Avqust ayında yayımlanan araşdırmaya əsasən, İngiltərədə elektrikli skuterlərdən istifadə zamanı uşaqların aldığı xəsarətlərin sayı son illərdə 15 dəfədən çox artıb. Bu artım həkimlərin daha sərt tənzimləmə və ictimai sağlamlıqla bağlı maarifləndirmə tədbirlərinin gücləndirilməsi çağırışına səbəb olub.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, araşdırmanı Sheffield Children’s Hospital, Royal Manchester Children’s Hospital və Liverpuldakı Alder Hey Children’s NHS Foundation Trust-ın təcili yardım şöbələrində çalışan tədqiqatçılar aparıblar. Onlar 2019-cu ilin yanvarından 2024-cü ilin dekabrınadək üç tibb mərkəzində qeydə alınan məlumatları təhlil ediblər.
Araşdırılan dövrdə ümumilikdə 477 uşağın elektrikli skuterlə bağlı xəsarət aldığı müəyyənləşib. Hadisələrin sayı 2019-cu ildə 10-dan az olduğu halda, 2024-cü ildə 150-yə yaxınlaşıb.
Üç tibb mərkəzində müalicə olunan uşaqların 95 faizinin xəsarəti skuter sürücülərinin özündə, 5 faizinin xəsarəti isə piyadalarda qeydə alınıb.
Ən geniş yayılmış səbəb elektrikli skuterdən yıxılma olub. Bu, bütün halların 75 faizini təşkil edib. Hadisələrin təxminən 11,5 faizi nəqliyyat vasitəsi ilə toqquşma nəticəsində baş verib, 5 faizində isə elektrikli skuter piyadanı vurub.
Xəsarətlərin təxminən dörddə biri baş nahiyəsi, demək olar ki, beşdə biri isə üz nahiyəsi ilə bağlı olub. Buna baxmayaraq, hadisə zamanı dəbilqə taxdığı bildirilən sürücülərin payı 2 faizdən aşağı olub.
Bu xəsarətlərin müalicəsi üçün xəstəxanalarda ciddi tibbi müdaxilələrə ehtiyac yaranıb. Yaralanan uşaqların 64,5 faizinə rentgen, kompüter tomoqrafiyası və ya ultrasəs müayinəsi kimi görüntüləmə prosedurlarından ən azı biri tətbiq edilib. Uşaqların 13,5 faizi xəstəxanaya yerləşdirilib, 7 faizinə isə cərrahi əməliyyat aparılıb.
Xəsarət alan uşaqların orta yaşı 12 olub və onların təxminən üçdə ikisi oğlanlardan ibarət olub.
Böyük Britaniyada şəxsi mülkiyyətdə olan elektrikli skuterlərdən şəxsi ərazidə istifadə üçün minimum yaş həddi müəyyən edilməyib. Kirayə elektrikli skuter istifadəçilərinin isə adətən ən azı 16 yaşı olmalı və sürücülük vəsiqəsi olmalıdır. Bununla belə, araşdırmada qeydə alınan hadisələrin 80 faizində şəxsi elektrikli skuterlərdən istifadə edildiyi müəyyənləşib.
Araşdırmanın diqqətçəkən nəticələrindən biri də xəsarət alan uşaqların 74 faizinin sosial və iqtisadi baxımdan ən əlverişsiz bölgələrdə yaşaması olub.
Tədqiqatçıların fikrincə, uşaqlar və yeniyetmələr həm yollarda yeni istifadəçilər olduqları, həm də daha çox riskə meyilli davrandıqları üçün onların özünə yönəlmiş yol hərəkəti təhlükəsizliyi kampaniyalarının hazırlanmasına ehtiyac var.
Tədqiqatçılar elektrikli skuter istifadəçiləri üçün maarifləndirici kampaniyaların həyata keçirilməsini də təklif ediblər. Onların fikrincə, velosiped təhlükəsizliyi proqramlarının elektrikli skuter sürücülərinə uyğunlaşdırılması faydalı ola bilər və bu cür proqramların təhlükəsiz davranışların yaxşılaşdırılmasına müsbət təsir göstərdiyi artıq sübut olunub.