, neft kəmərlərinin qırağında, neft quyularının kənarlarında, yəni qadağan olunmuş ərazilərdə tikilən evi və yaxud torpağı almaq insanların gələcəkdə bunun problemlərini çəkməsinə səbəb olacaq.

Çünki bildiyiniz kimi, bu yerlərdə tikilən evlərə konkret olaraq çıxarış verilmir və yaxud da bunların sökülmək riski daha çoxdur.

Buna görə vətəndaşlar, alıcılar ev alarkən sadaladığım yerlərdə torpaq və yaxud fərdi yaşayış evinin alınmamasına diqqət göstərməlidirlər. Əks halda gələcəkdə verdikləri pulu itirməklə yanaşı, illərlə məhkəmə çəkişmələri öz vaxtlarını aparacaq və yaxud da olduqca böyük əziyyət çəkmələrinə gətirib çıxaracaq.

Bu nöqteyi-nəzərdən vətəndaşları bir ekspert kimi xəbərdar edirəm və tövsiyə edirəm ki, yüksək gərginlikli xətlərin altında, neft quyularının qırağında və yaxud da neft torpaqlarına aid olan torpaqlarda, digər tərəfdən magistral yolların, dəmir yollarının və yaxud da neft kəmərlərinin qırağında tikilən evlərdən maksimum uzaq dursunlar.

Yəni, bu torpağın hansı orqanın balansında olub-olmamasını yoxlasınlar. Konkret olaraq, tələsmədən qərar versinlər. Vətəndaşların öz pullarını itirməsinə və yaxud həmin aldıqları evin gələcəkdə sökülməsinə gətirib çıxara bilər.

Bu nöqteyi-nəzərdən, sadaladığım kimi, çıxarışda “yaşayış məntəqəsinin torpaqları” qeyd olunmalıdır. Vətəndaşların çoxu bununla bağlı səhvə yol verir. Məsələn, əgər bunun üstündə çıxarış yazılıbsa, bu evin çıxarışı varsa, o demək deyil ki, hər şey qaydasındadır. Yəni, bu o deməkdir ki, çıxarışda “yaşayış məntəqəsinin torpaqları” yazılıbsa, bəli, bu, tamamilə qanunidir.

Əgər digər, belə deyim, məsələn, kənd təsərrüfatı və yaxud əkinə yararlı, heyvandarlıq və yaxud da digər bir kateqoriya yazılıbsa, bu yaşayış məntəqəsinin yaşamaq üçün nəzərdə tutulmayıb. Yəni, bu torpağın üzərində hər hansı bir yaşayış evinin tikilməsi qadağandır. Vətəndaşlar bu məsələlərə diqqət etməlidirlər.

Çıxarış o deməkdir ki, çıxarış yazılıbsa, varsa, bu, tam hüquq verir. Çıxarışda hüququn növü, xüsusi mülkiyyət olmalıdır. Digər tərəfdən, əgər yaşayış evi üçün, yəni yaşamaq üçün tikinti aparmaq məqsədilə torpaq alırlarsa və yaxud ev alırlarsa, orada təyinat konkret olaraq “yaşayış məntəqəsinin torpaqları” kimi qeyd edilməlidir. Məhz bu torpaqlarda yaşamaq üçün ev tikintisinə icazə verilir, digər kateqoriyalarda isə verilmir”.