“Bu, Prezidentin beynəlxalq miqyasda güclü lider kimi qəbul olunmasının göstəricisidir” - ŞƏRH

20 Avqust 2026 17:25 (UTC+04:00)

“Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradan Azərbaycanın beynəlxalq miqyasda nüfuzu davamlı olaraq yüksəlir. Bu uğur Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik və uzaqgörən siyasətin nəticəsində əldə olunub. Son illər Azərbaycanın dünyanın diqqət mərkəzinə çevrilməsi, beynəlxalq güclərin ölkəmizlə əməkdaşlığı genişləndirməsi və digər amillər bunun göstəricisidir. Yeni iqtisadi münasibətlər sisteminin formalaşdığı hazırkı dövrdə də ölkəmiz bir sıra parametrlər üzrə qlobal dünyanın diqqətini cəlb edir. Xüsusilə, beynəlxalq iqtisadi münasibətlərdə real və praqmatik rolu, qlobal təşəbbüskarlığı, qısa zamanda orta güc statusu qazanması Azərbaycan üçün mühüm üstünlüklər yaradır. Prezident İlham Əliyevin siyasəti əməkdaşlığa, milli maraqların qorunmasına əsaslandığı üçün dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar Azərbaycana etimad göstərir, ölkəmizi öz sıralarında görməkdən məmnunluq duyduqlarını bəyan edirlər”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan artıq qlobal çağırışların müzakirə masalarında təmsil olunur:

“ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevi G20-yə dəvət etməsi də bunun nümunəsidir. Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında baş tutmuş telefon danışığı zamanı dövlətimizin başçısı G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib. Bu, ölkəmizə olan xoş münasibətin təzahürü kimi qiymətləndirilib”.

Deputat bildirib ki, Azərbaycan xarici siyasət kursunda çoxvektorlu yanaşmaya xüsusi əhəmiyyət verir. Bu kursun ən mühüm amillərindən biri çoxtərəfli əlaqələrin inkişafı, beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın gücləndirilməsidir. Yəni ölkəmiz təmsil olunduğu hər bir beynəlxalq platformada fəallığı və təşəbbüskarlığı ilə seçilir, qlobal miqyasda əhəmiyyətli aktor kimi qəbul olunur. Azərbaycanın iqtisadi əməkdaşlığa verdiyi töhfələr, enerji təhlükəsizliyində oynadığı rol, nəqliyyat dəhlizlərinin inkişafında yaratdığı imkanlar və qlobal təhlükəsizlik prizmasından Cənubi Qafqazda sülh gündəmini reallaşdırması bu fəallığın konkret göstəriciləridir. Eyni zamanda, Azərbaycanın yeni mərhələdə formalaşan iqtisadi-siyasi, ticarət münasibətləri sisteminə verdiyi töhfələr beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Ərazi baxımından kiçik olsa da, Azərbaycanın dünyada cərəyan edən iqtisadi-ticarət proseslərində aktiv iştirak etmək imkanı mövcuddur. Nəticə isə göz önündədir – bu gün ABŞ, Aİ, Türkiyə, İslam dünyası, Mərkəzi Asiya, Uzaq Şərq, Çin, hətta fərqli qitələrin təmsilçiləri Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir.

Millət vəkilinin fikrincə, Azərbaycan bu gün ən əhəmiyyətli qovşaqlardan biri kimi Avrasiyanın mərkəzində birləşdirici funksionallıq daşıyır. Orta Dəhliz vasitəsilə Qərbi Şərqə bağlayan, Mərkəzi Asiya ilə Kiçik Asiyanı qovuşduran, oradan isə Avropa məkanına inteqrasiyanı reallaşdıran Azərbaycan böyük bir anlamda ticarət körpüsünə çevrilib. İstər enerji, istərsə də digər sahələrin inkişafı üçün əsas meyara çevrilmiş Azərbaycan öz üstünlüklərini məharətlə iqtisadi dividendə çevirir – dünyanın bizimlə birgə olmasının ən əsas amili isə odur ki, biz bu dividendi lokal deyil, qlobal müstəvidə dəyərləndiririk. Başqa sözlə, Azərbaycanın yaratdığı bu mənzərədən bütün dünya iqtisadi-ticari baxımdan bəhrələnir.

