Hər şey zəhərdir və hər şey dərmandır. Yalnız doza dərmanı zəhərə, zəhəri isə dərmana çevirir. Parasels

17 Avqust 2026 17:20 (UTC+04:00)

2026-cı ilin fevralında kriminal zəhərlənmələr tarixinə əvvəlcədən təsəvvür edilməsi çətin olan yeni bir səhifə əlavə olundu. Böyük Britaniya, Fransa, Almaniya, İsveç və Niderland eyni vaxtda bəyan etdilər ki, Aleksey Navalnının bioloji nümunələrində epibatidin aşkar olunub. Bu, Cənubi Amerikada yaşayan zəhərli ağac qurbağalarının ifraz etdiyi son dərəcə toksik alkaloiddir. Navalnının özü isə iki il əvvəl, 16 fevral 2024-cü ildə, Qütb dairəsinin o tayındakı koloniyada vəfat etmişdi. Beş dövlət zəhərlənməni ölümün ən ehtimal olunan səbəbi hesab etdi.

Bu hekayənin daha əvvələ gedib çıxan bir başlanğıcı var. 2020-ci ilin avqustunda Tomsk–Moskva reysi ilə uçan təyyarədə Navalnının halı qəfil pisləşmişdi. Uçuşdan az əvvəl o, hava limanında çay içmişdi. Təyyarə təcili Omska endirildi, siyasətçi reanimasiya şöbəsinə yerləşdirildi, iki gün sonra isə Berlinin Charité klinikasına aparıldı. Almaniya, Fransa və İsveç laboratoriyaları kimyəvi silahlar sinfinə aid “Noviçok” maddəsinə struktur baxımından yaxın olan xolinesteraza inhibitorunun təsir izlərini aşkar etdilər.
Mənzərə olduqca qaranlıqdır. Aralarında az qala dörd il fərq olan iki sui-qəsd. Bir-birindən tamamilə fərqli iki toksik agent. Eyni qurban. Hələ yaxın keçmişə qədər belə bir süjet hətta casus romanı üçün də həddən artıq şişirdilmiş görünərdi.
Zəhərlə qətl ideyasının özündə isə yeni heç nə yoxdur. Minilliklər boyu zəhər qatil üçün məhz səssizliyinə görə cəlbedici olub. Atəş səsi yoxdur. Bıçaq yarası yoxdur. Çox vaxt ortada aşkar cinayət izi də olmur. Ölüm infarktı, insultu, bağırsaq infeksiyasını və ya daxili orqanların qəfil çatışmazlığını xatırladır. Həkim və ya müstəntiq ilk saatlarda intoksikasiya ehtimalını düşünməyibsə, laborator diaqnostika üçün ən qiymətli vaxt artıq itirilmiş olur.
Elə buna görə də kriminal zəhərlənmələrin tarixi təkcə cinayətlərin tarixi deyil. Gizli qətlin hər yeni üsulu gec-tez tibb və kriminalistikanı onu sübut etməyin yeni yolunu axtarmağa məcbur edib.
Qədim dövrlərdə hər şey daha sadə idi. Roma müəllifləri zəhərləyici qadın Lokusta haqqında yazırdılar; onun adını Klavdi və Neron dövrünün saray ölümləri ilə, o cümlədən imperator Klavdinin 54-cü ildə zəhərli göbələk yeməyindən sonrakı ölümü ilə əlaqələndirirdilər.
Orta əsrlərdə uzun müddət gizli qətlin başlıca vasitəsi mərgümüş, yəni arsen olmuşdur. O, ucuz və əlçatan idi, təsirini isə mədə-bağırsaq sisteminin ağır xəstəliyi ilə asanlıqla səhv salmaq mümkün idi. Əsrlər boyu arseni etibarlı şəkildə aşkar edən üsul yox idi. Avropada ona hətta “miras tozu” adı da vermişdilər.
Amma gözəl səslənən hər tarixi hekayə sübut olunmuş zəhərlənmə demək deyil.
