"İnsan stressin artıq normal həddi keçdiyini bir çox ilkin əlamətdən hiss edə bilər. Bu vəziyyət adətən birdən-birə son həddə çatmır. Əvvəlcə bədənin müxtəlif sistemlərində, emosional vəziyyətdə, düşüncə proseslərində və davranışlarda müəyyən dəyişikliklər özünü göstərir". Bu fikirləri SİA-ya açıqlamasında psixiatr Azər Bağırov deyib.

Onun sözlərinə görə, ilkin mərhələdə stress bir sıra fiziki əlamətlərlə müşahidə oluna bilər. Ürək-damar sistemində ürəkdöyünmə, titrəmə, əsmə və tərləmə kimi hallar yarana bilər. Mədə-bağırsaq sistemində isə köp, həzmsizlik, ishal və ya qəbizlik kimi problemlər ortaya çıxa bilər: "Uzunmüddətli stress immun sisteminə də təsir göstərərək insanın xəstəliklərə daha həssas olmasına səbəb ola bilər.
Emosional əlamətlər isə insanların ən çox diqqət etdiyi və mütəxəssisə müraciət etməsinə səbəb olan hallardandır. İnsan tez özündən çıxmağa, hər şeyə qıcıqlanmağa və əhvalının tez-tez dəyişməsinə başlayır. Bəzən səbəbsiz yerə daxilində boşluq hiss edir, heç nəyə həvəsi və motivasiyası olmur, gələcəklə bağlı ümidsizliyə qapılır. Əvvəllər zövq aldığı fəaliyyətlər artıq ona maraqlı gəlmir. Bəzi insanlarda daha çox yatmaq və yemək istəyi yaranır, digərlərində isə əksinə, iştaha azalır.
Stressin zehni əlamətləri xüsusilə iş həyatına və insanın gündəlik fəaliyyətinə ciddi təsir göstərə bilər. Diqqət dağınıqlığı, yaddaşla bağlı çətinliklər, fikri bir yerə cəmləyə bilməmək və işə fokuslanmaqda çətinlik yaranır. Xüsusilə intellektual fəaliyyətlə məşğul olan insanlarda bu vəziyyət iş performansının aşağı düşməsinə səbəb ola bilər. İnsan əvvəlki nəticələri göstərə bilmir və bununla bağlı narahatlıq yaşamağa başlayır.
Davranış dəyişiklikləri də stressin mühüm göstəricilərindəndir. İnsan daha tez qıcıqlana, özündən çıxa, aqressiv davranışlar nümayiş etdirə bilər. Bəzi hallarda bu, əşyaları sındırmaq, mübahisə və dava-dalaş yaratmaq kimi davranışlara qədər gedib çıxa bilər. Digər tərəfdən, insan özünə qapanaraq sosial mühitdən uzaqlaşa, tək qalmağa üstünlük verə və əvvəlki aktivliyini itirə bilər. Enerjinin azalması və davamlı fiziki yorğunluq da bu prosesin müşayiətçilərindəndir.
Bütün bu əlamətlər bir müddət sonra insanın ümumi olaraq “özümü yaxşı hiss etmirəm” deməsinə gətirib çıxarır. Lakin əlamətləri ayrı-ayrılıqda təhlil etdikdə görürük ki, vəziyyət ağırlaşmazdan əvvəl orqanizmdə və psixoloji vəziyyətdə müəyyən xəbərdaredici siqnallar meydana çıxır.
Burada həyat tərzinin də böyük rolu var. Xüsusilə yuxu pozuntuları və davamlı təşviş stressin artıq insanın gündəlik həyatına ciddi təsir göstərməyə başladığını göstərə bilər. Yuxunun keyfiyyətinin aşağı düşməsi, gecə ərzində tez-tez oyanmaq və səhər kifayət qədər dincəlməmiş qalxmaq insanın həm əhval-ruhiyyəsinə, həm diqqətinə, həm də səbr və hövsələsinə təsir edir.
Bu əlamətlərə vaxtında diqqət yetirilmədikdə stress yalnız insanın özünə deyil, onun sosial münasibətlərinə də təsir göstərə bilər. Ailə daxilində mübahisələr, iş və sosial münasibətlərdə gərginlik yarana bilər. Bəzi konfliktlər isə sonradan münasibətlərdə qalıcı izlər buraxa bilər. Xüsusilə ailə və evlilik münasibətlərində yaranan problemləri sonradan aradan qaldırmaq və münasibətləri əvvəlki vəziyyətinə qaytarmaq hər zaman asan olmur.
Ona görə də stressin ağırlaşmasını gözləmək düzgün yanaşma deyil. İnsan özündə davamlı yuxu pozuntusu, təşviş, qıcıqlanma, motivasiya və enerji azalması, diqqət dağınıqlığı, sosial həyatdan uzaqlaşma kimi dəyişikliklər müşahidə edirsə, bu əlamətlərə vaxtında diqqət yetirməlidir. Erkən mərhələdə atılan addımlar vəziyyətin daha da ağırlaşmasının və stressin insanın həyatının müxtəlif sahələrinə ciddi təsir göstərməsinin qarşısını almağa kömək edə bilər".