Braziliyalı vəkil və sosial media fenomeni Tayane Dalazen Fernando de Noronha adalarında dalış zamanı köpək balığının hücumuna məruz qalaraq ölümdən dönüb. Hadisənin görüntüləri sosial mediada milyonlarla dəfə izlənilib. Dalazen yaşadıqlarını zarafatla ifadə edərək, “Köpək balığı dişini itirmiş olmalıdır” deyib.
SİA xarici mətbuata istinadən xəbər verir ki, Braziliyanın Pernambuco ştatına bağlı Fernando de Noronha arxipelaqı şəffaf suları, zəngin dəniz canlıları və xüsusilə “tubarao-lixa” kimi tanınan sakit təbiətli köpək balıqları ilə məşhur UNESCO Dünya İrsi ərazisidir:
“Turistlər burada tez-tez şnorkellə və ya apne üsulu ilə dalış edərək bu heyvanlarla yaxın məsafədə üzürlər.
Hemşire köpək balıqları ümumiyyətlə aqressiv hesab edilmir və insanları ov kimi qəbul etmirlər. Lakin nadir hallarda stress, təhrik və ya yemləmə kimi vəziyyətlərdə onların insanları dişləməsi mümkündür.
Dalış zamanı köpək balığının hücumuna məruz qaldı
San-Paulu şəhərindən olan vəkil, sörfçü və kontent yaradıcısı Tayane Cachoeira Dalazen Porto de Santo Antonio bölgəsində yerli bələdçi Nego Noronhanın müşayiəti və iki dostu ilə birlikdə şnorkel-apne dalışı edirdi.
Suyun kifayət qədər şəffaf olduğu ərazidə bir neçə hemşire köpək balığı üzürdü. Bu zaman uzunluğu 2 metrdən çox olan köpək balıqlarından biri qəfil Dalazenə hücum edib.
Köpək balığı onu ayağından tutdu
Köpək balığı Dalazeni ayağından dişləyərək bir neçə saniyə suyun altında saxlayıb və silkələyib.
Dalazen həmin an sakit qalmağa çalışdığını və heyvana toxunmamağa diqqət etdiyini bildirib.
Bələdçi köpək balığına vuraraq onun Dalazeni buraxmasını təmin edib. Daha sonra balıqçılar və Dalazenin dostları ona ilkin tibbi yardım göstəriblər.
Yaşadıqlarını zarafatla danışdı
Dalazen müalicə üçün xəstəxanaya çatdırılıb.
Hadisədən sonra sosial media hesablarında yaşadıqlarını paylaşan Dalazen zarafatla “Köpək balığı dişini itirmiş olmalıdır” deyib.
“Köpək balığı izi mənə prestij qazandıra bilər”
Dalazen həmçinin “Sörfçü kimi üzərimdə köpək balığı izi daşımaq mənə hətta prestij qazandıra bilər” deyə bildirib.
Hadisədən 20 gün sonra sörfə qayıdan Dalazen, aylar sonra isə eyni ərazidə hemşire köpək balıqları ilə yenidən dalış edib.
O, həmin anlarda qorxu hiss etmədiyini bildirərək, “Sadəcə bu möhtəşəm heyvanları izləməyin xoşbəxtliyini yaşadım” deyib.
Ayşən Vəli