Klassik nümunə Qriqori Rasputindir. Məşhur versiyaya görə, 1916-cı ilin dekabrında ona sianid qatılmış pirojna və şərab veriblər, zəhər təsir etməyib və Rasputini güllələməli, sonra isə çaydakı buz dəliyinə atmalı olublar. Onilliklər boyu bu hadisə zəhərə qarşı az qala fövqəltəbii dözümlülük nümunəsi kimi göstərilib. Hətta izahlar da irəli sürülürdü: şirin xəmirdəki sianid qismən daha az zəhərli olan sianhidrinlərə keçə bilərdi. Lakin mənbələrin araşdırılması daha adi bir mənzərəni üzə çıxardı. Təfərrüatların böyük hissəsi qətldə iştirak edənlərin xatirələrindən götürülmüşdü və meyitin müayinəsi zamanı əldə olunan məlumatlarla qətiyyən uzlaşmırdı.
XX əsrdə isə zəhər ayrı-ayrı cinayətkarların aləti olmaqdan çıxdı və xüsusi xidmətlərin arsenalına daxil oldu.
1921-ci ildən VÇK və OQPU strukturunda “xüsusi kabinet” adlanan bölmə fəaliyyət göstərirdi. Sonralar o, “X laboratoriyası” kimi tanındı. 1937-1951-ci illərdə laboratoriyaya professor Qriqori Mayranovski rəhbərlik edib. Onun bioqrafiyasında Bakı ilə bağlı bir səhifə də var: Batumidə doğulan Mayranovski Tiflisdə başladığı təhsilini Bakı Universitetində davam etdirib və yalnız bundan sonra Moskvaya köçüb. Laboratoriyanın qarşısında duran vəzifə çox aydın idi: təsiri təbii ölüm və ya adi xəstəlik kimi görünən zəhərlər tələb olunurdu. İlk qurbanlardan biri kimi 1928-ci ildə Brüsseldə qəfildən vəfat edən general Vrangelin adı çəkilir. Rəsmi diaqnoz vərəm idi. Yaxınları isə ömürlərinin sonuna qədər onun zəhərləndiyini deyirdilər.
Bəzən həqiqət tərəf dəyişib Qərbə qaçan agentlərin sayəsində üzə çıxırdı. Lev Rebet 1957-ci ilin oktyabrında Münhendə öldü və hər şey infarkt təsiri bağışlayırdı. İki il sonra Stepan Bandera da elə həmin şəhərdə, eyni dərəcədə qəfil həyatını itirdi. Yalnız 1961-ci ildə KQB əməkdaşı Boqdan Staşinski Qərbə qaçdı və qurbanın üzünə sianid birləşməsi püskürdən xüsusi qurğudan istifadə etdiyini etiraf etdi. Onun ifadələri AFR-də keçirilən məhkəmə prosesinin əsasını təşkil etdi.
Elə həmin 1957-ci ildə Frankfurtda, “Posev” nəşriyyatının konfransında sovet tərəfini tərk etmiş Nikolay Xoxlov zəhərləndi. Onun qəhvəsinə radioaktiv tallium qatılmışdı. Güman edirdilər ki, klinik mənzərə ağır qan xəstəliyini xatırladacaq və heç kim heç nəyi sübut edə bilməyəcək. Xoxlovu amerikalı həkimlər xilas etdilər. Saçları töküldü, bədəni tünd ləkələrlə örtüldü və həftələrlə xəstəxanada qaldı. Taleyin ironiyası ondadır ki, o özü də peşəkar likvidator idi. 1954-cü ildə Xoxlova NTS rəhbərlərindən Georgi Okoloviçi öldürmək tapşırılmışdı, o isə bunun əvəzinə gələcək qurbanının evinə gedib hər şeyi etiraf etmişdi.
