ABŞ-İran danışıqlarında yeni gərginlik yaşanır

18 Avqust 2026 15:09 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp İranla bağlı 60 günlük Anlaşma Memorandumunun (MOU) müddətinin uzadılmasını istəmədiyini bildirib. Bununla yanaşı, Hörmüz boğazının açılması ilə bağlı danışıqlar davam edir.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə,Qətərin Xarici İşlər Nazirliyinin məlumatına görə, vasitəçilər ABŞ və İran arasında daha geniş danışıqlara qayıtmazdan əvvəl İran və Oman arasında Hörmüz boğazı ilə bağlı ikitərəfli razılaşmanın əldə olunmasını gözləyirlər.

İran isə boğazın açılmasını ABŞ-ın müəyyən şərtləri yerinə yetirməsi ilə əlaqələndirir. Tehran Vaşinqtondan İran limanlarına tətbiq edilən blokadanın aradan qaldırılmasını, neft sanksiyalarının ləğvini, dondurulmuş İran aktivlərinin sərbəst buraxılmasını və hərbi təhdidlərin dayandırılmasını tələb edir.

Hörmüz boğazı ətrafında vəziyyətin gərginləşməsi fonunda dəniz nəqliyyatında da təhlükələr qalmaqdadır. Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları qurumunun məlumatına görə, boğazdan keçən gəmilərdən biri naməlum mərminin zərbəsinə məruz qalıb. Hadisə nəticəsində gəminin mühərrik bölməsinə ziyan dəyib və ekipaj üzvlərindən biri xəsarət alıb.

ABŞ-İran arasında iyunda imzalanan MOU 60 günlük danışıqlar prosesinin əsasını təşkil edirdi. Sənəddə hərbi əməliyyatların dayandırılması, ABŞ-ın İran limanlarına tətbiq etdiyi dəniz blokadasını aradan qaldırması və Hörmüz boğazından kommersiya gəmilərinin keçidinin bərpası nəzərdə tutulurdu. Sənədə əsasən, 60 günlük müddət tərəflərin qarşılıqlı razılığı ilə uzadıla bilərdi.

Lakin tərəflər arasında razılaşmanın şərtləri ilə bağlı fikir ayrılıqları aradan qalxmayıb. ABŞ administrasiyası MOU-nun müddətinin uzadılmasına qarşı çıxarkən, İran Hörmüz boğazının gələcək statusu və ABŞ-ın tətbiq etdiyi məhdudiyyətlərin aradan qaldırılması məsələsində güzəşt tələb edir.

Hazırda əsas diqqət İran və Oman arasında Hörmüz boğazı ilə bağlı mümkün razılaşmaya yönəlib. Bu razılaşmanın əldə olunması ABŞ-İran arasında daha geniş diplomatik danışıqların yenidən başlaması üçün mühüm addım hesab olunur.