"Azərbaycan Dövlət Sərhəd Xidməti sərhəd təhlükəsizliyinin qorunmasında ciddi qüvvədir" - HƏRBİ EKSPERT

18 Avqust 2026 15:05 (UTC+04:00)

"Dövlət Sərhəd Xidməti Azərbaycanın güc strukturları arasında öz yeri, çəkisi və konkret fəaliyyət istiqaməti olan bir dövlət qurumudur, strukturdur və qoşun növüdür. Bu illər ərzində, yəni Azərbaycan müstəqilliyini əldə eltdikdən sonra sərhəd qoşunları və ümumiyyətlə sərhəd xidməti, sərhəd mühafizəsi yarandıqdan sonra Azərbaycanın quru və dəniz sərhədlərinin mühafizəsində Dövlət Sərhəd Xidmətinin fəaliyyəti olduqca yüksək qiymətləndirilir". Bu fikirləri SİA-ya açıqlaması zamanı hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, yəni, tam səmimi olaraq bunu deyirəm:

"Məsələ burasındadır ki, 90-cı illərdə sərhəd qoşunları yeni yaranan zaman həm canlı qüvvə, həm peşəkar mütəxəssislər baxımından sərhəd xidmətinin fəaliyyətində ciddi narahatlıqlar olurdu. Yəni, həm şimal, həm cənub istiqamətindən, həm dənizdə qeyri-qanuni keçidlər həyata keçirilirdi. Lakin Dövlət Sərhəd Xidməti çətin və ağır bir yol keçdikdən sonra Azərbaycan sərhəd zolağının, istər su, istər quru sərhəd zolağının möhkəm mühafizəsini təşkil etməyi bacardı.

Bu gün Azərbaycanın dövlət sərhədi dünyada ən ciddi və ən güclü qorunan sərhədlərdən biridir. Burada həm peşəkar mütəxəssislərin, həm canlı qüvvənin, zabit və gizirlərin, bir sözlə, peşəkar mütəxəssislərin, həm də müasir texnologiyalardan istifadə etməklə ciddi fəaliyyət sistemi qurulub.

Mən hesab edirəm ki, həm qeyri-qanuni narkotik qaçaqmalçılığının, həm qeyri-qanuni sərhəddən keçmə hallarının qarşısının alınması və sahilboyu bölgədə, ərazilərdə bu istiqamətdə yeni bu kimi halların qarşısının alınması üçün vətəndaşlarla işlərin aparılması bu Dövlət Sərhəd Xidmətinin uzun illər ərzində fəaliyyətinin nəticəsidir.

Bununla yanaşı olaraq, Vətən müharibəsində də Dövlət Sərhəd Xidmətinin müvafiq strukturları iştirak etdilər. Onlar cəbhənin bir neçə istiqamətində uğurlu döyüş əməliyyatları apardılar. Azərbaycan ərazilərinin işğaldan azad olunması əməliyyatlarının birbaşa iştirakçısı oldular.

Mən hesab edirəm ki, bu gün Azərbaycanın Dövlət Sərhəd Xidməti bütöv, tam bir struktur olaraq Azərbaycanın ərazi bütövlüyünün, sərhəd təhlükəsizliyinin qorunması prosesində çox ciddi bir qüvvə və gücdür. Bunu həm də müharibədə Dövlət Sərhəd Xidməti, sərhədçilərimiz göstərdi".