Bu silsilənin ən məşhur hadisəsi bolqar yazıçısı Georgi Markovun 1978-ci ilin sentyabrında Londonda ölümüdür. Avtobus dayanacağında o, ayağında qəfil kəskin sancı hiss etdi və yanında çətir tutan bir adam gördü. Tez-tez yazıldığı kimi bir neçə saat sonra deyil, dörd gün sonra öldü. Toxumalar müayinə edilərkən kiçik metal kapsul tapıldı; hadisənin baş vermə şəraiti isə kapsulu hüceyrədə zülal sintezini bloklayan bitki mənşəli toksin – risinlə əlaqələndirirdi. Digər bolqar mühaciri Vladimir Kostovun bəxti daha çox gətirdi. Paris metrosunda o da oxşar sancı hiss etdi, amma kapsul vaxtında çıxarıldı və kapsulun dəliyini bağlayan mum əriməyə macal tapmadı. Bu əhvalat o qədər təsirli idi ki, kütləvi mədəniyyətə də yol tapdı və fransız komediyası “Çətirlə sancma” filminin adına çevrildi.
Buna bənzər zəhərlənmə cəhdləri az olmayıb və onların heç də hamısı məqsədinə çatmayıb. 1970-ci illərdə Aleksandr Soljenitsinə güclü təsirli maddə yeridilmişdi: əməliyyat Novoçerkasskda mağaza növbəsində aparılmış, zəhərin bütün dozasını vurmaq mümkün olmamışdı. Yazıçı bir neçə gün ölümlə həyat arasında qalsa da, sonda sağ qaldı. Əməliyyatda iştirak etmiş keçmiş agent yalnız 1990-cı illərdə, SSRİ dağılandan sonra etdiyi əməli açıq şəkildə etiraf etdi. İkili agent Boris Korjak əvvəlcə sancını ağcaqanad dişləməsi saymışdı. Qanaxma və aritmiya başlayanda isə özünü həkimə çatdıra bilmiş və həkim yaradan risinli mikrokapsulu çıxarmışdı. Vladimir Voynoviçin “Metropol” mehmanxanasındakı nömrəsində siqaretləri psixotrop maddə hopdurulmuş başqa bir qutu ilə əvəz etmişdilər. 1979-cu ilin dekabrında Hafizulla Əminin iqamətgahındakı aşpaz Əfqanıstan liderinin yeməyinə zəhər qatdı. Planın mahiyyətindən xəbərsiz olan sovet səfirliyinin KQB həkimləri onu xilas etdilər. Amma bunun xeyri olmadı: az sonra Əmin elə sovet xüsusi təyinatlıları tərəfindən güllələndi.
SSRİ dağıldıqdan sonra dəst-xətt dəyişdi, janr isə qaldı.
1995-ci il avqustun 1-də bankir İvan Kivelidinin Moskvadakı kabinetində halı qəfil pisləşdi. İki gün sonra katibəsi Zara İsmayılova, daha bir gün sonra isə onun özü də huşa gəlmədən öldü. İstintaq müəyyən etdi ki, telefon dəstəyinin membranına bir damcı fosfor-üzvi maddə çəkilibmiş. Maddə o qədər toksik idi ki, sonradan telefona toxunanlar da zərər gördülər. 2018-ci ildə, Solsberidəki zəhərlənmədən sonra rusiyalı jurnalistlər həmin maddənin “Noviçok”la eyni ailəyə aid olduğunu yazdılar. Dairə qapanmışdı.
Sankt-Peterburqlu başqa bir sahibkar, Roman Tsepov 2004-cü ildə öldü. Bir neçə gün ərzində bədəni yaralarla örtüldü, damarları ən yüngül toxunuşdan belə partlayırdı. Əvvəlcə ölümcül kolxisin dozasından şübhələndilər. Sonra radioaktiv maddə versiyası ortaya çıxdı: bədəndən gələn şüalanma normanı dəfələrlə aşırdı.