Pərvin Kərimzadə xatırladıb ki, G20 19 ölkəni və Avropa İttifaqını (Aİ), eləcə də 2023-cü ildən Afrika İttifaqını birləşdirən hökumətlərarası forumdur. Ümumilikdə, G20 qlobal ticarətin 75 faizini və dünya əhalisinin üçdə ikisini əhatə edir. Qrupa ölkə olaraq Argentina, Avstraliya, Braziliya, Birləşmiş Krallıq, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, Fransa, Koreya Respublikası, Cənubi Afrika Respublikası və Yaponiya daxildir. 2009-cu il sammitində G20 özünü beynəlxalq iqtisadi və maliyyə əməkdaşlığının əsas məkanı elan etdi. Qrupun nüfuzu sonrakı onillikdə yüksəldi və hazırda əhəmiyyətli qlobal təsirə malik bir güc kimi tanınır.

“Azərbaycanın G20 kimi qlobal iqtisadi və siyasi çəkisi yüksək olan platformada iştirakı ölkənin beynəlxalq münasibətlər sistemində qazandığı yeni mövqenin mühüm göstəricilərindən biridir. Bu, yalnız Bakının qlobal iqtisadi gündəmdə daha fəal görünməsi deyil, həm də Azərbaycanın artıq regional çərçivələri aşan orta güc aktoru kimi qəbul edilməsinin göstəricisidir”, – deyən deputat əlavə edib ki, Azərbaycan üçün G20 platforması iqtisadiyyatın diversifikasiyası, investisiyaların cəlbi, enerji və nəqliyyat layihələrinin təşviqi baxımından yeni imkanlar yaradır. Bakı burada Orta Dəhliz, Zəngəzur dəhlizi, enerji təhlükəsizliyi, yaşıl enerji və rəqəmsal transformasiya kimi təşəbbüslərini dünyanın aparıcı iqtisadiyyatlarına təqdim etmək imkanı qazanır. Bu isə Azərbaycanın geoiqtisadi əhəmiyyətini daha da artıracaq.

Millət vəkili hesab edir ki, G20 üçün də Azərbaycan çox önəmli dövlətdir. Belə ki, Azərbaycan Şərqlə Qərbi birləşdirən nəqliyyat marşrutlarının üzərində yerləşir, enerji təhlükəsizliyində mühüm rol oynayır və Cənubi Qafqazın yeni iqtisadi konfiqurasiyasının formalaşmasında əsas aktorlardan biridir. Bakı ilə əməkdaşlıq G20 ölkələrinə Avrasiya məkanında yeni logistika və enerji imkanlarından istifadə etmək üçün əlavə perspektivlər açır.

“Bütövlükdə, Azərbaycanın G20 sammitinə dəvət olunması yeni dünya nizamında orta güclərin rolunun artmasının da nümunəsidir. Bakı böyük güclər arasında seçim etmək əvəzinə, müxtəlif güc mərkəzləri ilə paralel və praqmatik əməkdaşlıq quraraq öz milli maraqlarını təmin edir. Bu baxımdan G20 Azərbaycanın diplomatik çəkisinin, geosiyasi manevr imkanlarının və qlobal qərarvermə proseslərinə təsir potensialının artdığını göstərən mühüm platformadır. Ən əsası, ABŞ Prezidenti Donald Tramp tərəfindən cənab İlham Əliyevin sammitə dəvət edilməsi Azərbaycanın regional əhəmiyyəti ilə yanaşı, dövlətimizin başçısının beynəlxalq miqyasda güclü lider kimi qəbul olunmasının göstəricisidir”, – deyə Pərvin Kərimzadə vurğulayıb.