“Texniki üzüm sortlarını təzə halda böyük miqdarda yemək həzm çətinliyi yarada bilər” - EKSPERT

19 Avqust 2026 14:41 (UTC+04:00)

"Hər üzüm sortundan həm süfrəlik, həm də texniki məqsəd üçün eyni səmərə ilə istifadə etmək mümkün deyil". Bu sözləri SİA-ya açıqlamasında qida eksperti Asim Vəliyev deyib.

Onun sözlərinə görə, nəzəri olaraq texniki sortu yemək, süfrəlik sortdan şirə, ya da şərab almaq mümkündür. Amma elmi, texnoloji və orqanoleptik baxımdan bu iki qrup üçün xüsusi seleksiya olunmuş tam fərqli sortlar yetişdirilir. Həm də üzüm sortları botaniki, kimyəvi tərkibinə görə kəskin fərqlənir:

"Süfrəlik üzüm sortlarında gilələr iri, qabıq nazik və elastik, tumsuz, az tumlu olur. Meyvə əti bərk, xırçıldayan və şirəlidir. Digər tərəfdən salxımları irihəcmli və estetik görünüşdə olur. Bu üzüm sortlarında turşuluq səviyyəsi aşağı, şəkərlilik mülayim olur.

Texniki üzüm sortlarında isə gilələri xırda, qabıq qalın, meyvə əti nisbətən az, şirəsi çox və bol tumludur. Həmçinin salxımları da sıx və balaca olur. Şəkərlilik və turşuluq yüksəkdir. Digər bir vacib məsələ odur ki, qalın qabıqda və tumlarda fermentasiya üçün vacib olan taninlər, antosianlar, aromatik birləşmələrlə zəngindir. Bir istehlakçı olaraq marketdən, ya bazardan iri giləli, nazik qabıqlı süfrəlik sortlara üstünlük verə bilərik. Bu üzümlər həzm sistemini yormur. Tumsuz olanlar isə uşaqlar üçün daha təhlükəsizdir. Əgər evdə təbii şirə, kompot hazırlamaq istəyiriksə, süfrəlik üzüm istifadə edə bilərik. Amma ev şəraitində keyfiyyətli sirkə, ya fermentləşdirilmiş içki hazırlamaq istəyiriksə, texniki sortlar daha yaxşı nəticə verir.

Bir məsələni də qeyd edim ki, texniki üzüm sortlarının tumlarında və qalın qabığında taninlər çox olduğu üçün onları böyük miqdarda təzə halda yemək mədə-bağırsaq sistemində həzm çətinliyinə və qıcıqlanmaya səbəb ola bilər. Həmçinin, texniki sortların tərkibindəki yüksək konsentrasiyalı şəkər diabet və karbohidrat həssaslığı olan şəxslər üçün qan şəkərinin kəskin yüksəlməsinə səbəb ola bilər".