Ayaqlarda gecə qıcolmalar niyə baş verir? - HƏKİM AÇIQLADI

21 Avqust 2026 13:06 (UTC+04:00)

Ayaqlarda qıcolma, xüsusilə baldır əzələlərində yaranan spazmlar zamanı xəstənin mütləq müayinə olunması və ətraflı sorğulanması vacibdir. Burada bir sıra məqamlara diqqət etmək lazımdır.

Bu sözləri SİA-ya nevroloq Rəna Abbasova deyib.

O bildirib ki, qıcolmalar epizodik xarakter daşıya bilər. Məsələn, uzun müddət ayaqüstə qalmaq, fiziki fəaliyyət və ya uzun müddət idman hərəkətləri etmək, əzələlərin yorulması nəticəsində belə hallar yarana bilər:

“Lakin bu səbəblərin heç biri yoxdursa və qıcolma səbəbsiz şəkildə baş verirsə, müəyyən məqamlar araşdırılmalıdır. Qıcolmanın yalnız bir ayaqda, yoxsa hər iki ayaqda olması, yalnız gecələr və yuxu zamanı baş verməsi, yaxud gün ərzində də müşahidə olunması vacib göstəricilərdir. Eyni zamanda, qıcolmaların ayaqların yuxarı hissələrində və ya bədənin digər nahiyələrində də olub-olmaması nəzərə alınmalıdır.

Baldır əzələlərində yaranan qıcolmalar bəzən səbəbsiz, yəni idiopatik də ola bilər. Buna kramp deyilir. Ağrılı kramplar əzələ yorğunluğu, mikroelement və vitamin çatışmazlığı, uzun müddət ayaqüstə qalmaq, həmçinin bədənin susuzlaşması nəticəsində yarana bilər.

Bundan başqa, narahat ayaqlar sindromu deyilən bir problem də mövcuddur. Bu zaman xəstə yatağa uzandıqda ayaqlarında narahatlıq və ağrı hiss edir, qeyri-iradi hərəkətlər yaranır və ayaqları hərəkət etdirmək ehtiyacı meydana çıxa bilər. Bu hal da müayinə zamanı nəzərə alınmalıdır.

Əgər hər hansı orqanik və ya somatik problem, damar xəstəliyi, neyropatik zədələnmə və ya diabet kimi metabolik problemlər yoxdursa, digər səbəblər də istisna edildikdən sonra vəziyyət kramp kimi qiymətləndirilə bilər. Bu halda ilk növbədə sadalanan mümkün səbəblərin aradan qaldırılmasına çalışılır.

Əgər bunlar kömək etmirsə, həkim tərəfindən digər müalicə yanaşmaları da nəzərdən keçirilə bilər. Lakin müalicə konkret səbəbdən asılı olaraq müəyyənləşdirilməlidir.

Qıcolma yalnız bir ayaqda yaranırsa, daha geniş müayinə aparılması tələb oluna bilər. Bu zaman elektromioqrafiya və digər müayinələr təyin edilə bilər. Əgər qıcolma hər iki ayaqda, simmetrik şəkildə və yuxarıda qeyd olunan səbəblərin fonunda yaranırsa, yanaşma fərqli olur”.

Ayşən Vəli