Polşa 2010-cu ildə Rusiyada baş verən və Prezident Lex Kaçinskinin də aralarında olduğu 96 nəfərin həyatını itirdiyi Smolensk təyyarə qəzasına aid qalıqların qaytarılması ilə bağlı diplomatik təşəbbüslərini əhəmiyyətli dərəcədə zəiflədib.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Polşanın Baş naziri Donald Tuskın rəhbərlik etdiyi koalisiya hökuməti 2023-cü ilin dekabrında hakimiyyətə gəldikdən sonra Varşava Moskvaya təyyarənin qalıqlarının qaytarılması tələbi ilə yalnız bir diplomatik nota göndərib. 2024-cü ilin ilk rübündə göndərilən bu tələbə Rusiya hakimiyyətindən cavab verilməyib.
Bu vəziyyət Polşanın əvvəlki dövrlə müqayisədə diplomatik təzyiqi nəzərəçarpacaq dərəcədə azaltdığını göstərir. 2019–2023-cü illərdə Hüquq və Ədalət (PiS) hökuməti dövründə Polşa qalıqların qaytarılması üçün Rusiyaya 8 ayrı diplomatik nota göndərmişdi. Moskva isə bu notalardan yalnız birinə cavab verərək qalıqların “davam edən məhkəmə istintaqında sübut” olduğunu və bu səbəbdən təhvil verilə bilməyəcəyini bildirmişdi.
Diplomatik gərginlik və istintaq prosesi
Polşa Milli Prokurorluğu açıqlayıb ki, Rusiya rəsmiləri aparılan istintaq başa çatmadan nə təyyarənin qalıqlarını, nə də “qara qutuları” təhvil vermək niyyətindədir. Varşavanın hüquqi yardım tələbləri də dəfələrlə cavabsız qoyulub və ya rədd edilib.
Polşanın Moskva səfiri Krzysztof Krajewski aprel ayında verdiyi açıqlamada bildirib ki, polşalı rəsmilərin təyyarə qalıqlarının saxlanıldığı Smolensk Şimal Hərbi Aerodromundakı əraziyə girişinə artıq icazə verilmir.
Polşa Dövlət Aviasiya Komissiyasının 2011-ci ildə hazırladığı rəsmi hesabatda isə təyyarənin əlverişsiz hava şəraitində və məhdud görünüş şəraitində icazə verilən minimum hündürlükdən aşağı endiyi, enişdən imtina qərarının isə çox gec qəbul edildiyi qənaətinə gəlinib.
Ayşən Vəli