Kriminal zəhərlənmələrin qurbanları arasında jurnalistlər xüsusi yer tutur. 2003-cü ildə Yuri Şekoçixin naməlum maddə ilə intoksikasiyadan qəfil öldü. 2004-cü ilin sentyabrında Anna Politkovskaya Beslana uçan təyyarədə çay içdikdən sonra huşunu itirdi. Həmin hadisədə onu xilas etdilər, iki il sonra isə yaşadığı binanın girişində güllələdilər. Vladimir Kara-Murza iki dəfə – 2015 və 2017-ci illərdə – ağciyər, ürək, böyrək və qaraciyər çatışmazlığı ilə reanimasiyaya düşdü. Bellingcat və The Insider araşdırmaçılarının məlumatına görə, hər iki hadisədə sonradan Navalnı işində də adı keçən həmin FSB qrupunun əməkdaşları iştirak ediblər.
2018-ci ilin payızında siyasi fəal Pyotr Verzilov Moskva xəstəxanalarından birinə yerləşdirildi. Diaqnoz laborator analizlə deyil, klinik mənzərə əsasında qoyuldu: genişlənmiş bəbəklər, quru və isti dəri, şüur qarışıqlığı, taxikardiya. Zəhərlənmə zamanı rast gəlinən klassik antixolinergik sindrom.
Zəhərlər “terrorla müharibə”də də istifadə olunub. 2002-ci ildə səhra komandiri Xəttab bu yolla aradan götürüldü: geniş yayılmış versiyaya görə, kuryer ona nəm dəri ilə təmasda təsir göstərən toksin hopdurulmuş məktub çatdırmışdı. Elə həmin ilin oktyabrında Dubrovkadakı teatr mərkəzinin azad edilməsi də bu tip xüsusi əməliyyatlara aid edilir. Zala karfentanil törəməsi əsasında aerozol buraxıldı. O, həm terrorçuları, həm də səkkiz yüzə yaxın girovu huşsuz vəziyyətə saldı. Lakin qapalı məkanda konsentrasiya düzgün hesablanmamışdı, tibbi xidmət isə kütləvi təxliyəyə hazır deyildi. Yüz otuzdan çox insan zəhərli qazın təsirindən bir daha ayılmadı.
2006-cı ilin noyabrında London əvvəllər rast gəlmədiyi bir qətl üsulu ilə üzləşdi. Aleksandr Litvinenko Millennium otelindəki görüşdən sonra qəfil xəstələndi və üç həftə sonra öldü. Səbəb polonium-210 idi. Britaniyada keçirilən açıq istintaq izotopun çaya qatıldığını müəyyən etdi və icraçılar kimi rusiyalı Andrey Luqovoyla Dmitri Kovtunun adını çəkdi. İstintaq əməliyyatın böyük ehtimalla Rusiya FSB-si xətti ilə həyata keçirildiyi və ölkənin ali rəhbərliyi səviyyəsində təsdiqləndiyi qənaətinə gəldi.
Tibbi baxımdan Litvinenko işi iki cəhətdən qeyri-adi idi. Adi klinik məntiq burada demək olar ki, işləmirdi: toksik radioaktiv izotop tam başqa diaqnostik yanaşma və müalicə üsulları tələb edirdi. Əvəzində Londonun müxtəlif yerlərində qalan polonium izləri hadisə iştirakçılarının hərəkətini sanki görünməz cığır boyunca bərpa etməyə imkan verdi. Hər şeyi gizlətməli olan zəhər cinayətin marşrutunu özü üzə çıxardı.
Ancaq bütün bunların bir ölkənin monopoliyası olduğunu düşünmək olmaz. 2000-ci ildə CIA-nın Fidel Kastro ilə bağlı planlarını əks etdirən sənəd məxfilikdən çıxarıldı. Kuba liderinin məşhur saqqalının tökülməsi və bununla da xarizmasının tanınan bir hissəsini itirməsi üçün ayaqqabılarına tallium duzları səpmək təklif olunurdu. Kastronun tez-tez çıxış etdiyi radiostudiyada LSD püskürtmək ideyası da müzakirə edilmişdi: preparatın təsiri altında o, canlı efirdə cəfəngiyat danışmalı idi. Talliumun adı daha sonralar üzə çıxan Nelson Mandelanın aradan götürülməsi planlarında da keçir.
