Azərbaycan xalqının yaddaşında Laçın həm ağır itkilərin, həm də böyük Zəfərin rəmzlərindən biridir. Uzun illər doğma yurdlarından ayrı düşən Laçın sakinləri öz doğma yurdlarına qayıdışın sevincini yaşayır, Laçın isə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesinin aparıldığı məkanlardan birinə çevrilir.
Bu sözləri SİA-ya deputat Könül Nurullayeva deyib.

O bildirib ki, 1992-ci il mayın 18-də Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi Azərbaycanın ərazi bütövlüyünə vurulan ağır zərbələrdən biri oldu. Şuşa ilə yanaşı, Laçının da itirilməsi Qarabağın coğrafi və strateji vəziyyətinə ciddi təsir göstərdi. Rayonun Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında yerləşməsi onun hərbi-strateji baxımdan xüsusi əhəmiyyətini müəyyənləşdirirdi.
Laçının işğalı Azərbaycanın müstəqilliyinin ilk illərində yaşadığı mürəkkəb siyasi və hərbi böhran şəraitində baş verdi. Ölkədə hakimiyyət uğrunda mübarizənin kəskinləşməsi, dövlət idarəçiliyindəki problemlər, cəbhədə vahid komandanlığın və koordinasiyanın yetərincə təmin olunmaması müdafiə imkanlarını zəiflədir, düşmənin qarşısında ciddi çətinliklər yaradırdı. Belə bir şəraitdə Laçının müdafiəsi lazımi səviyyədə təşkil edilmədi. Rayonun işğalı minlərlə insanın doğma yurdunu tərk etməsi, böyük insan tələfatı və sosial-iqtisadi itkilərlə nəticələndi:
“İşğal illərində Laçının tarixi-mədəni irsinə də ciddi ziyan vuruldu. Yaşayış məntəqələri, sosial obyektlər, təhsil və səhiyyə müəssisələri dağıdıldı, tarixi abidələrə zərər yetirildi. İşğal altındakı digər Azərbaycan ərazilərində olduğu kimi, Laçında da qanunsuz məskunlaşdırma və təbii sərvətlərdən qanunsuz istifadə siyasəti həyata keçirildi.
Lakin 2020-ci il Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər Laçının taleyində yeni səhifə açdı.
2020-ci il dekabrın 1-də Laçın rayonu üçtərəfli bəyanata uyğun olaraq Azərbaycana qaytarıldı. Növbəti mühüm mərhələ isə 2022-ci ilin avqustunda yaşandı. Avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Bununla da Laçın uzun illərdən sonra yenidən Azərbaycan bayrağının dalğalandığı şəhərə çevrildi.
Bu tarixi hadisənin əhəmiyyətini nəzərə alaraq 26 avqust Laçın Şəhəri Günü kimi müəyyən edildi. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərin şəhər günlərinin təsis edilməsi Zəfər tarixinin mühüm hadisələrinin əbədiləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu gün Laçında həyata keçirilən layihələr şəhərin müasir simasını formalaşdırmaqla yanaşı, onun gələcək iqtisadi və sosial inkişafının əsaslarını yaradır.
Yeni yaşayış kompleksləri, məktəblər, uşaq bağçaları, tibb müəssisələri, inzibati binalar, yollar, parklar və digər sosial obyektlər şəhərə qayıdan sakinlərin rahat yaşayışı üçün bütün zəruri imkanların yaradılmasına xidmət edir.
Laçının gələcək inkişafının əsas istiqamətlərindən biri də şəhərsalma prosesinin uzunmüddətli perspektivdə planlaşdırılmasıdır. Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planın təsdiqlənməsi şəhərin müasir şəhərsalma prinsipləri əsasında inkişaf etdirilməsinə imkan yaradır.
Rayonun iqtisadi potensialının üzə çıxarılması, yeni iş yerlərinin yaradılması və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində də mühüm layihələr həyata keçirilir. Laçın Aqro-Sənaye Parkının yaradılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Parkda 46 müəssisənin fəaliyyət göstərməsi nəzərdə tutulur ki, bu da rayonun kənd təsərrüfatı və emal sənayesinin inkişafına, məşğulluğun artırılmasına mühüm töhfə verəcək.
Laçının yeni inkişaf mərhələsinin mühüm layihələrindən biri də Laçın Beynəlxalq Hava Limanıdır.
2025-ci il mayın 28-də istifadəyə verilən hava limanı şəhərin nəqliyyat əlçatanlığını əhəmiyyətli dərəcədə artırıb. Yeni hava nəqliyyatı infrastrukturu Laçının, eləcə də Qarabağ və Şərqi Zəngəzurun turizm imkanlarının genişləndirilməsi üçün əlavə perspektivlər yaradır.
Laçının inkişafında turizmin də xüsusi yeri var. Rayonun zəngin təbiəti, dağlıq landşaftı, çayları, meşələri və tarixi-mədəni irsi onun gələcəkdə Azərbaycanın əsas turizm istiqamətlərindən birinə çevrilməsi üçün geniş imkanlar yaradır.
Şəhərin artan mədəni əhəmiyyətinin göstəricilərindən biri də 2025-ci ildə Laçının “MDB-nin mədəniyyət paytaxtı” elan edilməsidir. Bu status Laçının regionun mədəni həyatında mühüm rol oynayan şəhər kimi mövqeyinin gücləndiyini göstərir.
Laçının dirçəlişinin ən mühüm göstəricilərindən biri isə insanların doğma torpaqlarına qayıtmasıdır. 2023-cü il mayın 28-dən etibarən şəhərə qayıdış başlanıb. İndi Laçında yeni həyat qurulur. Vaxtilə işğalın dağıtdığı küçələrdə yeni yaşayış məhəllələri salınır, ailələr öz doğma şəhərlərində gələcəklərini qururlar.
Laçının bu günkü siması Azərbaycanın ərazi bütövlüyünün bərpasının yaratdığı yeni reallıqların göstəricisidir. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə ardıcıl səfərləri zamanı müəyyənləşdirilən inkişaf istiqamətləri Laçında konkret layihələr şəklində özünü göstərir.
Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında keçirilən görüşü isə şəhərin regional və diplomatik baxımdan da artan əhəmiyyətini nümayiş etdirən mühüm hadisələrdən biri oldu.
Bu gün Laçın Azərbaycanın Zəfərinin nəticələrini gündəlik həyatında nümayiş etdirən, Böyük Qayıdışın real ünvanına çevrilən və gələcəyə inamla addımlayan şəhərdir.
Laçının yeni inkişaf mərhələsi bir daha göstərir ki, işğaldan azad edilmiş ərazilərdə əsas məqsəd daha müasir, dayanıqlı və gələcəyə hesablanmış həyat qurmaqdır. Laçın bu gün Azərbaycan bayrağı altında yeni inkişaf yolunu yaşayır”.
Ayşən Vəli