Cənubi Koreya və ABŞ illik hərbi təlimləri Trampın göstərişindən sonra qısaldıb

19 Avqust 2026 14:00 (UTC+04:00)

Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərinin müddətini azaldıb. “Ulchi Freedom Shield” təlimləri 11 gün əvəzinə 5 gün davam edəcək və avqustun 21-də başa çatacaq. Təlimlərdə bəzi sahə manevrləri də ixtisar ediləcək.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Qərar ABŞ Prezidenti Donald Trampın ABŞ-ın bu təlimlərdə iştirakının “əhəmiyyətli dərəcədə azaldılması” barədə göstərişindən sonra qəbul edilib. ABŞ Müdafiə Nazirliyinin rəsmisi təlimlərin və canlı atışlarla bağlı tədbirlərin əhəmiyyətli hissəsinin azaldıldığını, bəzilərinin isə ləğv edilərək simulyasiyalarla əvəzləndiyini bildirib. Bununla belə, Vaşinqton əsas hazırlıq və döyüş qabiliyyətinin qorunacağını açıqlayıb.

Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon bildirib ki, nə Seul, nə də ABŞ rəsmiləri Trampın qərarından əvvəl bu addımdan xəbərdar olublar. Onun sözlərinə görə, Trampın qərarı Seulu İran müharibəsinə qoşulmağa təzyiq göstərmək məqsədi daşıya bilər.

Şimali Koreya isə ABŞ və Cənubi Koreyanın hərbi təlimlərini yenidən pisləyib və onları hərbi təhdid kimi qiymətləndirib. Seul isə təlimlərin Şimali Koreyaya hücum və ya Koreya yarımadasında gərginliyi artırmaq məqsədi daşımadığını bildirib.

ABŞ-ın Cənubi Koreyada təxminən 28 500 hərbçisi yerləşir. Yaponiya və Avstraliya da regionda təhlükəsizlik əməkdaşlığının əhəmiyyətini vurğulayıblar.