Yeri gəlmişkən, talliumu məşhurlaşdıran kəşfiyyat deyil, Aqata Kristi oldu. Onun “Ağ at” villası” romanında talliumla zəhərlənmə intriqanın əsasını təşkil edir. Sonralar yazıçını dəfələrlə cinayətkarlara hazır resept verməkdə qınamışdılar. Kristinin bu sahədəki biliyi yalnız kitablardan gəlmirdi: müharibə illərində o, hospital aptekində işləyib.
Dərc olunmuş məlumatlara görə, Britaniya və ABŞ xüsusi xidmətləri 1990-cı illərdə bir neçə dəfə Səddam Hüseynin sevdiyi siqarlara zəhər qatmağa cəhd ediblər, lakin icraçılar hər dəfə həbs olunublar. 1997-ci ilin sentyabrında Ammanda İsrail kəşfiyyatının agentləri HƏMAS lideri Xalid Məşəlin qulağına fentanilə bənzər maddə püskürtdülər. Agentlər hadisə yerində saxlanıldılar və İordaniya kralının təzyiqi ilə İsrail Məşəlin həyatını xilas edən antidotu təhvil verdi. 2010-cu ilin yanvarında Dubaydakı oteldə həmin hərəkatın hərbi qanadının rəhbərlərindən Mahmud əl-Məbhuh öldürüldü. Qərb ölkələrinin pasportlarından istifadə edən zəhərləyicilər dəstəsi özlərini turist kimi göstərirdi. Lazım olan anda otağa daxil oldular, miorelaksant inyeksiyası ilə qurbanın tənəffüsünü iflic etdilər və onu yastıqla boğdular.
2004-cü ildə, Ukraynada prezident seçkisi kampaniyasının qızğın çağında Viktor Yuşşenko ağır xəstələndi. Onun eybəcərləşmiş üzünün fotoları həmin siyasi dövrün ən yaddaqalan görüntülərindən birinə çevrildi. Sonrakı laborator tədqiqatlar onun çox yüksək səviyyədə 2,3,7,8-tetraxlorodibenzo-p-dioksin, yəni TCDD təsirinə məruz qalmasını təsdiqlədi. Görünür, hesab ölümə deyil, sifəti eybəcərləşmiş namizədin seçicilərin, ilk növbədə qadınların bir hissəsinin rəğbətini itirməsinə yönəlmişdi.
Bir il sonra Tbilisidə Gürcüstanın baş naziri Zurab Jvania ölü tapıldı. Hər şey nasaz sobadan sızan dəm qazı ilə zəhərlənməyə bənzəyirdi və əvvəlcə heç kim qəsd ehtimalını düşünmədi. Sonralar baş nazirə dəmir-pentakarbonil verildiyi barədə versiya ortaya çıxdı. Bu maddə ilə zəhərlənmənin klinik mənzərəsi karbon-monoksidin təsirindən demək olar ki, fərqlənmir.
2017-ci ilin fevralında Kuala-Lumpur hava limanında KXDR liderinin ata bir, ana ayrı böyük qardaşı Kim Çen Nam öldürüldü. Televiziya üçün zarafat çəkilişində iştirak etdiklərini düşünən iki qadına reysini gözləyən kişinin üzünə əlləri ilə toxunmaq tapşırılmışdı. Hər birinin ovcuna çəkilən komponentlər ayrı-ayrılıqda zərərsiz idi, lakin qurbanın dərisində birləşəndə son dərəcə güclü VX toksini əmələ gətirirdi. Malayziya mütəxəssisləri həlak olan şəxsin üzündə və göz ətrafında bu hərbi sinir-iflicedici maddənin izlərini aşkar etdilər. Burada insanı heyrətləndirən təkcə adamların sıx olduğu terminalda hücuma cəsarət edilməsi deyil. Aydın oldu ki, kütləvi qırğın silahı kimi yaradılmış maddə heç nədən şübhələnməyən insanların arasında ayrıca bir şəxsin qətli üçün də yararlıdır.
