Filippində liseydə silahlı hücum: 4 nəfər öldü, 9 nəfər yaralandı

18 Avqust 2026 12:34 (UTC+04:00)

Filippinin cənubundakı Zamboanqa şəhərində yerləşən liseydə silahlı hücum baş verib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, ilk dərsin başlamasına az müddət qalmış törədilən hücum nəticəsində 2 şagird və 2 mühafizəçi həyatını itirib.

Hadisə zamanı daha 9 nəfərin yaralandığı bildirilir.

Hücum edən şəxsin şagird olduğu ehtimal edilir

Məktəbə tapança ilə gələn hücumçunun liseyin sonuncu sinif şagirdi olduğu ehtimal edilir.

Hücumun motivinin və məktəbdə mümkün təhlükəsizlik boşluqlarının müəyyənləşdirilməsi məqsədilə araşdırma başlanılıb.

Dövlət başçısı göstəriş verdi

Filippin Prezidenti Ferdinand Markos Jr. təhlükəsizlik qüvvələrinə hücumla bağlı hərtərəfli araşdırma aparılması barədə göstəriş verib.

Markos həmçinin aidiyyəti qurumlardan məktəblər və yerli icmalarla əməkdaşlıq çərçivəsində şagirdlərin təhlükəsizliyini təmin edən tədbirlərin gücləndirilməsini istəyib.

Ayşən Vəli