“Məktəblərdə sağlam qidalanma mühiti yaradılmalıdır” - QİDA MÜTƏXƏSSİSİ

20 Avqust 2026 16:16 (UTC+04:00)

"Məktəblərdə uşaqların sağlam qidalanması təmin edilməlidir. Məktəblərdə uşaqların fiziki və əqli inkişafını dəstəkləmək üçün sağlam qidalanma mühiti həm qidalanma, həm maarifləndirmə, həm də infrastruktur səviyyəsində qurulmalıdır". Bu fikirləri SİA-ya açıqlamasında "Refresh Group" MMC adlı Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin baş icraçı direktoru, qida üzrə mütəxəssis Seymur Qafarov deyib.

Onun sözlərinə görə, məktəb və bağçalardakı mətbəxlər qurulan zaman sanitar-gigiyenik və sanitar-texniki vəziyyət qiymətləndirilməlidir: "Həmçinin 300-400 seriyalı paslanmaz metaldan avadanlıqlarla, həm yeməklərin çəkildiyi hissə, həm də mətbəxin daxilindəki avadanlıqlar tam təmin olunmalıdır.

Məktəb yeməkxanalarında balanslı menyu təşkil olunmalıdır. Eyni zamanda məktəb bufetlərində müəyyən standartlar tətbiq edilməlidir. Zərərli qidaların, qazlı və şəkərli içkilərin, çipslərin, enerji içkilərinin, şirinləşdirici məhsulların və trans yağlı fast-food, yəni sürətli qidalanma məhsullarının bufetlərdə satışı tamamilə qadağan edilməlidir.

Rəflərdə təzə meyvə-tərəvəz, çərəzlər, qoz-fındıq, tam taxıllı çörəklər, süd, qatıq, təbii meyvələr və təbii meyvə şirələri ön plana çıxmalıdır. Bu da balanslı menyunun tətbiqinə gətirib çıxarmalıdır.

Təmiz içməli su daim əlçatan olmalıdır. Dəhlizlərdə və yeməkxanalarda şagirdlərin sərbəst istifadə edə biləcəyi təmizlənmiş içməli su dispenserləri quraşdırılmalıdır. Bundan əlavə, uşaqların şəkərli içkilərə olan meyli kəskin şəkildə azaldılmalıdır ki, gələcəkdə yarana biləcək diabet risklərindən mümkün qədər uzaq durmaq mümkün olsun.

Həmçinin qida məhsullarının alınması, saxlanması və bişirilməsi mərhələsində temperatur göstəricilərinə ciddi nəzarət edilməlidir. İşçilərin, əməkdaşların və aşpazların gigiyenik qaydalara əməl etməsi və dövlət tibbi müayinəsindən keçirilməsi mütləqdir.

Məktəb yeməkxanalarında mütəmadi olaraq dövlət qida təhlükəsizliyi qurumları tərəfindən monitorinqlər aparılmalıdır.

İbtidai və orta siniflərdə sağlam qidalanma, qida etiketlərinin oxunması və şəkərin zərərləri mövzusunda interaktiv və mütəmadi dərslər təşkil olunmalıdır.

Yeməkxanalarda “Sağlam boşqab, sağlam süfrə” prinsipi nümayiş etdirilməlidir. Boşqabın yarısının tərəvəz və meyvələrdən, digər hissəsinin isə zülallardan və mürəkkəb karbohidratlardan ibarət olması maket şəklində hazırlanaraq şagirdlərə izah edilməlidir. Bununla bağlı şagirdlər üçün maarifləndirici dərslər keçirilməlidir.

Valideynlərlə də sıx əlaqə saxlanılmalıdır. Uşaqların qidalanma rasionuna evdə də diqqət yetirilməlidir. Evdən hazırlanaraq məktəbə və bağçaya göndərilən nahar qutularında (lunchbox) balanslı qidalanma prinsiplərinə əməl olunmalıdır.

Valideynlərə müəyyən tövsiyələr verilməli, balanslı menyunun həm evdə, həm də evdən bağçaya və məktəbə gətirilən qidalar zamanı təmin edilməsinə diqqət yetirilməlidir".