Bir il sonra Avropa yenidən sinir-iflicedici maddə ilə üzləşdi. 2018-ci ilin martında Solsberidə Sergey Skripal və qızı Yuliya huşsuz vəziyyətdə tapıldılar: “Noviçok” ailəsinə aid A-234 maddəsi onların evinin qapı dəstəyinə çəkilmişdi. Zəhərlənmə hadisəsindən sonra həmin evdə əməliyyat tədbirləri həyata keçirən polis əməkdaşı da reanimasiyaya düşdü. Xoşbəxtlikdən, onların hamısı sağ qaldı. Amma hadisə bununla bitmədi. Bir müddət sonra qonşu Eymsberi şəhərinin sakini Don Stercess parkda xeyriyyə ianələri üçün qoyulmuş qutudan Nina Ricci ətirinə bənzəyən flakon götürdü, ətiri biləyinə püskürtdü və öldü. 2025-ci ilin dekabrında dərc edilmiş müstəqil Britaniya istintaqının yekun hesabatı Solsberidəki əməliyyata görə məsuliyyəti Rusiyanın Baş Kəşfiyyat İdarəsinin üzərinə qoydu və Stercessin ölümünü eyni toksik maddə mənbəyi ilə əlaqələndirdi.
Toksik silahın ən qorxulu xüsusiyyətlərindən biri odur ki, o, öz hədəfinə çatdıqdan sonra da “yaşaya” bilir. Güllənin yolu konkret bir nöqtədə bitir. Güclü təsirli kimyəvi birləşmə isə əşyanın üzərində, otaqda və ya torpaqda qala, həftələr sonra təsadüfi bir insanı qurbana çevirə bilər.
Yeri gəlmişkən, Solsberi bu qəbildən ilk hadisə deyildi. Hələ 2015-ci ildə bolqar silah taciri Emelyan Gebrev oxşar əlamətlərlə xəstəxanaya düşmüşdü: gözlərdə kəskin göynəmə, qəfil zəiflik, huşun itməsi, koma. Onun oğlu və əməkdaşlarından biri də özünü pis hiss etmişdi. Həkimlər zəhərlənməni təsdiqləsələr də, maddəni müəyyənləşdirə bilmədilər. Solsberi hadisəsindən sonra bu işə yenidən qayıdıldı və söhbətin eyni sinfə aid birləşmədən getdiyi qənaətinə gəlindi.
2020-ci ilin dekabrında araşdırmaçılar FSB əməkdaşlarından ibarət müşayiət qrupu barədə materiallar dərc etdilər. Elə həmin vaxt Navalnının özünü Təhlükəsizlik Şurası katibinin köməkçisi kimi təqdim edərək həmsöhbətlərindən birindən əməliyyatın təfərrüatlarını öyrəndiyi telefon danışığı da ortaya çıxdı: Həmin versiyaya görə, zəhər alt paltarının daxili tikişlərinə çəkilmişdi. 2021-ci ilin yanvarında siyasətçi Rusiyaya qayıtdı və elə hava limanındaca saxlanıldı. Sonra üç il koloniyalarda keçdi, 16 fevral 2024-cü ildə isə Rusiya Federal Penitensiar Xidməti bildirdi ki, məhbus gəzintidən sonra özünü pis hiss edib və vəfat edib. 2025-ci ilin sentyabrında Navalnının dul həyat yoldaşı bildirdi ki, tərəfdarları bioloji material nümunələri əldə edib xaricə göndərə biliblər və iki laboratoriya zəhərlənmə faktını təsdiqləyib, amma maddənin adını açıqlamaqdan imtina edib. Beş ay sonra ad da səsləndi: epibatidin. Beş Avropa hökuməti nümunələrdə epibatidinin mövcudluğunun analizlərlə təsdiqləndiyini və zəhərlənmənin ölümün ən ehtimal olunan səbəbi olduğunu bəyan etdi.
