“Böyük Qayıdış Azərbaycanın strateji dövlət məsələsidir. Burada söhbət Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin tam şəkildə bərpa olunmasından gedir. İnsanlarımızın 30 illik məcburi köçkünlükdən sonra öz yurdlarına qayıdaraq sivil həyata dönüşündən gedir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, həmin ərazilərdə 30 illik talançı siyasətdən sonra bütün sosial, iqtisadi və mədəni infrastrukturların yaradılmasından gedir:
“Bu ərazilərin illər boyu vəhşi talançı qüvvələr tərəfindən talan olunmuş fauna və florasının bərpasından gedir. Bu ərazilərin 30 illik işğal rejimindən sonra təbii ehtiyatlarından bütün Azərbaycan xalqının mənafeyi naminə istifadə olunması üçün işlək mexanizmlərin yaradılmasından gedir.
Həmin ərazilərin Azərbaycanın digər regionları ilə bərabər səviyyədə sosial-iqtisadi inkişafının təmin olunmasından gedir. Əgər bunlar olmasa, Azərbaycanın suverenliyinin bərpası yalnız kağız üzərində qalmış ola bilər. Təbii idi ki, Azərbaycan özünün suverenliyini xəritə üzərində tam bərpa etdi — 2023-cü ilin antiterror əməliyyatı ilə.
Amma xəritə üzərində suverenliyin bərpası ilə bərabər, bu suverenliyin real iqtisadi, sosial, mədəni və demoqrafik məzmununun da təmin olunmasına ciddi ehtiyac var. Bu mənada Böyük Qayıdış Azərbaycanın suverenliyinin xəritə üzərində bərpası ilə bərabər, Azərbaycanın suverenliyinin həm də iqtisadi, sosial, siyasi, mədəni və demoqrafik anlamda bərpası deməkdir. Başqa sözlə desək, Böyük Qayıdış Azərbaycanın suverenliyinin iqtisadi, siyasi, sosial, mədəni və demoqrafik məzmununun təmin olunması deməkdir.
Böyük Qayıdış dövlətin bütün gücünün nümayişidir. Çünki 30 ildə bu ərazilərə o qədər böyük zərbələr vurulub ki, bir çoxları hətta onların yenidən bərpa oluna biləcəyinə belə inanmadılar. Amma cəmi bir neçə ildən sonra əhalinin məskunlaşması, körpülərin, yolların salınması, burada təsərrüfat subyektlərinin yaradılması, yaşayış məskənlərinin salınması, sərhədlərin təhlükəsizliyinin tam şəkildə təmin olunması Azərbaycan dövlətinin həm də gücünün nümayişidir.
Beləliklə, Böyük Qayıdış Azərbaycanın suverenliyinin real məzmuna qayıdışı deməkdir. Azərbaycanın suverenliyinin iqtisadi, sosial, mədəni, humanitar və demoqrafik anlamda tam kəsb olunması və Azərbaycanın azad olunmuş ərazilərində dövlət sərhədlərinin təhlükəsizliyinin təmin olunması deməkdir. Bu mənada Böyük Qayıdış uzunmüddətli bir proqram olmaqla, həm də böyük strateji əhəmiyyət daşıyır.
Hazırda bu proqramın çox mühüm bir hissəsi icra olunub. Əhalinin köçürülməsi, məskunlaşdırılması, infrastrukturların yaradılması, sərhədlərdə təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın inkişafı üçün mexanizmlərin yaradılması yönündə əhəmiyyətli işlər görülür. Yəqin ki, bunlar davam etdiriləcək”.