“İrpenin fəxri vətəndaşı vəsiqəsi İlham Əliyevə diqqətin göstəricisidir” - POLİTOLOQ

18 Avqust 2026 11:34 (UTC+04:00)

"Prezident İlham Əliyevə İrpen şəhərinin fəxri vətəndaşı vəsiqəsinin təqdim olunması Azərbaycanın Ukraynanın haqlı savaşında tutduğu mövqeyə görə göstərilən diqqətdir". Bu sözləri SİA-ya açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib.

Onun sözlərinə görə, Azərbaycan dövlət başçısı bütün beynəlxalq tədbirlərdə çıxışlarında davamlı şəkildə Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bəyan edib. Eləcə də rəsmi Bakı Ukraynaya humanitar yardım və energetika sahəsində dəstəyini əsirgəməyib:

"Bu baxımdan, iki dövlət arasında münasibətlərdə Prezidentə İrpenin fəxri vətəndaşı vəsiqəsinin verilməsi, digər tərəfdən isə İrpenin Rusiya işğalının yaşandığı ən həssas bölgələrdən biri olması xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya səfərindən sonra rəsmi Bakı bəyan etdi ki, ehtiyac olarsa, Ukraynaya təbii qaz tədarükü də nəql edilə bilər. Bu da iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin, eləcə də energetika sahəsində əlaqələrin davam etməsi və genişlənməsinin göstəricisidir.

Azərbaycan işğaldan əziyyət çəkmiş, işğalı yaşamış, işğal olunmuş ərazilərdən köçən vətəndaşlarının acı taleyini yaşamış, minlərlə torpaqlarının azadlığı uğrunda şəhid vermiş bir ölkədir. Ona görə Azərbaycan Ukraynanın düşdüyü vəziyyəti daha yaxşı anlayır.

Bu baxımdan, Azərbaycanla Ukrayna arasında ikitərəfli münasibətlərin inkişafı həm siyasi, həm iqtisadi, həm də humanitar əlaqələr baxımından çox mühümdür. Hətta Ukraynanın bərpası üçün perspektivdə Azərbaycanın Ukraynaya təcrübə mübadiləsi edə bilməsi də mümkündür.

Bütün hallarda Ukraynanın müstəqilliyi, suverenliyi, habelə Ukrayna torpaqlarının işğaldan azad olunması həm də Azərbaycanın milli maraqları baxımından önəmlidir".