Kanada Trampın tariflərindən yayınmaq üçün ABŞ-la danışıqları sürətləndirir

18 Avqust 2026 15:19 (UTC+04:00)

Kanada ABŞ Prezidenti Donald Tramp administrasiyasının tətbiq etməyə hazırlaşdığı yüksək tariflərdən yayınmaq üçün son anda razılaşma əldə etməyə çalışır. Razılıq əldə olunmasa, çərşənbə günündən etibarən Kanadanın bir sıra ixrac məhsullarına 50 faizlik gömrük rüsumunun tətbiqi gözlənilir.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yeni tariflərin elektronika, sənaye avadanlıqları, mebel, süd məhsulları və şərab da daxil olmaqla geniş məhsul qrupuna şamil ediləcəyi bildirilir. Təxminən 20,2 milyard dollar dəyərində Kanada məhsulunun yeni tariflərin təsirinə məruz qala biləcəyi qeyd olunur. Bu rəqəm ABŞ-ın Kanadadan idxalının təxminən 5 faizinə bərabərdir.

Tramp administrasiyası tarifləri Kanadanın ABŞ avtomobillərinə, süd məhsullarına və alkoqollu içkilərə qarşı ayrı-seçkilik xarakterli siyasəti ilə əsaslandırır. Yeni tariflərin diqqətçəkən xüsusiyyəti isə ABŞ-Meksika-Kanada sazişi çərçivəsində rüsumsuz hesab olunan bəzi məhsullara da tətbiq edilə bilməsidir.

Ekspertlərin fikrincə, 50 faizlik tariflər Kanadanın yüzlərlə məhsulunun ABŞ bazarında rəqabət qabiliyyətini ciddi şəkildə azalda bilər. Bu, həm iri şirkətlərə, həm kiçik və orta biznesə, həm də fərdi sahibkarlara təsir göstərə bilər. Danışıqları Kanadanın daxili siyasi vəziyyəti də çətinləşdirir

Kanadanın Baş naziri Mark Karni ABŞ Prezidenti Donald Trampla son tarixdən əvvəl danışacağını bildirib. Karni danışıqları “həssas” və “intensiv” kimi xarakterizə edib.

Lakin Kanada hökumətinin qarşısında başqa problem də var: əldə olunacaq mümkün razılaşmanın ölkənin əyalətləri tərəfindən də dəstəklənməsi lazımdır.

ABŞ-ın ticarət siyasətinə cavab olaraq Kanada əyalətlərinin böyük hissəsi ABŞ istehsalı olan alkoqollu içkilərin satışına məhdudiyyətlər tətbiq edib. Ontario və bəzi digər əyalətlərin rəhbərləri Tramp tariflərdən geri çəkilərsə, bu məhdudiyyətlərin aradan qaldırılmasına hazır olduqlarını bildiriblər.

Bununla belə, Kvebek əyalətində süd, yumurta və quşçuluq məhsullarının istehsalı və idxalına tətbiq olunan kvota sistemi danışıqların ən həssas məsələlərindən biri olaraq qalır. Kanada ABŞ-dan daha çox itirə bilər

Məqalədə vurğulanır ki, mümkün ticarət müharibəsində Kanada ABŞ-dan daha böyük iqtisadi itkilərlə üzləşə bilər. Kanadanın ixracının təxminən 70 faizi ABŞ bazarına yönəlir. ABŞ iqtisadiyyatı isə Kanadadan təxminən 13 dəfə böyükdür.

Bununla yanaşı, Kanadada hökumətin Trampa güzəştə getməsinə qarşı ciddi ictimai mövqe də mövcuddur. Sorğulara əsasən, kanadalıların əhəmiyyətli hissəsi ABŞ məhsullarını almağa əvvəlki qədər maraqlı deyil. Məsələn, respondentlərin 69 faizi ABŞ istehsalı olan alkoqollu içkilər yenidən satışa çıxarılsa belə, onları alma ehtimalının aşağı olduğunu bildirib.

Digər sorğuda isə kanadalıların 48 faizi amerikalılar haqqında mənfi fikirdə olduğunu, 45 faizi isə müsbət münasibət bəslədiyini deyib.

Kanada ticarət əlaqələrini şaxələndirmək istəyir

Mark Karni hökuməti ABŞ-dan iqtisadi asılılığı azaltmaq üçün uzunmüddətli perspektivdə ticarət əlaqələrinin şaxələndirilməsinə çalışır. Bunun üçün Asiya və digər regionlarda yeni bazarların axtarılması nəzərdə tutulur.

Ekspertlər hesab edirlər ki, Kanada üçün ABŞ bazarından asılılığın azaldılması uzunmüddətli perspektivdə mühüm əhəmiyyət daşıyır. Bununla belə, ABŞ-a enerji ixracının məhdudlaşdırılması kimi addımlar Vaşinqtona ciddi təzyiq yarada bilsə də, belə qərarların Kanada iqtisadiyyatına da ciddi zərər vurmaq ehtimalı var.

Beləliklə, Kanada qarşısında iki əsas vəzifə dayanır: bir tərəfdən ABŞ-la yeni ticarət müharibəsinin qarşısını almaq, digər tərəfdən isə gələcəkdə ABŞ bazarından asılılığı azaltmaq.