"Elbəttə ki, bu üç ölkə bir-biri ilə dost və qardaş ölkələrdir. Onların hər sahədə, o cümlədən də hərbi sahədə iş birliyi zəruridir. Azərbaycanla Gürcüstan, Azərbaycanla Türkiyə, Türkiyə ilə Gürcüstan yeni, hərtərəfli münasibətlərimiz yüksək səviyyədədir və hərbi iş birliyimizin də dərin bir şəkildə qurulması əlbəttə, vacibdir".
Bu sözləri SİA-ya açıqlaması zamanı siyası şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, eyni coğrafiyanı bölüşürük, fərqli ölkələr olsaq da və təbiidir ki, burada istər hərbi məsələlər, istər təhlükəsizlik məsələlərində iş birliyi etməliyik: "O baxımdan mən düşünürəm ki, ümumilikdə Cənubi Qafqazın təhlükəsizliyi baxımından bu iş birliyi vacibdir. Yaxın gələcəkdə istərdim ki, Ermənistan da bu formatda iştirak etsin.
Çünki artıq müharibə geridə qaldı, torpaqlarımızı işğaldan azad etmişik, sülhə məcbur etmə başa çatmaq üzrədir və düşünürəm ki, artıq bundan sonrakı mərhələdə Ermənistanı da kənarda qoymaq olmaz. Çünki yenə də deyirəm, eyni coğrafiyanı bölüşürük, mütləq Ermənistan da burada olmalıdır".