İsti havada küçə yeməkləri nə qədər təhlükəlidir? - AÇIQLAMA

19 Avqust 2026 22:55 (UTC+04:00)

Küçə yeməklərinə marağın artdığı bir dövrdə açıq vitrində satılan məhsulların təhlükəsizliyi və bu sahədə nəzarət mexanizmlərinin effektivliyi yenidən gündəmə gəlir. Bəs isti havada açıq satılan qidalar nə dərəcədə təhlükəlidir? Küçə yeməkləri və açıq vitrində satılan məhsullara nəzarət necə aparılır?

Məsələ ilə bağlı qida mütəxəssisi Seymur Qafarov SİA-ya açıqlamasında bildirib ki, küçə yeməklərinə marağın artdığı bir dövrdə açıq vitrində satılan məhsulların təhlükəsizliyi və bu sahədə nəzarət dövlət qurumu olan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən, həmçinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilir.

Ümumiyyətlə, isti havalarda, xüsusilə küçələrdə satılan qidalarla bağlı qida təhlükəsizliyi və qida zəhərlənmələri baxımından bir sıra vacib məqamlara diqqət yetirilməlidir.

İsti havalarda açıq vitrində, köşklərdə və sanitar şəraitə uyğun olmayan yerlərdə satılan qidalar mikrobioloji çirklənməyə və ciddi qida zəhərlənməsi riskinə səbəb ola bilər. Bu da mütləq şəkildə Qida təhlükəsizliyi haqqında qanunvericiliyin tələbləri çərçivəsində tənzimlənməli və nəzarətdə saxlanılmalıdır.

Açıq vəziyyətdə satılan qidalar, bəli, təhlükə nöqteyi-nəzərindən günəş şüalarının təsirinə məruz qalması, temperatur rejiminin pozulması, fiziki və mikrobioloji çirklənmə baxımından riskli ola bilər.

Bakteriyaların intensiv çoxalması 20°C ilə 45°C arasındakı temperaturda baş verir. Patogen bakteriyalar, o cümlədən salmonella, Escherichia coli və stafilokoklar üçün bu, əlverişli mühitdir. Soyuducu rejim olmadan saxlanılan qidalarda bakteriyaların sayı təxminən hər 20 dəqiqədən bir ikiqat arta bilər.

Ətraf mühitin çirklənməsi baxımından açıq vitrinlərdə saxlanılan qidalar küçə tozu, avtomobil tullantıları, milçəklər və digər həşəratların daşıdığı mikroblarla birbaşa təmasda olur ki, bu da qidaların çirklənməsinə gətirib çıxarır.

Təhlükəli tərkib dəyişiklikləri isə günəş şüaları və yüksək temperaturun təsiri altında olan məhsullarda, dönərdə, pirojkilərdə, kolbasalarda və marinadlı ətlərdə, mayonezli salatlarda və kremli qənnadı məmulatlarında baş verə bilər. Bu məhsullar sürətlə oksidləşir və zərərli toksinlər əmələ gətirə bilər ki, bu da qida zəhərlənməsinə səbəb ola bilər.

Açıq havada satılan qidalarda temperatur və gigiyena rejiminə riayət olunması olduqca vacibdir.

Azərbaycanda küçə qidaları və açıq vitrində satılan məhsullar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətdə saxlanılır.

Burada açıq şəkildə satılan qidaların istehsal və emal olunduğu yerlərdə, eləcə də açıq ictimai-iaşə müəssisələrində küçə ticarəti ilə məşğul olan hər bir subyekt Qida Təhlükəsizliyi Agentliyində qida təhlükəsizliyi qeydiyyatından keçməli və sanitar-normativ, texniki və hüquqi tələblərə cavab verməlidir.

AQTA müfəttişləri tərəfindən obyektlərdə saxlanma temperaturu, soyuducuların və digər avadanlıqların mövcudluğu, işçilərin tibbi müayinə arayışları, gigiyena təlimləri və dezinfeksiya proseslərinin icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.

Laboratoriya müayinəsi tələb olunan və şübhəli hesab edilən riskli məhsullardan nümunələr götürülərək mikrobioloji və toksikoloji analizlərin aparılması üçün Mərkəzi Qida Təhlükəsizliyi Laboratoriyasına göndərilir.

Əgər verilmiş vaxt çərçivəsində nöqsanlar aradan qaldırılmadıqda, bu barədə inzibati tədbirlər görülür.

Qeyri-şəraitdə, küçədə, soyuducusuz satılan və təhlükəli hesab edilən məhsulların satışına icazə verilmir. Belə məhsullar utilizasiya edilir, qaydaları pozan şəxslər və sahibkarlıq subyektləri barəsində müvafiq tədbirlər görülür və onların fəaliyyətləri məcburi qaydada məhdudlaşdırılır”.

Arzu Qurbanlı