Qaz kəsiləndə istehlakçının hüquqları nələrdir? - AÇIQLANDI

18 Avqust 2026 12:21 (UTC+04:00)

Qazın təchizatı yalnız müəyyən qanuni hallarda dayandırıla bilər. Belə hallar adətən texniki təmir işləri, qəza vəziyyətləri və ya istehlakçı tərəfindən ödənişlərin gecikdirilməsi ilə bağlı olur.

Bu sözləri SİA-ya açıqlamasında “Hüquqi-Sosial Yardım və Maarifləndirmə” İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.

O bildirib ki, Azərbaycan Respublikasının müvafiq qanunlarına və normativ aktlarına əsasən, belə hallarda təchizatçı istehlakçını əvvəlcədən məlumatlandırmaqla öhdəliklərini icra etməlidir:

“Xüsusilə, təmir və ya profilaktik işlər zamanı istehlakçılara təchizatın dayandırılmasının səbəbləri və müddəti haqqında əvvəlcədən məlumat verilməlidir.

Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanunun 13-cü maddəsində deyilir ki, İstehlakçılara qazın satışı qaz satıcıları tərəfindən həyata keçirilir.
İstehlakçılara qazın satışının xüsusiyyətləri qazdan istifadə qaydaları ilə tənzimlənir.
İstehlakçılar bu Qanuna, qaz təchizatı sektorunu tənzimləyən digər normativ hüquqi aktlara və normativ xarakterli aktlara uyğun olaraq qazı ölkə ərazisində fəaliyyət göstərən qaz satıcısından almaq hüququna malikdirlər.
Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən aşağıdakı hallarda qazın verilməsinin dayandırılır.

- Qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru tərəfindən istehlakçıya qazın verilməsi aşağıdakı hallarda dayandırılır:
- İstehlakçının müvafiq yazılı müraciəti (qazın verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
- Qazın sayğacla müəyyənləşən dəyəri və sabit tarif barədə hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra istehlakçı tərəfindən 1 (bir) ay müddətində tam məbləğdə ödənilmədikdə qaz satıcısının təşəbbüsü ilə;
- Qaz satıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda;
- Təmir-profilaktika və qəza işləri görüldükdə, habelə baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda qaz nəqli sistem operatorunun və ya qazpaylayıcı sistem operatorunun təşəbbüsü ilə;
- Məhkəmənin qərarı ilə;
- Dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda həmin əməliyyatın aparılma zonasında dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında;
-Qazpaylayıcı sistem operatorunun işçilərini müayinə keçirilməsi üçün mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda;
- Qazpaylayıcı sistem operatorunun işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün bu Qanunun 18-ci və 19-cu maddələrinin tələblərini yerinə yetirmədikdə;
-Təhlükə potensiallı obyektlərdə texniki normativ hüquqi aktların tələblərinin pozulması hallarında təhlükəsizlik üzrə dövlət nəzarətini həyata keçirən orqanın (qurumun) göstərişi əsasında;
- İstehlakçının qaz qurğusu texniki reqlamentlərin tələblərinə cavab vermədikdə.
Tikinti obyektinin qoşulduğu qazın nəqli və ya qazpaylayıcı şəbəkədən asılı olaraq məişət qaz qurğularını istifadə edən məişət istehlakçıları üçün sayğaclar müvafiq olaraq qazın nəqli və ya qazpaylayıcı sistem operatorunun vəsaiti hesabına, digər istehlakçılar üçün isə sayğaclar istehlakçının vəsaiti hesabına müvafiq olaraq qazın nəqli və ya qazpaylayıcı sistem operatoru tərəfindən təchiz edilir, quraşdırılır və dəyişdirilir.

İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna uyğun olaraq həyata keçirilir”.

Ayşən Vəli