"Qarabağ və Şərqi Zəngəzurun turizm potensialı qarşıdakı illərdə daha da inkişaf edəcək. Artıq bölgədə infrastruktur problemlərinin mərhələli şəkildə həll olunması, yeni yolların, yaşayış məntəqələrinin və turizm obyektlərinin yaradılması bu istiqamətdə mühüm imkanlar formalaşdırır". Bu fikirləri SİA-ya açıqlamasında turizm eksperti Cabir Dövlətzadə deyib.

Onun sözlərinə görə, xüsusilə bölgədə beynəlxalq reyslərin açılması xarici turistlərin Qarabağ və Şərqi Zəngəzura səfərlərinin artmasına, həmçinin ərazinin turizm potensialının beynəlxalq səviyyədə tanıdılmasına əhəmiyyətli töhfə verəcək:
"Qarabağ və Şərqi Zəngəzur turizm baxımından hələ sovet dövründən Azərbaycanın önəmli bölgələrindən biri olub. Burada sağlamlıq, mədəniyyət, dağ, kənd və digər turizm istiqamətlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Kəlbəcərdə yerləşən İstisu sanatoriyası bunun ən mühüm nümunələrindən biridir. Müalicəvi kurort zonası kimi İstisu nəinki keçmiş Sovet İttifaqında, hətta digər sosialist ölkələrində də tanınırdı və hər il çoxsaylı qonaqları qəbul edirdi.
Kəlbəcərin yenidən məskunlaşdırılması və burada infrastrukturun bərpası gələcəkdə sağlamlıq turizminin ciddi şəkildə inkişafına imkan verəcək. Eyni zamanda, rayonun yüksək dağlıq relyefi kanat turizmi və ekstremal turizm üçün də böyük potensial yaradır. Xarici turistlər arasında bu istiqamətlərə marağın yüksək olması Kəlbəcərin gələcəkdə regionun əsas turizm mərkəzlərindən birinə çevrilməsinə şərait yarada bilər. Rayonun füsunkar təbiəti də bu imkanları daha da artırır.
Şuşaya gəldikdə isə burada əsas üstünlük Azərbaycanın zəngin mədəni irsidir. Şuşa Azərbaycan mədəniyyətinin beşiyi, musiqi və incəsənət tariximizin mühüm mərkəzlərindən biridir. Azərbaycan mədəniyyətini yaxından tanımaq istəyən xarici turist üçün Bakı ilə yanaşı, Qarabağa, xüsusilə də Şuşaya səfər etmək mühüm əhəmiyyət daşıyır. Görkəmli mədəniyyət xadimlərinin ev-muzeylərinin yaradılması, onların büstlərinin ucaldılması, beynəlxalq musiqi festivallarının keçirilməsi və Şuşanın özünəməxsus təbii gözəlliyi şəhərin turizm cəlbediciliyini daha da artırır.
Hazırda da bölgədə turistlərin ən çox üstünlük verdiyi məkanlardan biri Şuşadır. Gələcəkdə nəqliyyat və turizm infrastrukturunun daha da inkişaf etdirilməsi ilə həm yerli, həm də xarici turistlərin Şuşaya marağının artacağını gözləmək olar.
Qarabağ və Şərqi Zəngəzurun digər mühüm turizm istiqamətlərindən biri isə aqroturizmdir. Xüsusilə Zəngilan və Cəbrayıl rayonlarında bu sahənin inkişafı üçün geniş imkanlar var. Arıçılığın inkişafı arıçılıq və apiturizm, o cümlədən arı məhsullarından istifadə ilə bağlı sağlamlıq turizminin formalaşmasına şərait yarada bilər. Kənd turizminin inkişafı da bölgənin təbii landşaftını, kənd həyatını və yerli təsərrüfat ənənələrini görmək istəyən turistlərin cəlb olunmasına imkan verəcək.
Bölgədə mineral suların və çoxsaylı bulaqların mövcudluğu da turizm potensialını əhəmiyyətli dərəcədə artırır. Bu təbii sərvətlər həm sağlamlıq turizminin, həm də ekoturizmin inkişafı üçün mühüm üstünlükdür.
Aqroturizmin digər istiqamətlərindən biri kimi şərabçılıq turizmini də qeyd etmək olar. Füzuli və Xocavənd əraziləri, xüsusilə Hadrut, tarixən üzümçülük və şərabçılıq baxımından əhəmiyyətli bölgələr olub. Bu ərazilərdə ənənəvi üzümçülüyün bərpası və müasir turizm infrastrukturu ilə birləşdirilməsi gələcəkdə şərab turizminin inkişafına ciddi töhfə verə bilər.
Qarabağda inkişaf etdirilə biləcək istiqamətlərdən biri də dark turizmidir. Bunun ən mühüm nümunələrindən biri Ağdam ola bilər. Dark turizm müharibə, dağıntı, təbii fəlakət və digər faciəli hadisələrlə bağlı məkanların turistlərə təqdim edilməsini nəzərdə tutur. Dünyanın müxtəlif ölkələrində belə məkanlar həm tarixi yaddaşın qorunması, həm də gələcək nəsillərə həmin hadisələr haqqında məlumat verilməsi baxımından turizm marşrutlarına daxil edilir.
Ağdamda da işğal dövründə törədilmiş dağıntıların müəyyən hissəsinin tarixi yaddaşı əks etdirən məkan kimi qorunması gələcəkdə bu istiqamətdə turizm marşrutlarının yaradılmasına imkan verə bilər. Bu, xarici turistlərə Qarabağın keçmişi, işğal dövründə üzləşdiyi dağıntılar və regionun bərpası prosesi haqqında daha dolğun məlumat verməyə şərait yaradar.
Bütün bunlar göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun turizm potensialı yalnız bir istiqamətlə məhdudlaşmır. Sağlamlıq, mədəniyyət, dağ, ekstremal, aqro, kənd, ekoloji, şərab və qaranlıq turizm kimi müxtəlif istiqamətlərin inkişafı regionun gələcəkdə Azərbaycanın əsas turizm mərkəzlərindən birinə çevrilməsinə imkan verə bilər. Dövlət Turizm Agentliyinin və digər aidiyyəti qurumların qarşıdakı dövrdə müxtəlif turizm marşrutları formalaşdırması bu potensialın daha geniş şəkildə reallaşdırılmasına mühüm töhfə verəcək".