Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünyanın ən böyük iqtisadiyyatlarını və qlobal qərarvericiləri bir araya gətirən G20 Liderlər Sammitinə dəvət olunması ölkəmizin beynəlxalq arenada artan siyasi çəkisinin, geosiyasi əhəmiyyətinin və qlobal təhlükəsizliyə verdiyi töhfələrin bariz göstəricisidir.
Bu sözləri SİA-ya açıqlamasında türk politoloq Hakan Aktürk deyib.
O bildirib ki, Azərbaycanın G20 kimi diplomatik və iqtisadi güc mərkəzlərindən birinə çevrilmiş platformada təmsil olunması Bakının artıq yalnız regional aktor deyil, Türk dünyasının və qlobal gündəmin əsas iştirakçılarından biri olduğunu təsdiqləyir:
“Azərbaycanın G20 platformasındakı iştirakı və qlobal diplomatiyada yüksələn mövqeyi xronoloji və strateji baxımdan nəzərdən keçirildikdə, bu uğurun düşünülmüş və məqsədyönlü siyasətin nəticəsi olduğu aydın görünür:
15–16 noyabr 2015-ci il – Antalya Sammiti: Türkiyənin ev sahibliyi etdiyi G20 Sammitinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusi dəvəti ilə qatılan Prezident İlham Əliyev Azərbaycanın qlobal enerji təhlükəsizliyində və terrorla mübarizədə oynadığı rolu vurğulayaraq ölkəmizi ilk dəfə bu platformada təmsil edib.
11–22 noyabr 2024-cü il – COP29, Bakı: Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP29) Azərbaycanın qlobal yaşıl keçid, iqlim diplomatiyası, eləcə də Qlobal Cənub və Qlobal Şimal arasında dialoqun inkişafında mühüm mərkəzlərdən birinə çevrildiyini nümayiş etdirib.
Avqust 2025 – fevral 2026-cı il – Strateji tərəfdaşlıq və ticarət marşrutları: Qlobal təchizat zəncirlərinin yenidən formalaşdığı bu dövrdə Azərbaycan Şərq–Qərb nəqliyyat dəhlizi – Orta Dəhliz və Xəzər–Avropa tranzit marşrutlarının mühüm həlqəsi olduğunu bir daha nümayiş etdirib.
İyul 2026-cı il – ABŞ tərəfindən G20 dəvəti: ABŞ sədrliyi tərəfindən rəsmi şəkildə elan edilən qərara əsasən, Azərbaycan Prezidenti İlham Əliyev Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə xüsusi dəvətli qismində dəvət olunub.
G20 üzvü olmayan bir ölkənin sammitə dəvət edilməsi həmin ölkənin iqtisadi potensialına, enerji təchizatındakı strateji mövqeyinə və qlobal sülhə verdiyi töhfələrə göstərilən yüksək qiymətin göstəricisidir.
Azərbaycan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynaması və Türk dünyasını qlobal iqtisadi sistemə bağlayan strateji körpü mövqeyi sayəsində bu xüsusi diqqətə layiq görülüb.
TÜRKBİRKON olaraq vurğulamaq istərdik ki, Azərbaycanın G20 Liderlər Sammitində təmsil olunması bütün Türk dünyası və regional iş dünyası üçün beynəlxalq investisiyaların cəlb edilməsi, yeni ticarət marşrutlarının formalaşdırılması və strateji tərəfdaşlıqların daha da dərinləşdirilməsi baxımından tarixi fürsətdir.
Bu dəvət Azərbaycanın dövlətçilik maraqlarına əsaslanan, qətiyyətli, prinsipial və müstəqil xarici siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən verilən mühüm qiymətidir”.
Ayşən Vəli