Yeni genişmiqyaslı araşdırmaya görə, pilləkənlə qalxmaq ürək-damar xəstəliklərindən ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, dünya üzrə böyüklərin dörddə birindən çoxu tövsiyə olunan fiziki aktivlik səviyyəsinə çatmır. Araşdırma göstərir ki, lift əvəzinə pilləkəndən istifadə etmək insanların düşündüyündən daha faydalı ola bilər.
East Anglia Universiteti və Norfolk və Norwich Universiteti Xəstəxanasının tədqiqatçıları müəyyən ediblər ki, müntəzəm olaraq pilləkənlə qalxan insanların ürək-damar xəstəliklərindən ölüm ehtimalı pilləkəndən daha az istifadə edənlərlə müqayisədə 39 faiz, hər hansı səbəbdən ölüm riski isə 24 faiz daha aşağıdır.
Bundan əlavə, pilləkənlə müntəzəm qalxanlarda infarkt, insult və ürək çatışmazlığı kimi ciddi ürək-damar xəstəliklərinə tutulma riskinin də daha aşağı olduğu müəyyən edilib.
East Anglia Universitetinin Norwich Tibb Məktəbindən Vassilios Vassiliou bildirib ki, pilləkənlə qalxmaq gündəlik həyata fiziki aktivlik əlavə etməyin praktik və çox vaxt diqqətdən kənarda qalan üsullarından biridir.
Tədqiqatçılar 35-84 yaş arasında olan 480 mindən çox insanın məlumatlarını təhlil ediblər. Araşdırma median 14 illik müşahidə müddətinə malik doqquz yüksək keyfiyyətli tədqiqatın nəticələri əsasında aparılıb.
East Anglia Universitetinin Norwich Tibb Məktəbindən Sophie Paddock isə qeyd edib ki, pilləkənlə qalxmaq idman zalına getmək və ya xüsusi məşq etməkdən fərqli olaraq, gün ərzində evdə, işdə və ya küçədə asanlıqla həyata keçirilə bilər.
Onun sözlərinə görə, bu, idmana kifayət qədər vaxt ayıra bilməyən və ya məşq imkanlarına asanlıqla çıxışı olmayan insanlar üçün yaxşı seçimdir.
Mütəxəssislərin fikrincə, lift və pilləkən arasında seçim etmək imkanı olduqda, ürək sağlamlığı üçün pilləkənə üstünlük vermək daha faydalı ola bilər.