Epibatidin “Noviçok”dan tamamilə fərqli təsir göstərir. O, nikotin asetilxolin reseptorları ilə qarşılıqlı əlaqəyə girərək sinir sisteminin ağır pozğunluğuna səbəb ola bilər: keyimə, qıcolmalar, ürək-damar tənzimlənməsinin pozulması, tənəffüsün dayanması. Kimyaçılar bu maddəni çoxdan tanıyırlar. Amerikalı tədqiqatçı Con Deyli onu hələ 1974-cü ildə Ekvadorun zəhərli ağac qurbağasının dərisindən ayırmışdı. “Qurbağa zəhəri” ifadəsi təsirli səslənsə də, qətl üçün mütləq ekzotik amfibiyanın dərisindən zəhərli ifrazat əldə etmək lazım deyil. Epibatidini çoxdan sintetik yolla almaq mümkündür. Üstəlik, 2013-cü ildə bir qrup rusiyalı müəllif onun effektiv sintez üsulu barədə məqalə dərc edərək maddəni asılılıq yaratmayan qeyri-opioid analgetik kimi təqdim etmişdi. Beş müəllifdən üçü 1970-ci illərdə “Noviçok” seriyasının hazırlandığı QosNİİOXT institutunun əməkdaşları idi.
Elə hadisələr də var ki, mümkün zəhərlənmə barədə şübhələr olsa da, laborator sübut heç vaxt ortaya çıxmayıb. 2022 və 2023-cü illərdə xaricdə olan jurnalist Yelena Kostyuçenko və ictimai xadim Natalya Arno mümkün toksik təsirin əlamətləri barədə məlumat vermişdilər. Almaniyada Kostyuçenko işi üzrə sui-qəsd versiyası araşdırılırdı, lakin konkret toksinin adı ictimaiyyətə açıqlanmadı. 2016-cı ilin fevralında, dövlət səviyyəsində dopinqə dəstək barədə hesabat dərc edildikdən dərhal sonra Rusiya antidopinq agentliyinin iki rəhbərinin cəmi on gün fərqlə ölməsi də bu sırada xatırlanır. Yazıçı Dmitri Bıkovun 2019-cu ildə təyyarədə huşunu itirməsi də həmin silsilənin epizodlarından biridir. Amma bu hadisələrin heç biri məhkəmə müstəvisində davamını tapmadı.
Kriminal zəhərlənmələrin diaqnostikasında əsas çətinlik ondadır ki, ürəkbulanma, qusma, şüur qarışıqlığı, qıcolmalar, aritmiya, tənəffüs çatışmazlığı və daxili orqanların zədələnməsi onlarla müxtəlif xəstəlikdə də rast gəlinir. Bu əlamətlərin heç biri özü-özlüyündə kimyəvi intoksikasiyanı sübut etmir. Bununla belə, mən zəhəri ideal qətl aləti adlandırmazdım. Bəli, zəhər cinayətkara hadisəni xəstəlik kimi göstərmək və vaxt qazanmaq imkanı verir. Amma demək olar ki, hər bir toksik maddə orqanizmdə, əşyaların üzərində, ətraf mühitdə və ya laborator nümunələrdə iz buraxır. Məsələ yalnız bu izin vaxtında aşkar edilib düzgün müəyyənləşdirilməsidir.
Arsendən və risindən poloniuma və epibatidinə qədər zəhərlər, texnologiyalar və siyasi dövrlər dəyişib. Dəyişməyən bir şey var: qətli təbii ölümə bənzətmək istəyi. Bu uzun tarixin əsas dərsi isə, yəqin ki, sadədir. Ağır vəziyyət və ya qəfil ölüm adi klinik mənzərəyə uyğun gəlmirsə, zəhərlənmə ehtimalı yada düşən son variant olmamalıdır.

Azərbaycan Toksikoloqlar Dərnəyinin sədri
dosent İsmayıl Əfəndiyev