Cinsi kimliyin dərk edilməsi cinsi oyanma ilə başlayır

18 Avqust 2026 14:04 (UTC+04:00)

Valideynləri ən çox panikaya salan mövzulardan biri də uşaqlarda baş verən erkən cinsi oyanma ilə bağlıdır. Valideynlərdən bu məsələlərlə bağlı, məsələn: "Uşağımın 4 yaşı var. Paltarımı dəyişəndə gəlib baxmaq istəyir, otaqdan çıxmır. Bu hal məni narahat edir, nə edim?" və ya "Övladımın 5 yaşı var. Cinsiyyətə maraq göstərir, bununla bağlı suallar verir. Nə edim?" bu kimi sual ünvanlanır". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib. Ancaq qeyd etmək lazımdır ki, bunu cinsi oyanma kimi deyil, cinsiyyətini dərketmə dövrü saymaq olar. Belə ki, 3 yaşında artıq uşaqlarda "mən" formalaşır. Yəni, özünü, bədənini və bədən üzvlərini tanımağa başlayır. Tam formalaşmağı 7 yaşa qədərdir. Yəni, uşaqlarda 3 yaşda "mən bütünəm" və "cinsiyyət orqanım da mənimdir" anlayışının əsası qoyulur. Psixoloqun sözlərinə görə, bunu "tərbiyəsizlik", "erkən cinsi oyanma" kimi qəbul etmək düzgün deyil. Çünki uşağın cinsiyyətini kəşf etdiyi dövrdə belə maraqlanması, suallar verməsi və s. təbiidir. Yanlış olan valideynin uşağın yanında yarıçılpaq şəkildə paltarını dəyişməsi və ya uşaqla birlikdə çimməsidir. Uşaq ana-atanı və ya bacı-qardaşı paltarsız görməməlidir. Məhrəmiyyət mövzusu olmalıdır, "uşaqdır", "balacadır" deyib keçmək olmaz. Əksinə olduqda bu zaman uşaqlarda cinsəlliyə qarşı maraq artır: "Valideynlər cincəllik və məhrəmiyyət anlayışını ayırd etməlidir. Uşağın maraq göstərməsi təbii haldır, ancaq normadan çox olarsa, bu, müəyyən problemlərə gətirib çıxara bilər. Bir çox hallarda isə cinsi kimliyini anlayan dönəmdə uşaqlar valideynləri və ya digər böyüklər tərəfindən qorxudulur. Belə olduqda uşaqlar cinsiyyət və onunla bağlı məsələlərin "yanlış", tərbiyəsiz" bir şey kimi olduğunu başa düşürlər. Bu da təbii ki, düzgün deyil. Belə olan hallarda irəli yaşlarda qızlarda vaginizim, oğlanlarda müəyyən cinsi problemlər, cinsi istəksizlik və s. müşahidə oluna bilir. Qeyd etdiyimiz kimi, bu maraq 7 yaşına qədər davam edə bilər. Artıq bu yaşdan sonra öz bədənini tanıyan və qəbul edən uşaqda maraq azalmağa başlayacaq. Əgər 7 yaşdan sonra da bu hallar ciddi davam edərsə, demək ki, cinsi kimliyi formalaşmayıb. Belə olan halda peşəkar psixoloq dəstəyi alıb bu problemi aradan qaldırmaq lazımdır", - deyə psixoloq Yeganə Əsgərova söhbətə yekun vurub.

Afət Tahirqızı