Azərbaycanın iki qadın güləşçisi yarımfinala yüksəlib

20 Avqust 2026 18:32 (UTC+04:00)

Azərbaycanın iki qadın güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında yarımfinala yüksəlib.

SİA xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının məlumatına görə, Günay Qurbanova (57 kiloqram) macarıstanlı Liliana Kapuvarini 12:1, özbəkistanlı Ulbiye Karılıbayevanı 11:1, kanadalı Aqniya Krakovskayanı isə “tuş”la məğlub edib. O, finala gedən yolda hindistanlı Tanvi Gundeş Maqdumla qarşılaşacaq.

Ruzanna Məmmədova (59 kiloqram) isə üçqat U-20 Avropa çempionu ispaniyalı Rosa Molina Rodriqesi 10:0, hindistanlı Komal Komalı isə 14:2 hesabı ilə üstələyib. Məmmədova yarımfinalda Macarıstan təmsilçisi Eda Balaşla üz-üzə gələcək.

Sərbəst güləşdə Camal Abbasov (61 kiloqram) moldovalı Marçel Andronakeni və monqol Dulquun Enxbaatarı 10:0 hesabı ilə məğlub etsə də, 1/4 finalda ABŞ-li Aaron Ceyms Zaydelə uduzub.

Məhəmməd Abbaszadə (86 kiloqram) bolqarıstanlı Alan Tiqiyevə “tuş”la qalib gəlib, 1/4 finalda türkmənistanlı Alp Arslan Begenjova 1:14 hesabı ilə yenilib.

Qeyd edək ki, dünya çempionatında Azərbaycanın aktivində 5 medal var. Yunan-Roma güləşçilərindən Ayxan Cavadov (60 kiloqram) qızıl, Cavidan Nehmətov (77 kiloqram) gümüş, Emin Cavadlı (55 kiloqram), Tural Əhmədov (63 kiloqram) və Elmin Əliyev (82 kiloqram) isə bürünc medal əldə ediblər.