Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın keçmiş Prezidenti Viktor Yuşenko ilə görüşünü təsadüfi və ya sıradan hadisə kimi qiymətləndirmək olmaz. Azərbaycan-Ukrayna münasibətləri kifayət qədər dərin və çoxşaxəlidir. Bu münasibətlərin inkişafında həm dövlət başçıları arasında şəxsi dostluq əlaqələrinin, həm də iki xalq arasında mövcud olan tarixi və mədəni bağların mühüm rolu var.
Bu sözləri SİA-ya politoloq Turan Rzayev deyib.

O bildirib ki, əslində, Prezident İlham Əliyevlə Viktor Yuşenko arasındakı görüş də göstərir ki, Azərbaycan-Ukrayna münasibətlərinin formalaşmasında və inkişafında dövlət başçılarının, eləcə də bu əlaqələrə töhfə verən şəxslərin rolu böyükdür:
“Azərbaycan Ukraynanın sadiq dostu və tərəfdaşıdır. Eyni zamanda, Ukrayna üçün də Azərbaycanın münasibətləri mühüm əhəmiyyət daşıyır. Bu gün Ukrayna ərazilərinin işğal altında olması reallıqdır. Rusiyanın başladığı müharibənin işğal xarakterli olduğunu təkcə mən deyil, Azərbaycan Prezidenti dəfələrlə açıq şəkildə vurğulayıb. Azərbaycan Ukraynaya humanitar yardımlar göndərir və Ukraynanın haqq işini dəstəkləyir.
Lakin Azərbaycanın bu məsələyə yanaşmasında balanslı mövqe də var. Yəni Azərbaycan Rusiya-Ukrayna müharibəsində işğalçı ilə işğala məruz qalan tərəfi fərqləndirir, lakin eyni zamanda radikal şəkildə tərəf tutmur. Çünki Azərbaycanın Ukraynaya radikal formada dəstək verməsi və ya Rusiya ilə münasibətləri tamamilə kəsməsi Ukraynanın maraqlarına xidmət etməyə bilər. Əksinə, Azərbaycanın balanslı siyasət yürütməsi və həm Rusiya, həm də Ukrayna ilə münasibətlərini qoruması ən çox elə Kiyevin maraqlarına uyğundur.
Müharibə gec-tez başa çatacaq. Müharibədən sonrakı mərhələdə isə tərəflərin uzlaşdırılması üçün etimad qazanan, balanslı mövqeyə malik ölkələrə ehtiyac yaranacaq. Azərbaycan belə ölkələrdən biri ola bilər. Bakı gələcəkdə mümkün danışıqlar üçün həm məkan, həm də vasitəçi rolunda çıxış etmək potensialına malikdir. Bu baxımdan Azərbaycanın mövqeyi Ukrayna üçün kifayət qədər önəmlidir.
Prezident İlham Əliyevə İrpen şəhərinin fəxri vətəndaşı vəsiqəsinin təqdim olunmasına gəlincə, Azərbaycan Ukraynaya müxtəlif istiqamətlərdə yardım göstərib. Müharibədən ciddi zərər çəkmiş İrpen şəhərinə də Azərbaycanın dəstəyi olub. Bu baxımdan, həmin jesti simvolik xarakter daşıyan, eyni zamanda Azərbaycan-Ukrayna münasibətlərinə verilən yüksək qiymətin göstəricisi kimi dəyərləndirmək olar”.
Ayşən Vəli