İranın sərt xətt tərəfdarı parlamenti “xarici sızma” ilə mübarizə məqsədi daşıdığı bildirilən və əsasən elm, media və mədəniyyət sahələrini əhatə edən planın əsas müddəalarını təsdiqləyib.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, planın tərəfdarları bunu ötən il İsrail və ABŞ arasında baş vermiş 12 günlük müharibədən sonra milli təhlükəsizliyin gücləndirilməsi məqsədilə casusluğa görə cəzaları sərtləşdirən qanunun davamı kimi təqdim edirlər.
Yeni plana əsasən, vətəndaşlar və müxtəlif qurumlar universitetlər, xarici ölkələrin səfirlikləri ilə əlaqə saxlamaq, eləcə də xarici media orqanlarına açıqlama vermək üçün icazə almalı olacaqlar.
Planla bağlı müzakirələr ABŞ ilə İran arasında əldə olunan anlaşma memorandumunun müddətinin başa çatdığı və ABŞ-İsrailin İrana qarşı hərbi təzyiqinin daha da artacağı ehtimalının gündəmdə olduğu bir vaxtda yenidən aktuallaşıb. Bununla belə, Şirazdan olan sərt xətt tərəfdarı deputat Ruhullah Nejabat bildirib ki, plan ilk dəfə bu ilin əvvəlində İranın düşmənlərinin ölkədəki “təsirinə” qarşı mübarizə aparmaq məqsədilə təsdiqlənib.
Bazar günü parlamentin onlayn iclasında təsdiqlənən qanun layihəsi şəxsi azadlıqları daha da məhdudlaşdıra biləcəyi ilə bağlı ictimaiyyət, ekspertlər və hətta hökumətin bəzi nümayəndələri arasında narahatlıq yaradıb.
Qanun layihəsinin 19 maddədən ibarət ilkin variantı daha əvvəl dövlətə bağlı media tərəfindən yayımlanıb. Çərşənbə günü isə sənədin yenilənmiş, 33 maddədən ibarət variantı dərc olunub.
Layihənin qanuna çevrilməsi üçün parlamentdə yekun təsdiqdən əlavə, 12 üzvdən ibarət güclü konstitusion nəzarət orqanı olan Konstitusiyanın Müdafiəsi Şurasının da təsdiqi tələb olunur. Bu prosesin başa çatması həftələr və ya aylar çəkə bilər.