Mənzil almaq üçün vətəndaşın nə qədər müddət ərzində əməkhaqqından vəsait toplamalı olduğu bir sıra amillərdən asılıdır. Burada əsas məsələ yalnız əməkhaqqının məbləği deyil, eyni zamanda vətəndaşın aylıq xərcləri, yığım imkanları və mənzil bazarında qiymətlərin dinamikasıdır. Son illərdə isə bu istiqamətdə vəziyyət daha da çətinləşib. Belə ki, vətəndaşların yığım imkanları ilə mənzil qiymətlərinin artımı arasında ciddi fərq yaranıb.
Mövzu ilə bağlı SİA-ya əmlak eksperti Elnur Azadov danışıb.

O bildirib ki, son illərin göstəricisi odur ki, ölkədə vətəndaşların yığım kapitalı azalıb:
“Geniş miqyasda, yəni ölkə üzrə, 2020-2021-ci ildən sonra vətəndaşların yığım kapitalında azalma müşahidə olunur. Dəqiq faiz dərəcəsi məlum deyil, amma ən azı 25-30 faiz yığım kapitalının azaldığını deyə bilərik. Orta göstəricilər bunlardır”.
Son beş-altı il ərzində təxminən 80 faizə yaxın bahalaşma baş verib. 80 faizə yaxın bahalaşma Bakı şəhərinə aiddir. Yəni, Sumqayıt, Bakı və Abşeron ərazisində mənzil fonduna aid daşınmaz əmlakın bahalaşması 75-80 faiz arasında dəyişib.
Ayşən Vəli