Xaricdən gətirilən dondurulmuş ətlər nə dərəcədə təhlükəsizdir? - MÜTƏXƏSSİS AÇIQLADI

17 Avqust 2026 16:54 (UTC+04:00)

“Dondurulmuş ətlər, xüsusilə də başqa ölkələrdən gətirilən ətlər qiymətinə görə hər zaman daha çox alınsa da, keyfiyyəti və təhlükəsizliyi baxımından riskli məhsullar sırasındadır. Çünki nəzərə almaq lazımdır ki, ət zülal mənşəli qidadır və tez xarab olmağa meyillidir”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, ətin başqa ölkədən gətirilməsi zamanı, əgər dondurulmasında, soyuq qida zəncirində, hər hansı temperatur və ya saxlama rejimində dəyişiklik olarsa, bu zaman ətin tərkibində olan müəyyən bakteriyalar, o cümlədən salmonella və digər bakteriyalar sürətlə çoxala bilər:

“Bu da həmin ətdən istifadə edən insanlarda sağlamlıq problemlərinə səbəb ola bilər. Və yaxud uzun müddət dondurulmuş məhsulların donu temperatur rejiminin dəyişməsi nəticəsində açılır və yenidən dondurulursa, bu ət də zəhərlənməyə və ya həzm sisteminin pozulmasına gətirib çıxara bilər.

Bu kimi ətlər daha çox kütləvi heyvandarlıqla məşğul olan ölkələrdə istehsal olunur. Orada heyvan kəsiminin çox olması səbəbindən maya dəyəri aşağı düşür və digər ölkələrə daha ucuz qiymətlə satılır. Əsasən, dondurulmuş ətlər kolbasa, sosiska və digər ət məhsullarının istehsalı üçün nəzərdə tutulur. Bu ətlərin uzun müddət saxlanması və daşınması üçün mənfi 18 dərəcəyə qədər və ya daha aşağı temperatur tələb olunur ki, bu da məhsulun uzun müddət qorunmasına kömək edir.

Bir çox hallarda belə ətlər yaşı ötmüş və ya artıq süd verməyən heyvanlardan, yaxud da vaxtı keçmiş məhsullardan əldə olunur. Belə ətlərin rəngi, dadı, görünüşü və keyfiyyəti təzə ətlə müqayisədə aşağı olduğuna görə qiyməti də daha ucuz olur.

Bu məqamlara da diqqət etmək lazımdır. Eyni zamanda, uzun müddət xarab olmaması üçün bəzən konservantlar, qoruyucu kimyəvi maddələr və qatqılar əlavə edilir ki, bu da uzun müddət istifadə edildikdə allergiyaya və bir sıra həzm sistemi problemlərinə gətirib çıxara bilər. Eyni zamanda, belə ətlər təbii və təzə ətlə müqayisədə vitamin, mineral və protein baxımından daha aşağı dəyərə malik ola bilər. Ona görə də orqanizm üçün təzə və keyfiyyətli ət qədər faydalı olmaya bilər.

Ona görə yaxşı olar ki, istifadə olunan və alınan ətin mənşəyi bəlli, etibarlı yerdən olması təmin edilsin. Xüsusilə heyvanın baytarlıq nəzarətindən keçib-keçməməsinə, saxlanılma şəraitinin sanitar-gigiyena qayda və normalarına uyğun olub-olmamasına, temperatur rejiminə və soyuq qida zəncirində hər hansı dəyişiklik baş verib-verməməsinə diqqət yetirilməlidir.

Evdə saxlanılarkən də bu qaydalara əməl olunmalı, ətin donu bir dəfə açıldıqdan sonra mümkün qədər tez istifadə edilməlidir”.