“İnformasiya təhlükəsizliyi ilə bağlı dövlət üzərinə düşəni edib və etməkdədir. Xüsusilə də qanunvericilik bazası yetərincə təkmil şəkildə təmin edilib”.
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
O bildirib ki, bu, hər şeyin tam olaraq kökündən həlli demək deyil. Çünki nə qədər yeni qanunlar, yeni şərait yaradılsa da, yenə də yeni texnologiyalar inkişaf edir. Bizim arxasınca qaçıb çata bilmədiyimiz texnologiyalardan danışırıq.
Yəni, həqiqətən də biz bu gün istifadədə olan texnologiyalarla bağlı bir qanun qəbul edirik, amma ardından bir də görürük ki, daha yeni texnologiyalar ortaya çıxdı və bu texnologiyalarla bağlı hərəkət etmək lazımdır. O baxımdan dövlət təbii ki, sayıqdır, ayıqdır, amma yetərincə iş görmək olduqca çətindir.
Bu baxımdan düşünürəm ki, həm vətəndaşlar, həm də xüsusilə sosial media istifadəçiləri, onlayn mühitdə fəaliyyət göstərən insanlar da təhlükəsizlik məsələlərinə töhfə verməlidirlər.
Yəni, biz dövlətimizlə birlikdə bu məsələlərin üzərinə getməliyik. Heç kim düşünməsin və deməsin ki, “Mənim işim deyil, dövlət etməlidir hər şeyi”. Elə deyil. Çünki indi informasiya həcmi o qədər artıb ki, informasiya təhlükəsizliyi həqiqətən də hər bir kəsdən ayıq-sayıq olmağı tələb edir”.
Arzu Qurbanlı