“Emosional yemək istəyi insanın fiziki olaraq ac olmadığı halda, keçirdiyi hiss və emosiyaları “boğmaq” və ya özünü sakitləşdirmək üçün yeməyə yönəlməsidir". Bu sözləri SİA-ya açıqlamasında Orzax Azərbaycanın Medical direktoru Dr. Şəhriyyə Əhmədova bildirib.

Onun sözlərinə görə, burada məqsəd mədəni doyurmaq deyil, beyni və ruhu sakitləşdirməkdir:
"Mən bunu hormonların oyunu adlandırıram. Stress zamanı kortizol hormonu yüksəlir və beyinə “təhlükədəsən, enerji topla” siqnalı verir. Orqanizm isə xoşbəxtlik və rahatlıq hissi yaradan maddələri axtarmağa başlayır. Şokolad, şirniyyat, fast-food və müxtəlif qəlyanaltılar dopamin sistemini stimullaşdıraraq insana qısa müddətli həzz və rahatlıq hissi verə bilər.
Bəzən insan sadəcə nə edəcəyini bilməyəndə, həyatında boşluq hiss edəndə və ya darıxanda yeməyi bir növ “əyləncə” və vaxt keçirmək vasitəsi kimi görür. Təbii ki, bundan sonra insan yediklərinə görə peşmanlıq da yaşaya bilər".