Türkiyənin Tekirdağ vilayətində 62 yaşlı Fadimə Kuş 1996-cı ildə tarlada tapdığı bir pətəklə başladığı arıçılıq fəaliyyətini illər ərzində genişləndirərək pətəklərin sayını 450-yə çatdırıb.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, bir müddət İstanbulda tikiş-konfeksiya sektorunda çalışan Kuş ailə qurduqdan sonra Tekirdağın Naip məhəlləsinə köçüb. O, həyat yoldaşı ilə birlikdə əkinçiliklə məşğul olmağa başlayıb. Arıçılıq fəaliyyəti isə 1996-cı ildə tarlada işləyərkən bir arı pətəyi tapmaları ilə başlayıb.
Kuş ilk il pətəklərin sayını 6-7-yə çatdırıb. Sonrakı illərdə istehsalı davamlı şəkildə artıraraq 450 pətəyə sahib olub. Hazırda arıçılıq ailənin əsas gəlir mənbəyinə çevrilib.
Kuş bildirib ki, arıçılığa başladığı ilk gündən istehsalı artırmaq üçün çalışıb. Onun sözlərinə görə, arıçılıq həm ailənin dolanışığını təmin edir, həm də onlara sosial təminat baxımından imkan yaradır.
O, gəncləri kənd təsərrüfatı və heyvandarlığa daha çox yönəlməyə çağırıb:
“Əmək olmayanda dolanışıq da olmur. Hamı indi masa arxasında işləmək istəyir. Amma əkinçi olmasa, necə dolanacağıq? Arpa, buğda istehsal olunmasa, nə ilə yaşayacağıq?”
Tekirdağ İl Kənd Təsərrüfatı və Meşəçilik İdarəsinin rəhbəri Mehmet Aksoy isə qadın və gənc fermerlərin dövlət tərəfindən təqdim olunan 70 faizə qədər qrant dəstəklərindən yararlanmasını istədiklərini bildirib.
O qeyd edib ki, arıçılıqda polen, arı südü və ana arı istehsalı da daxil olmaqla müxtəlif istiqamətlər dəstəklənir.
Aksoy arıların kənd təsərrüfatında tozlanma prosesində mühüm rol oynadığını vurğulayıb:
“Arı varsa, həyat var. Xüsusilə meyvəçilikdə arısız sistemi təsəvvür edə bilmirik.”
Onun sözlərinə görə, Kuşun 450 pətəyi üzrə hazırlanacaq layihə çərçivəsində pətəklərin yenilənməsi və arı cinsinin yaxşılaşdırılması nəzərdə tutulur.
Ayşən Vəli