"Uzunmüddətli stress həyat keyfiyyətinə ciddi təsir göstərə bilər" - PSİXOLOQ

21 Avqust 2026 11:40 (UTC+04:00)

"Stress əslində həyatımızın normal bir hissəsidir və hər stress yaşadığımız zaman bunu psixoloji problem kimi qiymətləndirmək düzgün deyil. İş həyatında, təhsildə, münasibətlərdə, ailə daxilində və gündəlik məsuliyyətlər zamanı müəyyən səviyyədə stress yaşamağımız təbiidir". Bu fikirləri SİA-ya açıqlamasında İngla Kids and Preschool-un direktor müavini,Uşaq və Yeniyetmə psixoloqu Aysu Həsənzadə deyib.

Onun sözlərinə görə, burada əsas diqqət etməli olduğumuz məqam stressin nə qədər davam etməsi və insanın gündəlik həyatına nə dərəcədə təsir göstərməsidir. Əgər insan bir müddət sonra əvvəlki emosional vəziyyətinə qayıda bilirsə, gündəlik işlərini davam etdirirsə və yaşadığı gərginliyin öhdəsindən gələ bilirsə, bu, daha çox normal stress reaksiyası kimi dəyərləndirilə bilər:

"Lakin stress uzun müddət davam edirsə, insan istirahət etdiyi halda belə özünü gərgin hiss edirsə, düşüncələrini dayandırmaqda çətinlik çəkirsə, yuxu və iştahında dəyişikliklər yaranırsa, diqqətini toplamaq çətinləşirsə, tez əsəbiləşir və ya əvvəllər zövq aldığı fəaliyyətlərə qarşı marağını itirirsə, artıq buna daha diqqətli yanaşmaq lazımdır.

Bəzən stress yalnız emosional deyil, fiziki əlamətlərlə də özünü göstərə bilər. Səbəbi tam aydın olmayan baş ağrıları, əzələ gərginliyi, ürəkdöyünmə, davamlı yorğunluq və mədə-bağırsaq narahatlıqları kimi şikayətlər də uzunmüddətli stresslə əlaqəli ola bilər.

Ən vacib göstəricilərdən biri isə insanın həyat keyfiyyətində yaranan dəyişiklikdir. Əgər yaşanan gərginlik iş və ya təhsil fəaliyyətinə, münasibətlərə, yuxuya, sosial həyata və gündəlik məsuliyyətləri yerinə yetirməyə mane olmağa başlayırsa, bunu sadəcə keçib gedəcək stress kimi qəbul etməmək lazımdır.

İnsan bəzən bu vəziyyətə o qədər alışır ki, daim gərgin, yorğun və narahat olmağı özünün normal halı hesab etməyə başlayır. Halbuki psixoloji çətinliyi müəyyən edən yalnız əlamətin olması deyil, onun davamlılığı, şiddəti və insanın həyatına göstərdiyi təsirdir.

Bu əlamətlər uzun müddət davam etdikdə və insanın öz resursları ilə vəziyyəti idarə etməsi çətinləşdikdə psixoloqa müraciət etmək faydalı ola bilər. Psixoloji dəstək almaq üçün vəziyyətin mütləq çox ağır mərhələyə çatmasını gözləmək lazım deyil. Erkən mərhələdə yaşanan dəyişiklikləri fərq etmək və onlara düzgün yanaşmaq həm stressin səbəblərini anlamağa, həm də daha ciddi psixoloji çətinliklərin qarşısını almağa kömək edə bilər".